Muzeydə İkinci Dünya müharibəsi haqqında kitabın təqdimatı olub

AMEA Milli Azərbaycan Tarixi Muzeyində faşizm üzərində Qələbənin 77-ci ildönümü ilə bağlı Göyçə mahalı İkinci Dünya savaşında: həlak olanlaritkin düşənlər adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, kitabın müəllifi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Lütfiyar Nəsibov, tarixçi İsmayıl Umudlu, müstəqil tədqiqatçı Araz Yaquboğlu, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yaqub Sərdarov, Bakı Neft Emalı Zavodunun əməkdaşı Qurban Göyçəli və şair-publisist Qurban Əliyev çıxış ediblər. Çıxışlarda bu mövzuda tədqiqatların əhəmiyyəti qeyd olunub.

Qeyd edək ki, kitabın yazılması zamanı Rusiya Federasıyası Müdafiə Nazirliyinin arxiv materiallarından və internet resurslarından istifadə edilib. Nəşrdə İkinci Dünya müharibəsi zamanı cəbhəyə yollanan Göyçə mahalının Basarkeçər, Çəmbərək, Aşağı Qaranlıq və Yeni Bayazid rayonları üzrə azərbaycanlılara aid məlumatlar və arxiv sənədləri yer alıb.

Sonda L.Nəsibov müəllifi olduğu kitabın təqdimatının təşkilinə görə muzey rəhbərliyinə minnətdarlığını bildirib.

 

 

Mədəniyyət.- 2022.- 13 may.- S.6.