Üzeyir Hacıbəylinin şah əsəri

 

Koroğlunun 85 illiyi qeyd edildi

 

 

 

Üzeyir Hacıbəyli yaradıcılığının şah əsəri – “Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam oldu. Bu münasibətlə aprelin 29-da Üzeyir Hacıbəylinin Ev-Muzeyində əlamətdar yubileyə həsr olunmuş tədbir keçirildi.  Şuşa İli” çərçivəsində təşkil edilən tədbirdə mədəniyyət və incəsənət xadimləri, ziyalılar iştirak edirdi.

 

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov tədbiri açaraq 30 aprel 1937-ci ildə premyerası olanKoroğlu” operası haqda geniş məlumat verdi. Diqqətə çatdırdı ki, dahi bəstəkar “Koroğlu” operasını ərsəyə gətirməzdən əvvəl bu mövzu ətrafında 20 il düşünüb. Xalq musiqisinin əsaslarını, köklərini böyük səbir və təmkinlə öyrənib. Opera yazmaq sənətinin hər bir cəhətini ətraflı öyrəndikdən sonra 1932-ci ildə cəsarətlə işə başlayıb. Bəstəkar, digər operalarında olduğu kimi, “Koroğluda da ariya, duets. opera elementlərini uğurla realizə edib, onları Azərbaycan muğamları üzərində qurub. Əsər milli opera sənətimizin ən dəyərli nümunəsi kimi yarandığı gündən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında öz layiqli yerini tutur.

 

Sərdar Fərəcov qeyd etdi ki, bu opera Üzeyir Hacıbəylinin həm Azərbaycan bəstəkarlıq məktəbinə, həm də dünya musiqisinə ən qiymətli bir töhfəsidir. Dahi bəstəkarın arzusu dünyanın ən böyük operaları sırasında yer tuta bilən bir opera yaratmaq olub. “Koroğlu” operasını yazmaqla bu arzusuna çatıb. Operanın premyerasında tamaşaçı qismində iştirak edən 19 yaşlı bəstəkar Qara Qarayev öz təəssüratını bölüşərkən deyib: “Bu, təkcə bir operanın təntənəsi deyildi, böyük bir millətin bir möhtəşəm sənət əsərinə olan sevgisisevinci idi...”.

 

Ankara Qazi Universitetinin professoru, Xalq artisti Əflatun Nemətzadə “Koroğlu” operasının möhtəşəmliyi və onun dünya miqyasında böyük maraqla qarşılanmasından danışdı. Qeyd etdi ki, Üzeyir Hacıbəylinin şah əsəri Azərbaycanın hüdudlarından uzaqlarda – Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Başqırdıstanda da böyük uğurla nümayiş olunub, operasevərlər tərəfindən alqışlarla qarşılanıb.

 

Üzeyir Hacıbəylinin bənzərsiz yaradıcılığı ilə musiqi mədəniyyətimizdə dərin iz qoyduğunu vurğulayan şairə Zərəngiz Dəmirçi Qayalı “Koroğlu” uvertürasına həsr etdiyi şeirini oxudu.

 

Bülbülün Ev-Muzeyinin direktoru Fərqanə Cabbarova çıxışında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının musiqi materialına gətirdiyi yenilikləri yada saldı. Bəstəkarın simfonik orkestrə tar, qaval, qara zurna kimi milli musiqi alətlərini, eyni zamanda operanın musiqi materialına çoxsəsliliyi daxil etdiyini dedi. Onu da qeyd etdi ki,  Moskvada keçirilən Azərbaycan mədəniyyəti (1938) dekadasında oynanılan “Koroğlu” operası dövrün görkəmli sənətkarları tərəfindən çox bəyənilib. Rus qrafiki M.Aleksiç məşhur rəssam İ.RepininBurlaklar Volqada” əsərini təqlid etməklə çəkdiyi “Operanın yolu” şarjında Üzeyir bəyi əlində saz tutmuş halda sovet bəstəkarlarının ön cərgəsində təsvir edib...

 

Çıxışlardan sonra bədii hissəyə keçildi. Dahi bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri təqdim edildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 6 may.- S.5.