İstiqlal şairinin Vətən nəğmələri

 

 Əhməd Cavad-130

 

XX əsrin birinci yarısında xalqımızın azadlıq və milli istiqlal ideyasının gerçəkləşməsi uğrunda mübarizə aparan, 30-cu illər repressiyasında “xalq düşməni” kimi qətlə yetirilən böyük ziyalılarımızdan biri də şair Əhməd Cavad olub. Tərcüməçi, maarifçi-pedaqoqictimai xadim kimi də tanınan şairin zəngin yaradıcılığında dövrün ictimai-siyasi mənzərəsi dolğunluqla əksini tapıb.

 

Prezident İlham Əliyev 20 aprel 2022-ci il tarixdə Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. İstiqlal şairimizin yubileyi ölkəmizlə yanaşı, Türk dünyasında da müxtəlif tədbirlərlə qeyd olunacaq.

 

Gəncə qəzasının Seyfəli kəndində Axund Məhəmmədəlinin ailəsində 5 may 1892-ci ildə bir oğlan uşağı dünyaya göz açır. Adını Cavad qoyurlar. O, ilk təhsilini molla məktəbində alır. Yeddi yaşında ikən Quranı sərbəst oxuyur. Hətta bəzi surələri əzbər bilir. Ancaq gözlənilmədən ailəyə bədbəxtlik üz verir. Axund Məhəmmədəli 1900-cü ildə vəfat edir.

 

Çətinliklərlə üzləşən Cavadın anası Yaxşı xanım qayınlarının məsləhəti ilə 1906-cı ildə Gəncə şəhərinə köçür. Burada xalça sexində işə düzəlir. Cavad isə Müsəlman-Ruhani Seminariyasında təhsilini davam etdirir. O, ilk gündən müəllimlərinin diqqətini çəkir. Bədii yaradıcılığa maraq göstərir, şeirlər qələmə alır.

 

1910-cu ildə Cavadın müəllimi, ədəbiyyatşünas Abdulla Tofiq (Abdulla Sur) dostu Abdulla Şaiqə göndərdiyi məktubunda yazır: “Tələbələrimin içində Cavad adlı bir gənc yazar var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümidlər verir. Lisanı-dili çox sadə və gözəldir”.

 

Əhməd Cavadın hələ tələbə ikən siyasi lirikaya meyilliliyi seminariyada ona dərs deyən görkəmli şair-dramaturq Hüseyn Cavidin də diqqətini çəkir, istedadını yüksək qiymətləndirir. “İqbal” qəzetində dərc etdirdiyi bir məqaləsində Cavadın müəllimi, vaxtsız vəfat edən Abdulla Sura həsr etdiyi şeiriniverir:

 

Ey qardaşlar, bir zamanlar elmsizlik dumanı,

Cəhalətin kor pəncəsi qaplamışdır hər yanı...

Quran nədir? Anlamadıq, Vətən nədir? Bilmədik!

Qarşımızda yetimlərin göz yaşını silmədik.

Ağlanacaq bir hal idi, kəndimizdə görürdük,

Dilimizin, dinimizin getməsinə gülürdük...

 

Əhməd Cavad 1912-ci ildə seminariya təhsilini müvəffəqiyyətlə başa vurur. Həmin il Osmanlı Türkiyəsinin Balkan yarımadasındakı hökmranlığına son qoyacaq müharibə başlanır. İki il sürən müharibədə Bolqarıstan, Yunanıstan, Serbiya onların böyük himayədarları qarşısında ağır məğlubiyyət yaşayan Osmanlının vəziyyəti türk-müsəlman dünyasında ciddi narahatlığa səbəb olur. Azərbaycanın bir çox bölgələrindən, o cümlədən Bakı, Gəncəbasar, Qarabağ Şirvandan vətənpərvər gənclər Qafqaz könüllüləri tərkibində Osmanlıya köməyə gedirlər. Bu könüllülər arasında Əhməd Cavad əqidə dostları İdris Axundzadə, İsa Əlizadə, Əli Əsədulla da İstanbula gedir. Balkan müharibəsində bir əlində silah, o birində qələm döyüşürlər.

 

Əhməd Cavad 1913-cü ildə Balkan müharibəsindən geri dönür. Gəncədə Qafqazın Şeyxülislamı Məhəmməd Pişnamazzadənin qarşısında imtahan verir. “Şərəfli türk fars dilləri müəllimi” sənədi alır. Gəncədə 1 nömrəli qızlar məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayır.

 

Gəncə ədəbi mühiti Əhməd Cavadın müəllim, şair ictimai xadim kimi formalaşmasına müsbət təsir göstərir. O, 1914-cü ildə Nəsib bəy Yusifbəylinin vasitəçiliyi ilə Gəncəyə gələn doktor Xosrov paşa Sultanov ilə tanış olur. Ələkbər bəy Rəfibəyli Nəsib bəy Yusifbəylinin zəmanəti ilə “Xeyriyyə cəmiyyəti”nin katibi cəmiyyətin sədri Xosrov bəyin müavini təyin edilir.

 

Həmin il I Dünya müharibəsi başlayır. Müharibənin ən ağır cəbhələrindən biri Osmanlı-Rusiya cəbhəsi idi. 1915-ci ildə çar ordusunun əsgərləri erməni separatçı dəstələri tərəfindən Qars Ərzurumda dinc türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirilir.

 

Türkiyəli qardaşlarımızın taleyi üçün narahatlıq keçirən Əhməd Cavad da bu bölgələrə yollanır. Qarsda türklərə qarşı törədilən qırğınlardan bərk sarsılır. Qarşılaşdığı mənzərəni “ gördümsə” adlı şeirində dilə gətirir:

 

Ərməğanım yaslı nəğmə,

Bir quş oldum, çıxdım yola.

