Qarabağın əzəmətli zirvəsi

Yerlərdəki mədəniyyət müəssisələrində Şuşa İlinin tədbirləri davam edir. Sumqayıt RMİ Abşeron rayon Mədəniyyət Mərkəzində Xırdalan şəhər onbirillik Musiqi məktəbinin təşəbbüsü ilə Əziz Şuşa, sən azadsan! adlı tədbir keçirilib. Tədbirdə məktəbin istedadlı yetirmələri tərəfindən bir-birindən maraqlı kompozisiyalar təqdim olunub.

 

***

 

Şəki RMİ M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Şuşa Qarabağın əzəmətli zirvəsi adlı teatrlaşdırılmış kompozisiya təqdim olunub. Kompozisiyada S.Vurğunun Vaqif, N.Vəzirovun Daldan atılan daş topuğa dəyər, Ə.Haqverdiyevin Dağılan tifaq pyeslərindən, Ü.Hacıbəylinin Arşın mal alan musiqili komediyasından parçalar nümayiş etdirilib. Rolları Rəşad Rüstəmov, Sələmə Məhərrəmova, Şöhrət İbrahimxəlilov, Cavidan Əlizadə və başqaları ifa ediblər. Tədbirdə həmçinin Q.Zakir və X.Natəvanın qəzəlləri ifa olunub, Uzun ömrün akkordları (Üzeyir Hacıbəyli haqqında) bədii filmindən fraqmentlər göstərilib, Azərbaycanım saz havası səsləndirilib, Şuşanın görüntüləri nümayiş etdirilib.

 

***

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Qarabağımızın incisi, mədəniyyətimizin beşiyi Şuşa adlı tədbir keçirilib. Tədbirdə Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır adlı sərgiyə baxış olub.

 

***

 

Lənkəran RMİ-nin təşkilatçılığı ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzində C.Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin hazırladığı Əziz Şuşa, sən azadsan! adlı musiqi proqramı təşkil olunub. RMİ-nin rəisi Şahin Şahbazovun çıxışından sonra bədii hissəyə keçilib. Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvər ruhlu xalq və bəstəkar mahnıları, şeirlər səsləndirilib. Şagirdlər Dədə Qorqudun dilindən Şuşanın tarixi adlı səhnəcik təqdim ediblər.

 

Mədəniyyət.- 2022.- 11 may.- S.4.