“Beş dul qadın rəis”in aqibəti

 

Ötən həftə teatrsevərlər daha bir premyeranın sorağına yığışdılar. Bu dəfə İrəvan Dövlət Azərbaycan Dram Teatrı özbək yazıçı-dramaturqu Qoçkar Norkabilin “Beş dul qadın rəis” komediyası əsasında hazırlanan səhnə əsəri ilə tamaşaçıların qarşısına çıxdı.

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan premyeraya Özbəkistandan qonaqlar – mədəniyyət, ədəbiyyat adamları, o cümlədən komediyanın müəllifi gəlmişdi.

 

Əvvəlcə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev çıxış edərək bu il 140 yaşını qeyd edən sənət ocağının keçdiyi zəngin yola qısa nəzər saldı. Bildirdi ki, Azərbaycan milli teatr sənəti tarixində məxsusi yeri olan İrəvan teatrı bu gün bəşəri milli dəyərlərin səhnə sənəti baxımından yorulmaz təbliğçilərindəndir.

 

Direktor Azərbaycan-Özbəkistan sənət əlaqələri, bu əməkdaşlığın bir nümunəsi olaraq ərsəyə gələn tamaşa haqqında da söz açdı. Bildirdi ki, teatr 140-cı mövsümünün ikinci premyerasını təqdim edir. Özbəkistanın tanınmış dramaturqu Qoçkar Norkabilin bu əsəri millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə İrəvan teatrında səhnələşdirilib. Bu təşəbbüs həm ümumi türkçülüyümüzə xidmət edir.

 

Azərbaycan-Özbəkistan qardaşlığı haqqında danışan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da sənətin, mədəniyyətin körpü rolunu oynadığını qeyd etdi. Vurğuladı ki, Özbəkistanın ədəbiyyat, mədəniyyət, ictimaiyyət nümayəndələrinin bu premyerada iştirakı həm söz, sənət birliyimizin nümunəsidir. Biz Özbəkistan Azərbaycan arasında mədəni əlaqələrin daha da inkişafı üçün çalışmalıyıq. Qardaş ölkədə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına böyük sevgi var, bir sıra filmlərimiz hətta tərcüməsiz nümayiş olunur. Qoçkar Norkabil xanımı, tanınmış şairə Xasiyyət Rüstəm Azərbaycana sevgi bəsləyən, kədərimizi , sevincimizi bölüşən insanlardır: “Xasiyyət xanım Tovuz hadisələri zamanı daim yazırdı bir kitab çap etdi. Həmçinin 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər münasibətilə “44 gün” kitabını nəşr etdirib...”.

 

Milli Məclisin komitə sədri İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, baş rejissor, Əməkdar artist Sərvər Əliyev, tamaşanın bəstəkarı, Xalq artisti Sərdar Fərəcov, yazıçı-dramaturq Qoçkar Norkabili Bakıda səfərdə olan Özbəkistan heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim etdi.

 

Özbək nümayəndələr tamaşanın heyətinə, öz növbəsində teatr rəhbərliyi qonaqlara xatirə hədiyyələri təqdim etdilər.

 

Çıxışlardan sonra tamaşa nümayiş olundu.

 

 

 

Oxşar problem, fərqli baxış

 

 

 

“Beş dul qadın rəis” birhissəli komediyadır əsas ideyası xurafat ilə mübarizədir. O xurafat ki, ağlından, zəkasından, savad dünyagörüşündən asılı olmayaraq, hansısa məqamda istənilən adamı cənginə ala bilər. Elə bu tamaşanın qəhrəmanları kimi. Əsərin mövzusu sadə, məişətimizlə səsləşən problem ətrafındadır.

 

Şirkətə yeni müdir təyin olunur onun qoyduğu qayda-qanunlar – məsələn, işə vaxtında gəlmək, məhsuldarlığı artırmaq, nizam-intizama riayət etmək təminat şöbəsindəki beş dul qadın əməkdaşı qətiyyən qane etmir. Hər vəchlə yeni müdirin tələblərini qulaqardına vurmağa çalışırlar. Daha doğrusu, işləmək əvəzinə beyinlərini kələkbazlıqla yorub, gah işvə-nazla müdiri yoldan çıxarmağa çalışır, gah da falçılara üz tuturlar. Kimisi konfetə, kimisi banana, kimisi ota “dua” oxutdurub rəisin “dilini-ağzını bağladığına” inanır. Təbii ki, hamısının da vasitəçi kimi üz tutduğu şəxs rəisin otağına ən çox girib-çıxan beşinci dul qadın – xadimə olur.

