Gəncədə Əhməd Cavadın 130 illiyi qeyd olunub

 

 

Mayın 5-də Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Əhməd Cavadın (1892-1937) 130 illiyinə həsr olunmuş tədbir keçirilib.

Yubiley tədbirində şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, digər rəsmilər, mədəniyyət, elm, təhsil xadimləri, Əhməd Cavad nəslinin təmsilçiləri,  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir sözləri Əhməd Cavada, musiqisi dahi Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb.

Gəncə RMİ-nin rəisi Vasif Cənnətov çıxış edərək Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını diqqətə çatdırıb.

Əhməd Cavadın nəvəsi Süleyman Axundzadə, nəticəsi Cavad Axundzadə, kötücəsi Nərgiz Əhməd qızı, “Cavad xanTarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov istiqlal şairinin həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən danışıblar.

Yubiley tədbiri Gəncə Dövlət Filarmoniyası “Xəmsə” estrada ansamblının (bədii rəhbər Şəhriyar Tağıyev) musiqi proqramı ilə davam edib. Filarmoniyanın solisti, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova Əhməd Cavadın sözlərinə yazılmış “Çırpınırdın, Qara dəniz” mahnısını, solistlər İlham Vəlioğlu “Gəncədən gəlirəm”, Əli Məmmədov “Şükriyyə”, Pərvanə Rzayeva “Gəncəm hey”, Rüstəm Cəfərov “Can Azərbaycan” mahnılarını  ifa ediblər. Proqramda şəhər Uşaq incəsənət məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblı (bədii rəhbər Söhrab İbrahimov), filarmoniyanın “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı (baletmeyster Sənan Cavadov) da çıxış edib.

 

Mədəniyyət.- 2022.- 6 may.- S.4.