“Poladın izi ilə...”

 

Şəhid generala həsr olunan sənədli filmin təqdimatı keçirildi

 

 

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən sənədli filmlərin çəkilişi davam etdirilir. Silsilənin növbəti ekran əsəri şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimova (1975-2020) həsr olunan “Poladın izi ilə” sənədli filmidir.

 

Mayın 4-də Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçirildi. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, digər rəsmilər, Milli Qəhrəmanın ailə üzvləri, mədəniyyət xadimləri və qazilər iştirak edirdilər.

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında qeyd etdi ki, filmin əsas məqsədi özümüzü tanımaqdan ibarətdir: “Biz ölkə olaraq uzun müddət imperiyanın tərkibində yaşamışıq. Bu dövrdə tariximizi bizə unutdurmaq istəyiblər. Ancaq buna baxmayaraq biz özümüz-özümüzə qayıtdıq. Milli yaddaşın geri qaytarılması, təbii ki, Vətən oğullarının qəhrəmanlığı sayəsində gerçəkləşdi. Tarix həmişə böyük millətlər tərəfindən yazılıb. Həmin millətlərin hər zaman güclü ordusu olub. Güclü ordusu olan millət tarixdə iz buraxıb. Biz tarixi yaddaşımızı 2020-ci ildə yenidən aşkar formada kəşf elədik. Bugünkü filmin qəhrəmanı Ordumuzun ən cəsur nümayəndələrindəndir. Biz bu ekran əsərini yalnız Polad Həşimova deyil, onun simasında bütün qəhrəman Vətən oğullarına ithaf olunan film hesab edirik...”.

 

Elnur Əliyev bildirdi ki, Mədəniyyət Nazirliyinin əsas məqsədlərindən biri irs və dəyərlərimizin tarixi davamlılığını təmin etməkdir: “Bizim çox zəngin mədəniyyətimiz var. Mədəniyyətin vacib ölçüsü Vətən sevgisidir. Bizim üçün adi gələn bir sıra dəyərlər çox yerdə yoxdur. Məsələn, Abbas Səhhətin məşhur “Vətən” şeirində Vətən və onun oğulları arasında bütün münasibətlər var. Şeirdə xüsusi diqqətimi cəlb edən bir misra var. Şair yazır ki, “Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir”. Yəni Vətən bizdən əvvəl əcdadlarımızın torpaqları olub və gələcəkdə də bizimdir. Bu misraları yazan mədəniyyət başqa mədəniyyətdir. Ona görə də biz fəxr edirik ki, belə bir mədəniyyətin sahibiyik”.

 

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı vurğuladı ki, bu Vətən şəhidlərin uğrunda can verdiyi və bizə əmanət etdiyi torpaqdır: “Bu gün ölümsüz olan bir igidin, 30 illik həsrəti şəhadəti ilə azadlığa çevirən bir qəhrəmanın həyat hekayəsini izləyəcəyik. Polad Həşimovla bağlı bildiklərimizlə yanaşı, bilmədiklərimiz də var. Bu film vasitəsilə onları öyrənəcəyik. Polad Həşimovdan sonra Azərbaycanda Vətəni, müstəqilliyi qorumaq üçün minlərlə Polad doğulub. Bu gün filmi izləyənlər arasında Milli Qəhrəmanın anası Səmayə Həşimova da var. Mən Səmayə ananın əllərindən öpürəm. O, təkcə Azərbaycan qəhrəmanlarının anası deyil, bütün Türk dünyasının simvoludur...”.

 

Filmin rejissorussenari müəllifi Zamin Məmmədov Azərbaycanın igid oğullarından biri haqqında film ərsəyə gətirdiyi üçün qürur hissi keçirdiyini söylədi.

 

Polad Həşimovun anası Səmayə Həşimova filmə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi. Söylədi ki, Polad Həşimov öz şəhidliyi ilə Azərbaycan xalqının qələbə ruhunu oyadıb, başını uca edib.

 

Milli Qəhrəmanın həyat yoldaşı Ofeliya Salmanova qeyd etdi ki, Polad Həşimov Azərbaycanın səngərdə şəhid olan yeganə generalıdır. Bu fakt kifayət edir ki, biz Polad Həşimovun necə bir qəhrəman olduğunu dərk edək.

 

Çıxışlardan sonra “Poladın izi ilə” sənədli filmi nümayiş etdirildi.

 

2021-ci ildə lentə alınan filmin rejissorussenari müəllifi Zamin Məmmədov, operatoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur.

 

Filmin çəkilişləri Polad Həşimovun doğma yurdu Qəbələdə, yaşadığı Sumqayıtda, hərbi xidmət etdiyidöyüşdüyü bölgələrdə aparılıb. Ekran işində şəhid generalla düşmənə qarşı birgə döyüşmüş səngər yoldaşları, ailə üzvləri xatirələrini bölüşürlər.

 

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Dövlət başçısının 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Polad Həşimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

Nurəddin Məmmədli

 

Mədəniyyət.- 2022.- 6 may.- S.1;2.