Əməlləri ilə əbədiyyət qazanmış lider

 

Mayın 10-da – Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Sonra dövlətimizin başçısı və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

 

***

 

Ümummilli lider Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz insan olaraq qalacaq. Çünki o öz işləri, əməlləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. O, Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Ulu öndər Azərbaycanı dünyaya tanıdıb. “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, – deyən Heydər Əliyev bütün dövrlərdə qüdrətli Azərbaycan uğrunda çalışıb. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Onun Azərbaycana rəhbərlik illəri tariximizdə milli intibah dövrü kimi əbədiləşib.

 

O, müstəqil Azərbaycan dövlətinin memarı oldu, iqtisadiyyatı dirçəltdi, ölkəmizin  gələcək inkişafına zəmin olacaq böyük neft erasının əsasını, qüdrətli Azərbaycan Ordusunun təməlini qoydu. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Türk dünyasının bu böyük oğlu güclü dövlətçilik məktəbi də yaratdı. Heydər Əliyev ən mürəkkəb ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətlərdə belə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib ölkəsinin çıxarlarını praqmatik ağılla və təcrübəsi ilə dəqiqliklə hesablayan lider idi. Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Ümummilli liderin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun...”.

 

Həmin vaxt 2020-ci ildə yetişdi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi. Ulu öndərin təməlini qoyduğu Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət beşiyi olan Şuşada qürurla dalğalanmağa başladı. Bununla daŞuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən ulu öndərin ən böyük arzusu həyata keçdi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Xalqımız bundan sonra böyük dövlət xadimi, müasir Azərbaycanın banisi Heydər Əliyevin hər doğum gününü Vətən müharibəsində qazanılmış şanlı Qələbənin doğurduğu sevinc hissi ilə qeyd edəcək.

Mədəniyyət.- 2022.- 11 may.- S.2.