“İşığın ecazkar əksi”

 

Mayın 4-də Xətai Sənət Mərkəzində rəssam Nazim Şamxorovun “İşığın ecazkar əksi” adlı sərgisi açılıb. Sərgi Azərbaycan Rəssamlar İttifaqı və “Bakı” Rəsm Qalereyasının dəstəyi ilə təşkil edilib.

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, “Bakı” Rəsm Qalereyasının direktoru Eldəniz Babayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və müəllif Nazim Şamxorov çıxış ediblər. Diqqətə çatdırılıb ki, sərgidə 80-ə yaxın əsər nümayiş olunur. Rəssam əsərlərində Azərbaycanın füsunkar gözəlliklərini və milli memarlıq abidələrini ustalıqla təsvir edir.

 

Nazim Şamxorov 2001-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. 2006-cı ildən C.Cabbarlı adına Dövlət Teatr Muzeyində bərpaçı-rəssam işləyir. Əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Xətai Sənət Mərkəzində və başqa kolleksiyalarda saxlanılır.

 

Sərgi mayın 8-dək davam edəcək.

 

Mədəniyyət.- 2022.- 6 may.- S.2.