Fikrət Əmirovun yaradıcılığında Azərbaycan mövzusu

 

Vətən eşqi sonsuz və intəhasızdır. Hər bir vətəndaş bu eşqi öz təbirincə izhar edir. İnsanlara vətən sevgisini aşılamaqda sənətkarların rolu daha böyükdür. Kimi sözü, kimi musiqisi, kimi təsviri sənət nümunələri ilə bu sevgini ifadə edir. Böyük bəstəkar Fikrət Əmirovun yaradıcılığında da vətənpərvərlik mövzusu mühüm yer tutur. Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğurulub, deyən bəstəkar öz əsərlərində də məhz bu fikrə əsaslanan sənət inciləri yaradıb. Müxtəlif janrlı əsərlərində xalq musiqisi intonasiyalarından rişələnən melodiyalar onun hiss və duyğularını yüksək peşəkarlıqla sənətsevərlərə çatdırır. Bu peşəkarlığın kökündə, təbii ki, Fikrət Əmirovun böyük istedadı, gərgin zəhməti və sonsuz vətən eşqi dayanır.

Fikrət Əmirovun Azərbaycan süitası, Azərbaycan kapriççiosu və Azərbaycan qravürləri əsərlərində qədim diyarımızın tarixi, dünəni, bu günü, füsunkar təbiəti, insanların mərd, mübariz olması və bu kimi düşüncələr yüksək vətənpərvərlik mövqeyi ilə notlara düzülübxoş melodiyalarla da qulaqlara süzülür. Bu əsərlər öz melodik gözəlliyi və yüksək professionallığı ilə dünya musiqiçilərinin də diqqətini cəlb edib. Azərbaycan süitası, Azərbaycan kapriççosu və Azərbaycan qüravürləri ilə bağlı düşüncələrimizi də bu əsərlər haqqında deyilən fikirlərdən nümunələrlə diqqətə çatdırmaq istərdik.

 

Azərbaycan süitası

 

 

Mən sizin Azərbaycan simfonik süitasının partiturasını öyrəndim... musiqinizə heyran odum... (Leopold Storkovski).

Azərbaycan süitası (1950) doğma diyarın gözəlliklərini tərənnüm edən nikbin bir əsərdir. Xalq həyatından lövhələri əks etdirən bu süitada folklor ruhu hökm sürür. Dörd hissədən ibarət olan süitada müxtəlif lövhələr növbələşir. Bəstəkar süitanın hər hissəsinə proqramlı başlıqlar vermişdir.

Birinci hissə Gənclik, gözəllik, ikinci hissə Çoban bayatı, üçüncü hissə Kəndimizdə, dördüncü hissə Nəğməmsən, Bakı adlanır.

 

Birinci hissə aşıq musiqisinin ritmləri üzərində qurulur, çox dinamik və canlıdır. İkinci hissə peyzaj lövhəsidir. Lirik məzmunludur, burada muğam cizgiləri nəzərə çarpır. Üçüncü hissə Yallı rəqsini xatırladır. Son hissə marş xarakterli olub, Bakı şəhərinin şərəfinə himndir. Süitadakı sırf milli xarakterli melodiyalar, zəngin orkestrləşdirmə Səməd Vurğunun şeriyyətindən ilhamlanaraq qələmə alınmışdır.

 

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan!

 

Əsər Səməd Vurğuna həsr olunmuşdur.

 

Fikrət Əmirov həmişə Səməd Vurğunun poeziyasını yüksək dəyərləndirmiş, Azərbaycan xalqının üç böyük oğlunu Üzeyir Hacıbəyli, Bülbül və Səməd Vurğunu sənətimizin parlaq məşəlləri, üç müdrik sima adlandırmışdır. Süitanı dinlədikdən sonra Səməd Vurğun Fikrət Əmirovla söhbətində belə demişdir: Sənin Azərbaycan süitanı eşitdim, lap Kəpəzin başına çıxmışdın.... Bu sözlərlə Səməd Vurğun süitanın Çoban bayatı adlanan hissəsindən aldığı təəssüratı ifadə etmişdir. Əsərin obraz məzmunu şairin ruhunu, xalqın tarixi keçmişini, onun həyatını əks etdirir. Şənlik hissiyyatı bütün süitaya hopdurulmuşdur.

 

 

Azərbaycan kapriççiosu

 

 

Fikrət Əmirov Azərbaycan kapriççiosunda folklor materialı üzərində lakin onu təkrarlamadan, incə motivlər yaratmışdır. Atonallığın təsirinə düşmədən, artıq, mənasız akkordlardan uzaq qaçaraq, o, ustalıqla orkestrləşmədə Bartok üslubunda gözəl və heyrətamiz əsər bəstələyə bilmişdir (Ferdi Ştatser, alman musiqişünası).

 

Möcüzəli Azərbaycan melosu ilə zəngin olan Fikrət Əmirovun Azərbaycan kapriççiosu parlaq, rəngarəng bir kompozisiyadır. Bu əsər bəstəkara xas olan parlaqlıqla yazılaraq, rus simfonizmi ənənələrinin davamı olub, ruhən P.İ.Çaykovskinin İtalyan kapriççiosuna yaxındır (Abram Staseviç, dirijor, Rusiyanın Əməkdar incəsənət xadimi).

 

Fikrət Əmirovun Azərbaycan kapriççiosu çox bayramsayağı bir əsər olub, xalq şənliyini ifadə edərək, nikbinliyimusiqi dilinin təravətliliyi ilə diqqəti çəkir (Natali Raxlin, dirijor, SSRİ Xalq artisti).

