Şuşadan dünyaya – dünyadan Şuşaya

 

Mədəniyyət paytaxtımızın ününü cahana yayan “Xarıbülbül” festivalına üç qitədən musiqiçilər və rəqs kollektivləri qatılıb

 

 

 

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.

Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət NazirliyiŞuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

Üç gün davam edəcək festivala dünyanın üç qitəsinin – Asiya, Afrika və Avropanın on ölkəsindən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın regionlarından folklor kollektivləri qatılıb.

Festivalın açılış konserti Cıdır düzündə qurulan böyük səhnədə keçirilib. Proqram Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Vətən süitası” ilə başlayıb.

Sonra Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və Səbinə Ərəblinin ifasında “Qarabağ şikəstəsi”nin sədaları Şuşa dağlarına yayılıb.

Vətən müharibəsində Azərbaycana əsl qardaşlıq dəstəyi göstərən Türkiyəni festivalda Ankara Türk Dünyası MusiqiXalq Rəqsləri Ansamblı təmsil edir. Ansamblın ifasında “Van yöresi” xalq rəqsi maraqla qarşılanıb.

 

Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu “Çal-oyna” xalq mahnısını, “Cəngi” estrada folklor rəqs ansamblı “Tənzərə”, Əməkdar artist Şirzad Fətəliyev və nəfəs alətləri qrupu isə “Turacı” xalq rəqslərini ifa ediblər.

Sonra səhnəyə çıxan Malinin “Şeyx Tidiane Sek” etno-caz qrupu “Sanqa Bo” kompozisiyasını, “Pakistan rəngləri” qrupu “Bhanqra” rəqsini, Gürcüstandan “Melitassi” folklor rəqs ansamblı “Svanuri” rəqsini təqdim ediblər.

 

Azərbaycan Dövlət Rəqs Ansamblı avar xalq rəqsini, Tunisin “Yuma” dueti “Smek” kompozisiyasını, Özbəkistanın “Baxor” Dövlət Rəqs Ansamblı isə “Bayot” xalq rəqsi ilə alqışlar qazanıb.

 

Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Qarabağ qaytağısı” saz havasını, Xalq artisti Polad Bülbüloğlu və Bakı Xoreoqrafiya Akademiyasının “Xarıbülbül” rəqs ansamblı “Qarabağım” mahnısını təqdim ediblər.

 

Açılış konserti Əməkdar artist Aybəniz Haşımovanın və “Bülbüllər” qrupunun ifasında “Vətəndən pay olmayır” mahnısı ilə başa çatıb.

 

Mayın 12-də günün ikinci yarısının proqramında folk-caz, folk-rok janrında konsert yer alıb. İştirakçılar: Ahmedowsky (Azərbaycan), “Şeyx Tidiane Sekin” etno caz qrupu (Mali), “Yuma” dueti (Tunis).

 

Festivalın ikinci gününün (13 may) proqramına kiçik səhnədə folktronika janrında konsert (caz pianoçusu Etibar Əsədlinin qrupu (Azərbaycan/Fransa) və “Trigaida” qrupu (Bolqarıstan), folk-pop konsertiColors of Pakistan” və Özbəkistanın “Baxor” Dövlət Rəqs Ansamblı), böyük səhnədə (Cıdır düzü) isə Əməkdar artist Qoçaq Əsgərov (xanəndə), Arslan Növrəslinin (tar) etno-caz qrupu və “Cəngi” estrada folklor ansamblının konsertləri daxildir.

 

Festivalın üçüncü günündə (14 may) Azərbaycanın regionlarının kollektivləri – “Halay” talış folklor qrupu (Masallı),“Nənələr” ingiloy folklor qrupu (Balakən), “Adıgün” axıska türklərinin folklor qrupu (Saatlı), aşıq Elman Talıstanlı (İsmayıllı), “Cahan” avar folklor qrupu (Balakən), “Çeşmə” folklor ansamblı və “Hudulki” avar rəqs qrupu (Zaqatala) zəngin proqram təqdim edəcəklər. Bundan əlavə, Misirdən Hamza Namiranın folk-pop konserti nəzərdə tutulub. Festivalın son konsertini Cıdır düzündəki böyük səhnədə Azərbaycan Dövlət Rəqs Ansamblı, Ankara Türk Dünyası MusiqiXalq Rəqsləri Ansamblı (Türkiyə) və “Melitassi” folklor rəqs ansamblı (Gürcüstan) təqdim edəcək.

 

V Xarıbülbül Beynəlxalq Folklor Festivalının proqramı ilə festivalın rəsmi saytında (xaribulbulfestival.az) və sosial şəbəkə hesabında tanış olmaq mümkündür.

 

***

 

Xatırladaq ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş SSRİ respublikalarından – Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), LitvaBelarusdan da musiqi qrupları iştirak ediblər.

 

1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail Türkiyədən folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyətə görə əsas konsertlər Ağdamda təşkil edilib. 1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən nümayəndələr qatılıb. II III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.

 

Dördüncü festival 1992-ci ilin mayında keçirilməli idi. Dünyanın 30-dan çox ölkəsindən qonaqlar dəvət edilmişdi. Həmin ilin 8 mayında Qarabağın baş tacı Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra təşkilat komitəsi festivalı ləğv etdi. Xarıbülbülün yurdu Şuşasız artıq bu festivalın önəmi də qalmamışdı..

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra “Xarıbülbül” festivalı yenidən əzəli məkanına – Şuşaya qayıtdı.

 

2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində qeyd etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq.

 

2021-ci ilin 12-13 may tarixlərində Şuşada – Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı bərpa olundu. Sayca 4-cü festivalda milli rəqs, muğam sənəti təqdim olundu, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi.

 

Bu il isə “Xarıbülbül” sənət şöləni yenidən beynəlxalq folklor festivalı formatında davam edir...

 

Mədəniyyət.- 2022.- 13 may.- S.1;2.