Bəstəkar dühası təsviri sənətdə

 

Fikrət Əmirov-100

Rəssamlar təkcə zövqləri oxşayan mənzərələr, natürmortlar yaratmır, həm də ədəbi-mədəni, tarixi fakt və hadisələrə öz münasibətlərini ortaya qoyurlar. Böyük şəxsiyyətlərin, əlamətdar hadisələrin əks olunduğu əsərlər eyni zamanda zəngin informasiya daşıyır.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin özüzaman-zaman təsviri sənət ustaları üçün mövzuya çevrilib. Rəssamlar bəstəkar obrazını yaradarkən, əlbəttə, yaradıcı insan kimi onların mənəvi aləmini, psixoloji əhval-ruhiyyələrini verməyə çalışırlar. Burada bəstəkarla yaxından tanışlıq, görüş, onun daxili aləminə bələdlik də mühüm amildir. Yaxud da əsərlərinə dönə-dönə qulaq asır, məzmunu ilə yaxından tanış olurlar. Rəsm və ya heykəltəraşlıq kompozisiyasına daxil edilən royal, partitura, not yazıları isə atribut rolunu oynayır...

Bu il 100 illiyini qeyd etdiyimiz dünya şöhrətli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Fikrət Əmirov da həm sağlığında, həm də vəfatından sonra rəssamların fırçasında, heykəltəraşların tişəsində obrazlaşıb. Bəstəkarın obrazı əsasən gərgin yaradıcılıq axtarışları fonundaya musiqini dinləyən, not dəftərini vərəqləyərək xəyala dalan vəziyyətdə təsvir edilib.

Bəstəkarın obrazlarını boyakarlıqda Mikayıl Abdullayev, Tahir Salahov, Mikayıl Əbdürrəhmanov, Nadir Axundov, Elxan Tahirov, qrafikada Toğrul Nərimanbəyov, Elturan Avalov, heykəllərdə Cəlal Qaryağdı, Ömər Eldarov, Namiq Dadaşov düşünən, musiqiyə qulaq asan vəziyyətdə təsvir ediblər.

Fikrət Əmirovun ən məşhur portretini 1967-ci ildə Xalq rəssamı Tahir Salahov kətan üzərində yağlı boya ilə ərsəyə gətirib. Bu əsər hazırda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Elxan Tahirovun kətan üzərində yağlı boya ilə çəkdiyi Fikrət Əmirovun portreti əsəri isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunur.

Xalq rəssamı Toğrul Nərimanbəyovun 1979-cu ildə Bəstəkar Fikrət Əmirov (kağız, pastel) və Elturan Avalovun Fikrət Əmirov adlı qrafik əsərləri mövzuyanaşma baxımından özünəməxsusluğu ilə seçilir. Hər iki əsərdə düşünən bəstəkar obrazı fərqli rakursdan təsvir edilir. Qaşları çatılmış, başını aşağı tutub düşünən və kədərli bəstəkar obrazı ilə (E.Avalov) yenə də düşünən və nikbinliklə gələcəyə baxan portret T.Nərimanbəyov) dahi sənətkarın yaradıcı keyfiyyətlərini qabarıq büruzə verir. T.Nərimanbəyov çoxçalarlı yaradıcılığında portret janrına da xüsusi üstünlük verib. Rəssam portretini çəkdiyi adamları çox yaxşı tanıyırdı. Əgər rəssam onları yaxından tanımasaydı, onlara xas olan xarakterik cizgiləri qabarıq verə bilməzdi. Ona görə də portretləri daha çox naturadan çəkir və bütün diqqəti insan həyatının üz cizgilərində əks olunmuş təsvirinə yönəldirdi. Bəstəkar Fikrət Əmirov portretibu mənada müəllifin diqqətəlayiq əsərlərindəndir.

 

Rəssamlarımız bəstəkarın portretlərini yaratmaqla yanaşı, müəllifin əsərlərinə də müraciət ediblər. Sənətkarın Sevil operası, Min bir gecə və Nizami baletlərinin dekorasiyageyim eskizləri buna misaldır. Xalq rəssamı Tahir Tahirovun Min bir gecə baletinə geyim eskizi xüsusilə maraqlıdır. Qarışıq texnika ilə işlənən eskizdə miniatür sənətinə yaxınlıq hiss olunur.

 

Qeyd etmək yerinə düşər ki, vaxtilə bəstəkara ithaf edilmiş dostluq şarjları da sənətkarın yaradıcı obrazının təqdimi baxımından əhəmiyyətlidir. Rəssam Nəcəfqulu İsmayılovun çəkdiyi şarjlar Fikrət Əmirovun Musiqi düşüncələri və Musiqi səhifələri kitablarının üz qabığında verilib.

