Faşizm üzərində Qələbədən 77 il ötdü

 

Bəşər tarixinin ən dəhşətli savaşında Azərbaycandan 300 min insan həlak olub

 

 

Bəşər tarixinin dəhşətli savaşlarından sayılan müharibədə qələbənin əldə edilməsində əvəzsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.

Bu sözlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 9 May faşizm üzərində Qələbə Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda bildirilir ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olubitkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 123 vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif ordenmedallarla təltif edilib. Xalqımızın qəhrəman övladları bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.

Diqqətə çatdırılır ki, bu tarixi qalibiyyətdə Bakı neftinin müstəsna rolu olub. 1941-1945-ci illərdə Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. Sovet Ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib.

 

Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

 

Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə qeyd edir. Beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan, beynəlxalq hüquq və ədalət uğrunda mübarizəni hər zaman dəstəkləyir.

 

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda, habelə 1941-1945-ci illər müharibəsində canından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, deyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

 

 

Mədəniyyət.- 2022.- 11 may.- S.6.