Musiqiçi soydaşımızın səkkiz il sonra Bakıda konserti

 

22-23 aprel tarixlərində mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı, qürbətdə yaşasa da, qəlbi Vətən eşqi ilə döyünən tanınmış soydaşlarımızı da bir araya gətirdi. Zəfər soraqlı qurultaya ABŞ-da yaşayıb-yaradan musiqiçipedaqoq, Texas ştatının Arlinqton şəhərindəki Birinci birləşmiş metodist kilsəsinin əsas orqan ifaçısı, Texas Universiteti Dallas filialının professoru Cəmilə Cavadova-Spitzberq də gəlmişdi. Cəmilə xanım Vətənə həm də konsert töhfəsi ilə təşrif buyurmuşdu.

Aprelin 28-də o, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında konsert proqramı ilə həmvətənlərinin könlünü oxşadı.

Konsertdən əvvəl fikirlərini bölüşən musiqiçi son bir neçə gündə həyatının ən həyəcanlı təcrübəsini yaşadığını dedi: “Prezident İlham Əliyevin sərəncamı ilə  Azərbaycan diasporunun inkişafında xidmətlərimə və ABŞ-la Azərbaycan arasında mədəni əlaqələrin qurulmasında əməyimə görə “Tərəqqi” medalı ilə təltif olundum. Mükafat mənə Dünya Azərbaycanlılarının 5-ci Qurultayında, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təqdim edildi. Məni çox duyğulandıran və qürurlandıran unudulmaz hadisənin əhəmiyyətini sözlərlə ifadə etmək çətindir. Hörmətli Prezidentimizə, Diasporla İş üzrə Dövlət Komitəsinə mənə göstərdikləri etimada görə təşəkkür edirəm”.

 

Cəmilə xanım Azərbaycan tamaşaçısı qarşısında çıxış etməkdən xoşbəxt olduğunu dedi: “Bakıda son konsertim 2014-cü ildə olmuşdu. Müəyyən səbəblərdən bu illər ərzində Bakıda konsert verə bilmədim. Azərbaycan auditoriyasının xoş əhval-ruhiyyəsi, ifaçılığımı sevgi ilə qarşılaması, əlbəttə ki, mənə böyük ruh yüksəkliyi verir. Bu mənim üçün böyük bir şərəfdir. Konsertin proqramını məqsədyönlü şəkildə seçmişdim. Azərbaycan auditoriyası Almaniyanın şimal hissəsinin bəstəkarlarını yaxşı tanısa da, cənub tərəfin bəstəkarlarını bir o qədər də tanımır. Bu məqsədlə repertuara az tanınan alman bəstəkarlarının əsərlərini daxil etdim. Əməkdar incəsənət xadimi Tahirə Yaqubovanın Qara Qarayevin fortepiano üçün yazdığı əsərlərin və eyni zamanda baletlərindən parçaların orqan aləti üçün işləmələrini hər zaman sevgi ilə ifa edirəm. Dünyada baş verən hadisələrlə əlaqədar “Şillerin siyahısı” filmindən musiqi bu gün çox səslənir. O səbəbdən də həmin əsəri konsertin proqramına salmışam. Kameraorqan musiqisi zalını çox sevirəm. Bir musiqiçi kimi püxtələşməyimdə orqan zalının böyük rolu olub. Həmçinin Bakı Musiqi Akademiyasının orqan zalını qeyd etmək istərdim. Müəllimim Tahirə xanımın ölkəmizdə orqan musiqisinin inkişafında böyük əməyi olub. Həm də bu il onun 80 illik yubileyidir. Çalışdım ki, onu sevindirim...”.

 

Konsert proqramında alman, Avstriya, Azərbaycan və Amerika bəstəkarlarının orqan üçün işləmələri səsləndi. Musiqiçinin ifası alqışlarla qarşılandı.

 

Qeyd edək ki, Cəmilə Cavadova-Spitzberq Vətən müharibəsində Qələbəyə həsr olunan layihənin də müəllifidir. Zəfərimizin şərəfinə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı incəsənət xadimlərinin yaratdığı “Qarabağ uğrunda” həmrəylik cəmiyyəti və şəxsən Cəmilə xanımın təşkilatçılığı ilə “Qarabağa sülh, sevgiümid” adlı qlobal xeyriyyə konserti keçirilib. Həmçinin dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə 2021-ci ildə ABŞ-da Milli MusiqiQlobal Mədəniyyət Cəmiyyətinin sədri Nərgiz Əliyarovanın təşəbbüsü ilə keçirilən beynəlxalq bəstəkarlıq müsabiqəsinin həmmüəllifidir. Layihənin məqsədi bəstəkarın əsərlərini plagiatdan qorumaq və Azərbaycan mədəniyyətini təbliğ etməkdir. Müsabiqədə Üzeyir bəyin əsərlərindən seçilmiş melodiyalar əsasında orijinal əsərin yazılması və mənbənin qeyd olunması əsas şərtlərdən biri idi.

 

Cəmilə xanım ABŞ, Hollandiya, Almaniya, Fransa, Danimarka və İngiltərədə konsert proqramları ilə çıxış edib. Azərbaycan və ABŞ arasında mədəni əlaqələri genişləndirmək məqsədilə 2017-ci ildə Azərbaycan-Amerika Musiqi Fondunu (AAMF) təsis edib, onlarla layihə həyata keçirib. Həmvətənimizə bu fəaliyyətində yeni uğurlar arzulayırıq.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 6 may.- S.5.