Barbarlığın mənzərəsi

Nyu-Yorkda Agdam delenda est adlı sərgi keçirilib

 

 

Xəbər verildiyi kimi, mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfəri zamanı mayın 5-də, Nyu-York şəhərindəki qalereyaların birində Agdam delenda est adlı sərginin açılışında iştirak edib.

Sərgi İtaliyanın məşhur incəsənət xadimi, kurator, fotoqraf Fabrisio Konti tərəfindən təşkil edilib. Sərgidə Ermənistan ordusunun yerlə yeksan etdiyi Ağdam şəhərində, eləcə də Cəbrayıl, Füzuli, Şuşaişğaldan azad olunmuş digər ərazilərdə çəkilmiş fotolar nümayiş olunub. Həmçinin Fabrisio Kontinin müəllifi olduğu elektron sərgi və 3D elektron tur da nümayiş etdirilib.

Sərgi Qarabağın işğal dövründə dağıdılmış muzeylərin, mədəniyyət ocaqlarının dünya ictimaiyyətinə tanıdılması, erməni barbarlığının mənzərəsini nümayiş etdirmək baxımdan böyük əhəmiyyət daşıyır.

Sərginin adı qədim Roma tarixinə aid edilən məşhur Karfagen yerlə yeksan edilməlidir latınca Carthago delenda est ifadəsindən götürülüb.

Eramızdan əvvəl III-II əsrlərdə finikiyalıların Karfagen şəhər-dövləti (Şimali Afrika, indiki Tunis ərazisi) ilə Aralıq dənizində hökmranlıq uğrunda müharibələr aparan Roma ard-arda iki dəfə qalib gəlsə də, Karfagen yenidən dirçəlməyi bacarmışdı. Bundan sonra Karfageni darmadağın etməyi qarşıya məqsəd qoyan romalılar üçüncü müharibədə şəhəri tamamilə yandırıb, sonra da torpağını şumlayıblar. Rəvayətə görə, şumlanmış torpağa duz səpilib ki, o bir daha dirçəlməsin. O vaxtdan Karfagen yerlə yeksan edilməlidir sözləri savaşda qəddarlıq və vandalizmin ifadəsi kimi zərb-məsələ çevrilib. Erməni işğalçıları da kabus şəhərə çevirdikləri Ağdamda, eləcə də darmadağın etdikləri digər şəhər və kəndlərdə məhz bu cür barbarcasına davranıblar...

 

Mədəniyyət.- 2022.- 11 may.- S.8.