 

Bundan duyuq düşən özünü bir az axmaq, avam kimi göstərməyə çalışan yeni rəis onun xanımı da boş dayanmırlar. Rəis öz həyat yoldaşını xadimə kimi işə götürür, işdəki qadınların bütün planlarını öyrənib əks-hücuma keçir. Məzuniyyətə göndərilən xadimənin yerinə onun vəzifəsini icra edən rəis xanımı həmcinslərinin kələyinin üstünü açır.

 

Musiqili komediya nikbin bitir. Rəis xanımı qadınları bağışlayırlar üstəlik, onlarla işləməkdən məmnun olduqlarını deyirlər.

 

Sadə, günümüzdə bir sıra məqamlarına görə problematik məsələyə fərqli rakursdan baxan tamaşanın quruluşçu rejissoru Sərvər Əliyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, bəstəkarı Sərdar Fərəcov, şeirlərin müəllifi Rəsmiyyə Sabirdir. Rolları aktyorlar Xatirə Süleymanova, Sevinc Hüseynova, Elnarə Heydərova, Pərvin Dadaşova, Səbinə İmanverdiyev, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Xədicə Məmmədova, Günel Əliyeva ifa edirlər.

 

İnsanlara səmimiyyət, dostluq, bağlılıq dürüstlük kimi dəyərləri aşılayan tamaşada quruluş həllini tam tapa bilməyən məqamlar da yox deyildi. İdeyanın səhnə həllində yol verilən yanlışlar xüsusilə özbək müəllifin şarlatan kimi verdiyi ümumiləşmiş falçı obrazını talış ləhcəsində, həm çox primitiv təqdimatı təəssüf doğuran məqam kimi yadda qaldı. Doğrudur, falçı qadın onun tərəf-müqabili aktyor səhnədə bir-birlərini yaxşı tamamladılar, tamaşaçıların qəşş edib gülməsi üçün əllərindən gələni etdilər. Amma müəllifin öldürücü gülüşünü, sarkazmla dediyi mətləbləri ötürə bilmədilər. Bunun əvəzində “Qız, səni yanasan”, “Vıy, səni gün görməyəsən”, “Nədi ki... kimi replikalarını geninə-boluna istifadə etdilər. Hələ üzərlik yandırıb tamaşa salonunu hərləndilər .

 

Nəticədə əsərin nüvəsindəki tənqid, cəmiyyət üçün ağrılı olan bəsit düşüncəyə təpki üzərindən səthi keçildi.

 

Bununla belə, tamaşanın gedişatı, ümumi ovqatı, şəkillər arasındakı əlaqəsi yaxşı idi. Son şəkillərdəki darıxdırıcılıq, daha doğrusu, lirik komediyaya (rəis və onun yeni xadiməsi oyununa girən arvadının etirafları) keçid sanki rejissorun əlindən “çıxmamışdı”. Əvəzində rejissor masa ətrafına topladığı bütün aktyorlara bolluca improvizə sərbəstliyi vermişdi. Beləcə, falçı xala və köməkçisi, eləcə də dul qadınlar sanki premyeranın uğurunu qeyd edibmiş kimi öz aralarında danışır, himləşir, şampandan dadır və bəzən çaşqın-çaşqın “İndi nə edək?” deyirmiş kimi boylanırdılar.

 

Tamaşanın hazırlıq prosesinin, məşqlərin nisbətən az olduğu nəzərə çarpsa da, aktyorların dinamikası, oynamaq həvəsləri və xırda detallara, rejissorun sadə təlimatlarına da tamam-kamal uymaqları xoş təsir bağışlayırdı.

 

Aktyorların diksiyasındakı səlislik, bütün sözlərin aydın və eşidiləcək həddə səslənməsi, eləcə də yersiz qışqırıq və bəsit hoqqabazlığa qaçmamaq yaxşı cəhətləri idi. Rejissor da sırf “hırıltı” üçün lağlağının dozasını keçməmişdi və ən əsas vulqar ibarələr, işarə və kütləviləşmiş ştrixləri tamaşasına yaxın buraxmamışdı. Tamaşanın musiqi həlli (səlis, sadə və polifonik mahnı mətnləri) də alqışlanmalıdır...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 13 may.- S.5.