Azərbaycan boyda bir ölkədə iki kino ittifaqının olması düzgün deyil

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri vəzifəsinə Xalq artisti, görkəmli aktyor Rasim Balayevin namizədliyi təsdiqlənib. Bu barədə mayın 11-də ittifaqın idarə heyətinin iclasında qərar qəbul olunub.

Toplantıda ittifaqın sədrliyinə namizədlik məsələsi və digər məsələlər müzakirə olunub. İclasda uzun illər AKİ-yə rəhbərlik etmiş mərhum Rüstəm İbrahimbəyovun xatirəsi ehtiramla yad edilib.

İdarə heyətinin üzvü, Xalq yazıçısı Anar sədr vəzifəsinə Xalq artisti Rasim Balayevin namizədliyini irəli sürüb. İdarə heyətinin üzvləri bu namizədliyi təsdiqləyiblər. May ayının sonlarında Azərbaycan Kinematoqrafçılar İttifaqının ümumi iclasında sədr təyinatı məsələsinin həll edilməsi qərara alınıb.

 

Rasim Balayev 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi olub.

Qeyd edək ki, 2012-ci ildən ölkəmizdə kino sahəsi üzrə iki yaradıcı ittifaq Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) fəaliyyət göstərir.

AKİ 1963-cü ildə təsis edilib. 1981-ci ildən ittifaqa kinodramaturq Rüstəm İbrahimbəyov rəhbərlik edib. 2012-ci ildə təsis edilən ARKİ- Xalq artisti, professor Şəfiqə Məmmədova rəhbərlik edir. Həmin il AKİ-ni tərk edən bir sıra kino xadimləri yeni ittifaqa üzv olublar.

AKİ-nin yeni rəhbəri olacaq Xalq artisti Rasim Balayev ittifaqların birləşməsinə tərəfdardır. Mən demişəm, yenə təkrar edirəm: bir ölkədə, xüsusən Azərbaycan boyda bir ölkədə iki ayrı kino ittifaqının olması düzgün deyil. Bu yalnız kinonun inkişafına mane olur, ləngidir. Mən ittifaqların birləşə biləcəyi təşəbbüsünü irəli sürmüşəm, indi necə olacaq, onu zaman göstərəcək, -- deyə o bildirib.

Xalq artisti ölkə başçısının müvafiq sərəncamı ilə yeni yaradılan Azərbaycan Respublikası Kino Agentliyi ilə sıx əməkdaşlığın vacibliyini vurğulayıb: Mən ümid edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) yeni yaradılan Kino Agentliyi ilə daimi əlaqədə olacaq. Çünki agentliyə təcrübəli, işini bilən, kinodan başı çıxan adamların dəstəyi lazımdır. Bizim qurum da təcrübəli üzv idarə heyəti ilə agentliyə mümkün dəstəyi verəcək....

 

Mədəniyyət.- 2022.- 13 may.- S.5.