Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma

 

Layihə innovativ təqdimat üsullarının sərgi məkanına tətbiqini əks etdirir

 

 

 

Martın 29-da Azərbaycan Milli Xalça Muzeyində “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsinin təqdimat mərasimi keçirildi.

Videoinstalyasiya sənətşünas, beynəlxalq ekspert Cahangir Səlimxanovun “Mədəni üfüqlər” adlı müəllif proqramına daxil olan 6 layihədən biridir.

Cahangir Səlimxanov çıxış edərək bildirdi ki, layihə innovativ təqdimat üsullarının sərgi məkanına tətbiqini əks etdirir: “Pandemiya səbəbindən layihənin məşğələlərini iki ay ərzində onlayn keçirtdik. Daha sonra həftədə iki dəfə olmaqla iştirakçıların fikir və ideyalarını müzakirə etdik. İştirakçılara əvvəlcədən elan etmişdik ki, 6 layihə seçiləcək və onların üzərində daha iki ay işləyəcəyik. Martın 25-dən silsilə şəklində bu layihələrin təqdimatını keçiririk”.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova dedi ki, videoinstalyasiyada təqdim olunan Qarabağ xalçası nəfis şəkildə canlanıb. Musiqinin müşayiətində mistik bir videomaterial ərsəyə gəlib.

Direktor layihədə ilk olaraq Qarabağ xalçasının seçilməsinin təsadüfi olmadığını bildirdi: “Çünki XVIII əsrə aid Qarabağ xalçası muzeyin ən qiymətli eksponatlarından biridir. Xalça 15 ildən çox İtaliyada şəxsi kolleksiyada saxlanılıb. Bu xalçanı əldə etmək və ölkəmizə qaytarmaq üçün iki ildən artıq aparılıb. Nəhayət, bu nadir sənət əsəri azərbaycanlı xeyriyyəçinin dəstəyi ilə xarici kolleksiyadan əldə edilərək muzeyimizə bağışlanıb”.

Daha sonra çıxış edən layihənin kuratoru Könül Rəfiyeva layihənin Almaniya Xarici İşlər Nazirliyinin Mədəniyyət və Təhsil Təşkilatlarına Beynəlxalq Yardım Fondu, Höte İnstitutu və digər tərəfdaşların maliyyələşdirdiyi, rəssamlar, mədəniyyət və incəsənət xadimləri üçün nəzərdə tutulan “Mədəni üfüqlər” proqramı çərçivəsində həyata keçirildiyini diqqətə çatdırdı: “Bu layihə bizim üçün böyük əhəmiyyətə malikdir. Biz artıq bir ildən çoxdur ki, Cahangir Səlimxanovla birlikdə Azərbaycan muzeylərində innovativ yanaşma üzərində işləyirik. Düşünürəm ki, layihə bəyənilərsə, bu işlərin davamı olacaq”.

Sonda Xalça Muzeyinin dəyərli eksponatlarından olan XVIII əsrə aid unikal Qarabağ xalçasının videoinstalyasiyası nümayiş etdirildi. Qrafik-dizayner Timur Əmirxanovun vizuallaşdırdığı videoinstalyasiya tar ifaçısı İbrahim BabayevinvIBrant” adlı yeni albomuna daxil olanMuğam+” bəstəsi ilə müşayiət olunur.

 

Nurəddin Məmmədli

 

Mədəniyyət.- 2022.- 30 mart.- S.1;2.