 

 

Heykəlləşən sənət

 

 

Azərbaycanın musiqi mədəniyyətində silinməz iz qoyan bəstəkarın həyat və yaradıcılığı ona ucaldılan heykəllərdə də əksini tapıb. Burada ilk növbədə onun qəbirüstü abidəsini qeyd etməliyik. Abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarovun düşüncələri işığında bu əsərə nəzər salacağıq.

 

Bu yerdə akademik İsa Həbibbəylinin Ömər Eldarovun sənəti haqqında fikirlərinə diqqət yetirmək istərdik: Ömər Eldarovun düşünən heykəlləri həm də düşündürür. Düşünən heykəllərin insanları düşündürməsi onu yaradan ustad heykəltəraşın bu torpağın böyük şəxsiyyətlərinə ehtiramı, ölkəsinin sabahına dərin inamıdır. Ömər Eldarovun heykəlləri təkcə ənənəvi postamentdən və şəxsiyyətin əzəmətli görüntüsündən ibarət olmayıb, daha çox fikir, düşüncə, mətləb ifadə edən monumental sənət nümunələridir. Bu heykəllər insan düşüncəsinin abidələridir. Bu mənada akademik Ziya Bünyadovun, görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, maestro Niyazinin qəbirüstü abidələri Ömər Eldarovun sərt realizminin fərqli təzahürləri kimi cəlbedici və düşündürücüdür.

 

Fikrət Əmirovun məzarüstü abidəsi haqqında müəllif Ömər Eldarov deyir: Bəstəkarın abidəsini yenidən hazırlasaydım, elə notlar əlavə edərdim ki, dahiliyi daha qabarıq görünə bilsin. Ümumiyyətlə, dahi şəxsiyyətlərin heykəllərini hazırlayanda hər zaman eyni hissi minnətdarlıq duyğusu yaşayıram. Fikrət Əmirovu həmişə dahi bəstəkar hesab etmişəm. Onun özünəməxsus xüsusiyyətləri mənə ildən-ilə daha da geniş aspektdə agah olur. Düşünürəm ki, o elə sağlığında dünyada qəbul edilən bəstəkar idi. Amma bu gün onun əsərlərinə dünyada tələbat var, bənzərsiz musiqi irsinin dəyəri getdikcə daha da artır. Mən bəstəkarın muğam-simfoniyalarını dinləyəndə masştabın genişliyini duyuram. Qəbirüstü abidəsini hazırlayanda oğlu Cəmil mənə bəzi məqamları demişdi. Dediklərində həqiqət var idi. Fikrət Əmirov özlüyündə monumental insan idi. Yəni qəbirüstü abidəni hazırlayanda da eyni düşüncə ilə yanaşırdım işə. Onunla yaxın tanış olmasam da, bir-iki dəfə mənim emalatxanamda müəyyən səbəblərdən olmuşdu....

 

Heykəlin texniki tərəfləri barədə danışan Ömər müəllim kompozisiyanın mərmərdən xüsusi yığıldığını bildirir. Qeyd edir ki, mərmər klassik xarakter daşıyır: İş ondadır ki, mən o vaxt heykəli o cür təsəvvür etmişdim. İndi isə daha başqa tərəfdən baxıram. Biz heykəlləri, abidələri peşəkarlar üçün deyil, xalq üçün yaradırıq. O dövrdə mən Fikrət Əmirovun musiqiçi kimi lirikliyini, dəqiqliyini, aristokrat görünüşünü çatdırmaq istəmişdim. Bu gün isə onu daha qabarıq, dinamik və çılğın şəkildə təqdim etmək istəyərdim. Heykəl bəstəkarın vəfatından bir il sonra ərsəyə gəldi.

 

Fikrət Əmirovun daha bir abidəsi paytaxtımızda bəstəkarın adını daşıyan küçədəki kiçik bağda ucaldılıb. Abidənin açılışı 2011-ci il sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə gerçəkləşib. Heykəlin müəllifi, Əməkdar rəssam mərhum Namiq Dadaşovdur. Tuncdan hazırlanmış abidənin ümumi hündürlüyü 3,6 metrdir. Royalın fonunda sanki dirijorluq edirmiş kimi təsvir olunan heykəl bəstəkarın musiqi dühasının bəşəriliyini simvolizə edir.

 

Bəstəkarın daha əzəmətli obrazı isə şöhrəti dünyanı dolaşan bənzərsiz əsərlərində yaşayır. Əbədi ömür qazanan sənətkar obrazı...

 

Lalə Azəri

Mədəniyyət.- 2022.- 6 may.- S.6.