Xalçaçı gününün “Düşüncələr”i

 

Peşə bayramı yeni xalçanın kəsimi və təqdimatlarla qeyd edildi

 

 

 

5 may Azərbaycanda Xalçaçı günüdür. Prezident İlham Əliyev 2016-cı il mayın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə 5 may “Xalçaçı günü” peşə bayramı kimi təsis edilib.

Xalçaçı günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində tədbir keçirildi. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova tədbiri açaraq əlamətdar gün münasibətilə xalçaçılara təbriklərini çatdırdı. Bildirdi ki, Prezidentin Xalçaçı gününün təsis olunması və bu sahənin inkişafı ilə bağlı sərəncamları dövlətimiz tərəfindən xalça sənətinin, toxuculuğun inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Dövlətin qayğısı, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə göstərdiyi səylər nəticəsində 2010-cu ilin 16 noyabr tarixində xalça sənətimiz UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

 

Şirin Məlikova bildirdi ki, Milli Xalça Muzeyi xalçaları qoruyub nümayiş etdirməklə bərabər, xalçaçılıq ənənələrini də davam etdirir, bu sənəti yeni nəslə çatdırmağa çalışır. Vurğulandı ki, bu gün muzeydə toxunan “Düşüncələr” adlı xalçanın qədim ənənələrə uyğun dəzgahdan kəsimi, naxışlı həsirin toxunması üzrə ustad dərsi və “Uçan xalçamarionet tamaşasının premyerası keçiriləcək. “Düşüncələr” xalçası 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Xalça Muzeyi və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi beynəlxalq xalça eskizi müsabiqəsinin qalibi olan rəssam Eldar İbadullayevin eskizi əsasında toxunub. Xalça muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən yeddi aya ərsəyə gətirilib. Texniki eskizin hazırlanması, rənglərin seçimi və digər hazırlıq işlərində muzeyin baş rəssamı, Əməkdar rəssam Taryer Bəşirov başda olmaqla xalçaçı rəssamlar da iştirak ediblər. Xalçada 40 rəng və onların çalarlarından istifadə olunub.

 

Təbrik nitqi ilə çıxış edən Xalq rəssamı Eldar Mikayılzadə dedi: Xalça varsa, muğam varsa, qəzəl varsa, demək ki, xalqımızın tarixi var, mədəni irsi var, kökləri var”. Əməkdar rəssam Məmmədhüseyn Hüseynov, Xalq rəssamı, Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin müdiri Aydın Rəcəbov, Taryer Bəşirov və Eldar İbadullayev çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırdılar. Çıxışlardan sonra “Düşüncələr” xalçasının dəzgahdan kəsimi oldu. Adətə görə, xalça kəsilib yerə səriləndən sonra üzərinə ilk olaraq şirniyyat tökülərmiş. Elə bu ənənəyə uyğun olaraq, xalçanın toxucu xanımları xonçalarda bəzədilmiş əlvan rəngli konfetləri xalça üzərinə səpələdilər və bu ənənə də ən çox muzeydə “Uçan xalçamarionet tamaşasını izləmək üçün növbə gözləyən uşaqlarda maraq yaratdı...

 

Xalça kəsildikdən sonra naxışlı həsirin toxunması üzrə ustad dərsi keçirildi. Bu qədim sənət növü ilə məşğul olan sənətkar, Astaranın Kakalos kənd sakini Rüfət Rzayev muzeyin dəvəti ilə apardığı ustad dərsində naxışlı həsirin sirlərindən söz açdı. Böyük həvəslə öz işini təqdim edən sənətkar həsirdən düzəldilmiş müxtəlif çantalar, şlyapalar, örtük və süfrələri nümayiş etdirdi. Usta dedi ki, tarixi qədim dövrə gedib çıxan həsirlər Azərbaycan xalçalarının “əcdadı” sayılır. Onlar əsrlər boyu əvəzsiz məişət əşyası olmaqla yanaşı, həm də özünün nəfis, zərif naxışları ilə bədii əhəmiyyət kəsb edib.

 

Xalçaçı günüŞuşa İli” münasibətilə muzeyin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Uçan xalçamarionet tamaşasının nümayişi ilə yekunlaşdı. Tamaşa uşaqlar arasında Azərbaycan xalça sənətinin təbliği və onların milli mədəni irsimizə sevgi ruhunda tərbiyəsi məqsədi daşıyır. Tamaşada Nabat nənə nəvəsi Ömərlə sehrli xalça dünyasına səyahət edərək vətənimizin müxtəlif bölgələrinin xalça naxışları ilə tanış olurlar. “Uçan xalça” nağılı əsasında hazırlanan ssenari, səhnə tərtibatı, həmçinin marionet kuklalar muzey əməkdaşları və muzeyin nəzdində fəaliyyət göstərən Uşaq birliyinin üzvləri tərəfindən ərsəyə gətirilib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 6 may.- S.1;2.