 

Azərbaycan kapriççiosu (1961) parlaq, milli ruhda bir əsər olub, özünəməxsus təzadlı lövhələrdən qurulmuşdur. Çox melodik, rəngarəng, temperamentli musiqisi ilə seçilən bu əsər yüksək dərəcədə zövqlü orkestr palitrası ilə fərqlənir.

 

Azərbaycan kapriççiosu Fikrət Əmirovun Nizami simfoniyası, ŞurKürd ovşarı simfonik muğamlarından sonra yaranaraq, onun daha da təkmilləşmiş üslubunu, cilalanmış dəst-xəttini əks etdirir. Bəstəkar bu əsərində ümumşərq musiqisinə xas olan xalq improvizasiyalılığını canlandıra bilmişdir. Azərbaycan kapriççiosu bir neçə başlıca məziyyətlərinə görə fərqlənir: melodizm, lad əsası, ritmikatembr.

 

Şərq barokko üslubu Azərbaycan kapriççiosunun üslubunu belə səciyyələndirmək olar. Bu təmtəraqlı, təntənəli musiqi təzadlı lövhələrdən ibarətdir. Burada təmtəraqla yanaşı, incə lirika, kapriççio janrına xas olan mövzuların müxtəlif görünüşlər almasına rast gəlinir. Bəstəkarın zəngin təxəyyülü xalq musiqisinə yaxın mövzuların bir-birini əvəzləməsində, bu mövzuların bir-biri ilə əlaqələndirilməsində özünü büruzə verir,

 

Onu da qeyd etməliyik ki, kapriççionun tematizmi bəstəkarın Səhər və Böyük dayaq filmlərinə yazdığı musiqinin bir sıra fraqmentləri ilə assosiasiya yaradır.

 

 

Azərbaycan qravürləri

 

 

Mən həmişə arzulayıram ki, Azərbaycan musiqisi Yer kürəsinin bütün nöqtələrində səslənsin... Çünki xalqın musiqisi onun özü haqqında təəssürat yaradır. Əgər ürəyimin bu arzusu qismən həyata keçmişsə, demək, mən xoşbəxtəm... (Fikrət Əmirov).

 

Azərbaycan qravürləri (1979) üç hissədən ibarətdir: Odun rəqsi, Gözəlim, sənsən, Qobustanda. Bütün qravürlər bir-biri ilə təzadlıdır, öz obraz-emosional məzmununa malikdir.

 

Birinci qravür Odun rəqsi qədim mifoloji təsəvvürlərlə bağlı olub, həyatın başlanğıc ünsürlərindən biri olan oda inamı əks etdirir. Bu qravürün musiqisi çox temperamentlienerjilidir.

 

İkinci qravür Gözəlim, sənsən eyniadlı xalq mahnısının sərlövhəsini xatırladan bu başlıq bəstəkarın doğma diyara müraciətini əks etdirir. Vətənə məhəbbət bəsləyib, onun gözəlliklərindən vəcdə gələn müəllif öz ülvi hisslərini alicənab tərzdə açır. Gözəl melodiya bəstəkarın müxtəlif hisslərini özündə əks etdirir.

 

Üçüncü qravür Qobustanda tarixi keçmişə səyahətdir. Qayaüstü təsvirlərlə zəngin olan bu yerdə ulu əcdadlarımızın həyatı təsvir olunur.

 

Musiqişünas V.Şərifova-Əlixanova yazır: Burada keçmişə müasirlərimizin gözü ilə baxılır. Qravürün musiqisində bizim dövrümüzün cizgiləri və xüsusiyyətləri çoxluq təşkil edir. Buna görə də o, müasir həyatın ritmik nəfəsi ilə dolğundur.

 

Azərbaycan qravürləri bütövlükdə tam bir silsilədir. Hissələr eyni ideya mənası ilə birləşir. Burada birinciüçüncü hissələr musiqinin xarakteri etibarilə bir-biri ilə oxşardır. Hər iki hissə Azərbaycanın tarixi keçmişinə həsr edilmişdir. Birinci hissədə oda sitayişlə bağlı əfsanələr, üçüncü hissədə isə Qobustanda qayaüstü rəsmlərlə bağlı rəvayətlər canlandırılır. Hər iki hissə çox ciddi səslənir və qədim kolorit duyulur. Burada odlu, atəşlərin rəqsi xarakteri yaradılır.

 

Azərbaycan qravürlərinin orkestrləşmə üslubu zərb alətlərinə geniş yer verilməsi ilə fərqlənir. Bu da təbiidir. Birinciüçüncü qravür qədim keçmişə səyahət olub, ibtidai dövrün təsvirini verir. Həmin dövrün təsviri bu alətlərlə canlandırılır. Hətta üçüncü qravürün zərb aləti solosu ilə başlanması Qobustanda yerləşən Qavaldaşının səsi ilə bənzəyiş yaradır.

 

Biz bu yazının mövzusuna uyğun olaraq bəstəkarın üç əsərini nəzərdən keçirdik. Amma Fikrət Əmirov üçün Vətən mövzusu yaradıcılığının əsas qayəsidir. Janrından asılı olmayaraq, o öz əsərlərini xalq və vətən sevgisi ilə qələmə alıb. Odur ki, F.Əmirov musiqisi daim xalqın zövqünü oxşayır, insanların mənəvi dünyasını zəngiləşdirir və dərin vətənpərvərlik hissi aşılayır.

 

Səadət Təhmirazqızı

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2022.- 11 may.- S.7.