Tarixi tikililər şəhəri

Söz-sənət beşiyi Şuşa şəhəri həm də özünün memarlıq abidələri ilə məşhurdur. 270 yaşlı şəhər yarandığı vaxtdan burada müdafiə tikililəri ilə yanaşı, çoxlu yaşayış evləri, imarətlər, saraylar, hamamlar, karvansara və məscidlər inşa olunub. Şuşanın abidələri rubrikasında mədəniyyət paytaxtımızın tarixi-mədəni tikililəri haqqında söz açmağa davam edirik.

 

 

Gəncə qapısı

 

 

Yəqin ki, Şuşanın işğaldan əvvəlki fotoşəkilləri arasında qala qapısının üzərində şəhərin adının kiril əlifbası ilə yazıldığı kadrı xatırlayarsınız. Bizim üçün 28 il əlçatmaz olan Şuşanı o şəkillə həm təbliğ edir, həm də yaddaşımızda yaşadırdıq. Var olsun şanlı Ordumuz, bu gün Şuşamız azaddır. Həmin köhnə kadrdakı qala qapısının üzərində də latın qrafikalı Azərbaycan əlifbası ilə Şuşa yazısı var...

 

Şuşa qalasının üç əsas qapısı olub: Gəncə, İrəvan və Ağoğlan. Gəncə qapısı həm də Çiləbörd qapısı adlanıb. Qalanın bu qapıdan çıxan yolu Şuşanı Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi. Tarixçi alim, akademik Yaqub Mahmudovprofessor Camal Mustafayevin Şuşa Pənahabad kitabında bu barədə qeyd olunur ki, Şuşanın əsas qapısı rolunu oynayan bu qapının tikintisi Pənahəli xanın dövrünə aiddir. Düşmən ordusunun hücumu zamanı onun şəhərə birbaşa yaxınlaşmasına yol verməmək üçün bir tərəfi Gəncə qapısına birləşdirilən müdafiə divarı tikilmişdi. Keşikçilərin yaşaması üçün tikilmiş bina isə şəhər tərəfdən Gəncə qapısının kənarına söykənirdi.

 

Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı dövrümüzədək daha yaxşı vəziyyətdə gəlib çıxıb. Şahmatvarı və küknar düzülüşlü qara daşlardan toxunmuş hörgü, qalanın dərin oxvarı tağlı girişini effektiv şəkildə əhatə edir. Giriş üzərində dağılmış yalançı pəncərə çıxışlarının simmetrik izləri var. Onların arasında mazğallarya qala bacaları yerləşir. Yalançı və həqiqi pəncərə çıxışlarının sıralanması o dövr memarlığında ictimai binaların fasadlarının həll edilməsi üçün geniş istifadə edilən üsul olmaqla memarlar tərəfindən mülki memarlıqdan qaynaqlanırdı.

 

Gəncə qapısının düz səthi, müəyyən şəhərsalma xüsusiyyəti daşımaqla, ona parad görünüşü verir. Bu qapının ikinci yarusunda silahlar saxlanılırdı. Qərb tərəfdən qapıya üç yaruslu dairəvi qüllə birləşir. Qüllənin müxtəlif yerlərində pərakəndə şəkildə mazğallar yerləşdirilib. Sovet dövründə Şuşa qalasının şimal hissəsində, həmçinin Gəncə qapısında müəyyən bərpa işləri aparılıb.

 

 

Əsəd bəyin evi

 

 

Şuşanın məşhur əsilzadələrindən olan Əsəd bəy həm də xeyriyyəçi kimi tanınıb. Onun möhtəşəm evi Xurşidbanu Natəvanın sarayının yaxınlığında yerləşir. XVIII əsrin əvvəllərində inşa olunan evin memarlıq və plan həlli ilə Şəki şəhərindəki Şəkixanovların evinin çoxlu ortaq xüsusiyyətləri var. Şəkixanovların evində olduğu kimi, Əsəd bəyin evininkompozisiya mərkəzində T formalı böyük zal, ətrafında otaqlar yerləşir.

 

Əsəd bəyin evini bu cür plana malik əsilzadə evlərindən fərqləndirən əsas xüsusiyyət onun çoxotaqlı olmasıdır. Uzadılmış düzbucaqlı formasına malik evin birinci mərtəbəsindəki otaqlar üç qrupa bölünüb: mərkəzdə iri zalonun ətrafında kiçik otaqlar, iki tərəfdə isə hər biri iki otaqdan ibarət olan daha iki qrup otaq yerləşir.

 

Evin mərtəbələri arasında daxili əlaqə mövcud deyil. İkinci mərtəbəyə evin fasadının hər iki küncündə inşa edilmiş iki daş pilləkənlə qalxmaq olar. Bu pilləkənlər ikinci mərtəbədə yerləşən iki vestibülə aparır. Həmin vestibüllərdən kiçik dəhlizlər vasitəsilə iri qonaq zalına keçmək mümkündür. Qonaq zalı bütün fasad boyunca nəhəng şəbəkə pəncərəyə malikdir. Həm vestibüllərdən, həm də dəhlizlərdən zalın ətrafındakı otaqlara qapılar açılır. İri qonaq zalı ilə yanaşı, evin ikinci mərtəbəsində bir qədər kiçik ölçülərə malik olantikilinin qərb tərəfində yerləşən ikinci zal da vardır. Bu iki iri zalla bərabər, evin ikinci mərtəbəsində daha 10 otaq var.

 

Qeyd edək ki, birinci mərtəbənin inşasında yerli qaya daşlarından, ikinci mərtəbənin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunub. Fasadın kompozisiyası üç nəhəng şəbəkə pəncərə və onların yanında yerləşməklə bir qədər birinci mərtəbəyə də keçən iki dərin niş əsasında qurulub.

 

Erməni işğalı zamanı dağıntıya məruz qalan tikili Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 13 may.- S.4.