Məclisi-fəramuşan

Yaxud unudulanlardan miras qalan unudulmayanlar

 

 

Muğam-sənət beşiyi Şuşada ədəbiyyatın inkişafında mühüm rol oynayan məşhur poetik məclislərdən Məclisi-üns haqqında məlumat vermişdik. Bu dəfə Məclisi-ünsdən səkkiz il sonra yaradılan Məclisi-fəramuşan (Unudulmuşlar məclisi) barədə söz açacağıq.

Bu ədəbi məclis birinci yaradıcılıq birliyi formalaşarkən unudulmuş, yaxud diqqətdən kənarda qalmış söz adamları tərəfindən təşkil olunub. Məclisi-fəramuşan həm Məclisi-xamuşan (Dinməz, sakit adamlar məclisi) adı ilə tanınıb. 1872-ci ildə Abdulla bəy Asi, Mirzə Əbülhəsən Şəhid, Mirzə Əbdül Şahin, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği başqaları Mir Möhsün Nəvvabın rəhbərliyi altında bu ədəbi məclisdə bir araya gəliblər.

Mənbələrdə başqa məclislər kimi Məclisi-fəramuşanın da üzvlərinin adları da tam əhatə olunmayıb. Onların adı daha çox Şuşa şairlərinin şeirlərindən, digər şəhərlərdəki şairlərlə məktublaşmalardan müəyyən edilib. Məsələn, M.M.Nəvvabın farsca Divanında Məşədi Cəfərqulu Kərbəlayı İbrahim oğlunun, Tarixi-Qarabağın müəllifi Mirzə Camalın oğlu Mehdi bəy Hacı Məşədi Əli oğlunun Məclisi-fəramuşanın üzvü olduğunu bildirib. O, bu Divanda həmin şəxslərin vəfatını da qeyd edib. Nəvvab şeirlərində Əbülbərəkat deyə adını çəkdiyi Məşədi Cəfərqulu Kərbalayı İbrahim oğlunun 1896, Mehdi bəy Mirzə Camal oğlunun 1887 Hacı Əmir Məşədi Əli oğlunun 1887-ci ildə vəfat etdiklərini nəzmlə diqqətə çatdırıb.

Araşdırmalarda Məclisi-fəramuşanın iştirakçıları arasında yuxarıda adları çəkilən söz-sənət adamları ilə yanaşı, Məşədi Əyyub Baki, Abdulla bəy Abış, Baxış bəy Səbur, Bəhram bəy Fədai, Mirzə Muxtar, Məşədi Məhəmməd Bülbül, Molla Xəlil Şaki, Mirzə Məhəmməd Katib, Həsən Qara Hadi, Xarrat Qulu Yusifi, Mirzə Hüseyn Salar, Mirzə İsmayıl Məhzun, Mirzə Əli Aşiq, İbrahim bəy Azər, Məşədi İsi, Hacı Hüsü, Sadıqcan başqalarının adı çəkilir.

Məclisi-fəramuşanın adı haqqında M.M.Nəvvab avtoqraf təzkirəsində yazıb: Fəramuşan şairlərin zəriflərin toplandığı Nəvvabın mənzilinin adıdır. Buradan belə qənaətə gəlmək olur ki, məclisin yığıncaqları Nəvvabın mənzilində keçirilib. Orada musiqiçi, xanəndə şairlərlə yanaşı, Şuşanın arif şəxsləri iştirak edib.

Mənbələrdə o da qeyd edilir ki, əvvəllər Məclisi-ünslə Məclisi-fəramuşan arasında müəyyən sərinlik olsa da, bu münasibət sonralar aradan qalxıb. Hətta məclis üzvləri bir-birinə qonaq gedib, yığıncaq müşairələrdə (şeirləşmə) iştirak ediblər. Məclisi-ünsün üzvlərindən Bəhram bəy Fədai, Mirzə Ələsgər Növrəs, Mirzə Cəfər Məclisi-fəramuşanın da yaxın iştirakçıları olublar. Nəvvab həmişə X.Natəvanın hal-əhvalını sorub. Hətta onun səsi-sədası gəlməyəndə xüsusi məktub yazıb səbəbini xəbər alıb. Başqa şəhərlərdən gələn məktublar, müzakirəyə ehtiyacı olan məsələlər hər iki məclisdə müzakirə edilib.

Məclisi-fəramuşanda şairlər müşairə zamanı deyilən qəzəli onun bəhr təqtisinə müvafiq olaraq oxuyar həmin ahənglə ayaqlarını yerə vurub ona uyğun səs çıxardıblar. Məclisdə şairlərlə yanaşı, musiqiçilər yaxından iştirak ediblər. Məşhur Qarabağ xanəndə tarzənlərindən Xarrat Qulu, Mirzə Sadıqcan, Hacı Hüsü, Məşədi İsi məclisin şöhrətinə şöhrət qatıblar.

Məclisi-fəramuşanın nəzdində M.M.Nəvvab Hacı Hüsünün rəhbərliyi altında Xanəndələr məclisi adlı bir musiqi məclisi fəaliyyət göstərib. Məşədi İsi, Keştazlı Haşım, Hacı Hüsü, İslam Abdullayev, Mirzə Muxtar, Malıbəyli Həmid və digər xanəndələr həmin məclisin üzvləri olub.

Başqa ədəbi məclislərdə olduğu kimi, Məclisi-fəramuşanın üzvləri də ancaq klassik üslubda-əruz vəznində yazmaqla məhdudlaşmayıb. Heca vəznində də gözəl şeirlər yaradıblar. Məclisi-ünsün üzvü olmasına baxmayaraq, Məclisi-fəramuşanla əlaqəsini kəsməyən M.Ə.Növrəslə M.M.Nəvvabın bir-birinə yazdıqları mənzum məktubların bir neçəsi heca vəznindədir.

Məclisi-fəramuşan şairlərinin əksəriyyəti M.M.Nəvvabın təsiri ilə yazıb. Odur ki, onların bir çoxunun şeirlərində ilahi, həm də dünyəvi eşqin tərənnümü kimi cəhətlər özünü göstərir. Bu şairlərdə həmçinin zəmanədən narazılıq, din xadimlərinin tənqidi kimi ictimai motivlərə də rast gəlinir. Ancaq bu, onların yaradıcılığı üçün o qədər də xarakterik olmayıb. Şairlər İslam ehkamlarını təhrif edən, dilində dua, qəlbində riya gəzdirən, din pərdəsi altında hər cür əməldən çıxan ruhaniləri tənqid edirdilər.

1910-cu ilədək fəaliyyət göstərən Məclisi-fəramuşan da Şuşanın ədəbi-mədəni həyatında mühüm rol oynayıb, ədəbi prosesin şaxələnməsinə öz töhfəsini verib.

 

Savalan

 

Mədəniyyət.- 2022.- 6 may.- S.6.