Kəlağayı: festivaldan qiyafəmizə

Uzun illərin vərdişidir: mayın 1-də çox adam evdə otura bilmir. İllah da ki, hava gözəl olanda. Budəfəki 1 may isə bir neçə səbəbdən əsl gəzmək, ünsiyyət məqamı idi.

 

Bakıda çox xoş, mülayim meh əsən əsl yaz havası var idi.

 

Həm bazar günü idi, həm Ramazan bayramının ərəfəsi.

 

Üstəlik, iki ildən bəri davam edən, açıq havada birtəhər dözüləsi, amma qapalı məkanda adamın nəfəsini tıncıxdıran tibbi maska taxmaq məcburiyyətinin aradan qaldırıldığı gün.

 

Bir ən vacibi. Əl işləri ilə məşğul olan həvəskarların, dekorativ-tətbiqi sənət nümunələri yaradan peşəkarların, Azərbaycanın əl işi ustaları qrupunun pandemiyadan sonra növbəti sərgisi bu günə təyin olunmuşdu. Deməli, yenə ən müxtəlif sahələrdə çalışan qabiliyyət sahibləri, ən sadədən ta lap mürəkkəbinədək əl əməyi, göz nuru olan əl işləri ilə növbəti tanışlıq baş tutacaqdı.

 

Baş tutdu da! Saat 12:00-da Passaje-1901 məkanında başlayan tədbirə ziyarətçilərin marağının böyük olduğuna şahidlik etdik. İkiillik fasilədən sonra bir araya gələn iştirakçıların da çox sevindiyi görünürdü. Qrupun sayca 36-cı sərgisi olsa da, bu sərgi əvvəlkilərdən fərqlənirdi. Çünki təşkilatçılar onu Kəlağayı festivalı kimi düşünmüşdülər...

 

Geniş salona daxil olanda kəlağıyılı qadınların çoxluğu diqqətimizi cəlb etdi. Əksəriyyəti xanımlar olan iştirakçılar bu milli baş örtüyümüzə bürünmüşdülər. Onu klassik tərzdə başına örtən kim, xüsusi dizaynla boynuna dolayıb, çiynindən sallayan kim. Şux rənglərin bolluğu, kəlağayı naxışlarının şahı olan buta (sonra öyrənəcəyik ki, buta ornamenti kəlağayıçılıqda elə şah adlanır) naxışı hər yerdə idi: əl işi olan toxunma oyuncaqlarda, bişirilmə sabunların formasında səthində, vitraj rəngləməli qablarda, milli geyim nümunələrində, muncuq, biser işləməli, polimer gildən düzəldilmiş bəzək əşyalarında, zərgərlik nümunələrində.

 

Qələbəliyin içində birtəhər əsas təşkilatçılardan Ella Bağırovanı tapırıq. Ondan sərgi-festival barədə məlumat alırıq:

 

Bakıda ilk dəfə yalnız kəlağayıya həsr edilmiş festival keçirilir. Bu dəfə iştirakçılarımızın sayı da çoxdur. Sevindirici haldır ki, bölgələrimizdən festivala çoxlu qoşulanlar var. Üstəlik, gənclərin dekorativ-tətbiqi sənət sahələrinə maraq göstərməsi, daha fərqli, daha kreativ əl işləri ilə sərgiyə qatılması bizi çox sevindirir. Deməli, sənətdə ardıcıllıq, nəsildən-nəslə ötürmə ənənəsi yaşayır.

 

Digər təşkilatçı Leyla Həsən söhbətə qoşulur:

 

İki il idi evə qapanmışdıq, belə sərgilərdə görüşmürdük. Düzdür, qrup üzvləri bekar dayanmırdılar, sosial şəbəkələrdə öz əl işlərini paylaşır, internet üzərindən çalışırdılar. Amma qədər olsa da, heç bir virtual münasibət canlı ünsiyyətin yerini vermir. Niyyət bacarığına görə birləşən insanların bir-birinin yaradıcılığına bələd olması, şəxsən tanıması, bir-birindən bəhrələnməsi böyük mənəvi sərvətdir.

 

Əgər ziyarət etdiyimiz satış-sərginin baş qəhrəmanı, əsas mövzusu kəlağayıdırsa, elə isə niyə onunla şəxsən tanış olmuruq? Leyla xanım kəlağayı bilicisi, bu sənətin dirçəlişində əməyi olan xanımla bizi salonun tən ortasındakı stend-vitrinə yönləndirir.

 

Basqaldakı Cahangir kəlağayı emalatxanasının yaradıcılarından olan, kəlağayı konsepsiyasının müəllifi, professor Rəna İbrahimbəyova ilə tanış oluruq. Rəna xanım böyük istehsal sahəsini barama qurdu yetişdirməkdən ta naxış basmayadək prosesi o qədər gözəl bilir, bu barədə o qədər böyük sevgi ilə danışır ki, onunla uzun söhbətimizi sərgi reportajının içində əritmək istəmirik. Rəna xanımın kəlağayı heyranlığı ilə söylədikləri ayrıca müsahibənin mövzusudur.

 

2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş kəlağayı sənətinə və ona baş örtüyü, qiyafəni tamamlayan aksesuar kimi marağın artması isə sevindirici haldır.

 

Bu sərgidə kəlağayı naxışlarının daha bir maraqlı tətbiq sahəsinə rast gəldik. İpək parçaya batik (rəngləmə) üsulu ilə milli xalça naxışları salan gənc rəssam Diləfruz Bağırova da sərgi iştirakçısıdır. Hazır ipək şərflərin üstündə incəliklə salınmış milli naxışlar, tematik şəkillər milliliklə uzaq İndoneziyadan dünyaya yayılmış batik sənətinin üzvi vəhdətinə sübutdur.

 

Festival davam edir. İmprovizə səhnədə rəqs qrupunun çıxışı, səsucaldıcıdan ətrafa yayılan ürəkaçan musiqi sədaları, əl işi olan, çoxu bir neçə, bəzən isə hətta yalnız nüsxə olan eksklüziv bəzək və zinət əşyaları, interyer dekorları öz sahibini tapır. Kəlağayı naxışlama, ebru sənəti, rəsm, bijuteriya üzrə ustad dərslərinə qatılan uşaq və yeniyetmələrin simasından isə mən bacardım qətiyyətinin qələbə sevinci yağır. Kim bilir, bəlkə də kəlağayı festivalında öz dekorativ sənət bacarığını kəşf edənlərdən kimsə bir neçə ildən sonra bu ənənəvi sərgilərin ən fəal iştirakçısı olacaq?

 

Sərgidən çıxanlara diqqət yetirirəm. Düzdür, kiminsə bazarlığına nəzər salmaq etik sayılmaz. Amma sərgi ovqatını evinə daşıyan xanımların bir qədər əvvəl aldıqları müxtəlif rəngli, klassikmüasir naxışlı kəlağayını cığarasından çıxarıb başlarına örtməsi, boyunlarına dolaması göz oxşayır. Deməli, festival öz məqsədinə yetib. Nənələrimizin ismət, ləyaqət rəmzi kəlağayı yenə bizimlədir.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2022.- 6 may.- S.8.