Getdim gördüm dost elində

bir səs var, bir layla...

 

İnsanları qətlə yetirilən, özü isə xarabazarlığa çevrilən Qars şəhəri şairə mənəvi əzab verir. “İmdad” şeirində yazır:            

 

Ziyafət görmədim, yaslıdır ellər,

Çoxalmış məzarlar dərdini söylər.

Talanmış şanələr, yolunmuş tellər

Olduğunu duydum, imdadə gəldim...

 

Müharibə üzündən türk kənd şəhərlərindən minlərlə insan qaçqın, köçkün düşür. Əhməd Cavad 1916-cı ildə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə Batumda yaşayan 2500-ə yaxın azərbaycanlı ailəsi üçün məktəb açır, özü dərs deyir. 1917-ci ildə isə şairin köməkliyi ilə 2500 nəfərdən çox türkiyəli qaçqın Gəncə Bakı ətrafında məskunlaşır...

 

***

 

Bədii yaradıcılığını davam etdirən Əhməd Cavad Vətənə, onun əsrarəngiz təbiətinə  onlarca şeir həsr edib. Müəllifin “Azərbaycan, Azərbaycanşeiri vaxtilə el şənliklərində aşıqların dilindən düşməyib:

 

Laçının var, tərlanın var,

Çoxlu şirin dastanın var,

Qorxun yoxdur, düşmanın var,

Azərbaycan! Azərbaycan!

 

Vətənpərvər şair 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını böyük sevinclə qarşılayıb, 23 aylıq müstəqillik dövründə çox məhsuldar yaradıcılıq fəaliyyəti göstərib. “Dan ulduzu”, “Azərbaycan, Azərbaycan!”, “Dağlar”, “Gəncəm, hey” kimi onlarla məşhur şeirini qələmə alıb. Həmin dövrdə yazdığı, dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqi bəstələdiyi  “Milli Azərbaycan marşı” (Azərbaycanın Dövlət Himni) şairin Vətən eşqinin, onun ideallarının zirvəsini təşkil edir. Eyni zamanda bu gün Türkiyə Azərbaycanda böyük coşqu ilə dinlənilən “Çırpınırdın, Qara dəniz” şeiri (musiqisi Üzeyir Hacıbəyli) ürəkləri fəth edir.

 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ərəfəsində Əhməd Cavad  Milli Şuraya  müraciətlə “Qardaş” şeirini yazır. Müəllif şeirdə gənc respublikanı fidana  bənzədir. Milli hökumət rəhbərlərini, xalqı ruhdan düşməməyə mübarizəyə səsləyir:

 

Təmiz alnındakı tozu, torpağı,

Həqq üçün açdığın əllərinlə sil!

Vətən bir fidandır, yaşıl bayrağı,

Soldurmamaq sənin əlindədər, bil.

 

Azərbaycan 28 aprel 1920-ci ildə bolşevik Rusiyası tərəfindən işğal olunur, Cümhuriyyət süqut edir. Şair bundan çox sarsılsa da, yaradıcılığa daha çox vaxt ayırır. “Qoşma” “Dalğa” adlı iki kitabı işıq üzü görür. 1928-ci ildə İstanbulda şairin “İstiqlal uğrunda” adlı daha bir şeirlər kitabı nəşr olunur. “Kür”, “Pambıq dastanı”, “Səsli qız” poemalarını və məşhur “Göygöl” şeirini yazır.

 

Sənin gözəlliyin gəlməz ki, saya,

Qoynunda yer vardır, ulduza, aya.

Oldun sən onlara mehriban daya,

Fələk busatını quralı, Göygöl!

 

Şairin bədxahları ay-ulduzun adıçəkilən şeirin antisovet ruhlu olduğunu bildirirlər. Buna görə Əhməd Cavad həbs olunur. Bir neçə ay çəkən sorğu-sualdan sonra həbsdən buraxılır.

 

Əhməd Cavad tərcüməçilik fəaliyyəti ilə də məşğul olub, A.Puşkinin “Kapitan qızı”, “Tunc atlı”, İ.Turgenevin “Atalaroğullar”, M.Qorkinin “Çocuqluq”, T.Şevçenkonun “Kobzar”, “İşçi qadın”, K.Hamsunun “Aclıq”, F.Rablenin “QarqantuaPantaqruel”, Şekspirin “Otello”, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” və digər müəlliflərin əsərlərini Azərbaycan dilinə çevirib.

 

Əhməd Cavad 1920-1937-ci illər arasında bir neçə dəfə həbs edilib. 1929-1930-cu illərdə davam edən ifşa kampaniyasından sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent işləyən Əhməd Cavad 1930-cu ildə institut Gəncəyə köçürüldüyü zaman o da Gəncəyə köçmək məcburiyyətində qalır. Lakin əsl məqsəd şairi Bakı ədəbi-ictimai mühitindən kənarlaşdırmaq idi. Buna baxmayaraq, beş il Gəncədə yaşayıb-yaradan şair özünə qarşı edilən haqsız hücumlardan ruhdan düşməyərək Kənd Təsərrüfatı İnstitutunda dərs deyir. Həmçinin Gəncə Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində işləyir. 1933-cü ildə şairə professor adı verilir.

 

Şair 1937-ci ilin martında Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılır. Həmin il iyunun 4-də yenidən həbs edilir. Oktyabrın 12-də məhkəmənin qərarı ilə ona güllələnmə hökmü oxunurbir gün sonra hökm icra olunur.

 

Milli azadlıq ideallarının görkəmli tərənnümçüsü olan Əhməd Cavad Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı”na daxil edilib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 11 may.- S.6.