Bəstəkarlar İttifaqında ulu öndərin xatirəsi yad edilib

 

 

Mayın 10-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan ABİ-nin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə ümummilli liderin, mədəniyyətin bütün sahələrində olduğu kimi, musiqi  sənətinə də hər zaman diqqət və qayğı göstərdiyini vurğulayıb. O, 1979-cu ildə Bəstəkarlar İttifaqının V qurultayında Heydər Əliyevin çıxışını xatırlayaraq onun bəstəkarlara tövsiyələrini diqqətə çatdırdı. Qeyd etdi ki, Heydər Əliyevin həmin çıxışı sonradan nəşr olunaraq bəstəkar və musuqişünasların masaüstü kitabı olub. Ulu öndərin tövsiyələrində musiqi janrlarına geniş yer verilib. Bu da dahi şəxsiyyətin musiqi sənətinə yaxşı bələd olmasının göstəricisi idi.

 

Firəngiz Əlizadə çıxışında Heydər Əliyev dühasının musiqidə tərənnümündən də bəhs edib. Bildirib ki, bir sıra bəstəkarlarımız dahi şəxsiyyətə əsərlər həsr ediblər və belə əsərlər bundan sonra da yazılacaq.

 

ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova ulu öndərə həsr olunan əsərlər haqqında danışıb, bu sırada Arif Məlikovun 8 saylı “Əbədiyyət” simfoniyası, Cövdət Hacıyevin “Onu zaman seçib” simfoniyası, Ramiz Mustafayevin “Atamız Heydər” odası, Vasif Adıgözəlovun “Azərbaycan” kantatası, Tofiq Bakıxanovun “Xatirə” poeması, Firəngiz Əlizadənin “İthaf” əsəri, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında” odası, Vasif AllahverdiyevinÖmür yolusimfonik poeması və digər əsərləri qeyd edib.

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Musiqidə əbədiləşən ömürmövzusunda çıxış edib, ümummilli liderə həsr olunan əsərlərin musiqişünaslar tərəfindən tədqiq olunması barədə danışıb.

 

Tədbirdə iştirak edən bəstəkarlardan Əməkdar artistlər Arif Mirzəyevin “Xatirə”, Elza Seyidcahanın “Elegiya” və Əməkdar müəllim Lalə Cəfərovanın “Əbədiyaşar Heydər” əsərləri səslənib.

 

Mədəniyyət.- 2022.- 11 may.- S.3.