Türk dünyasının ənənəvi əl sənətləri Bursada bir araya gəlib

Mayın 11-də Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 5-ci Bursa Ənənəvi Əl İşləri Festivalı başlayıb.

 

Bursa-2022: Türk Dünyasının Mədəniyyət Paytaxtı ili çərçivəsində Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan festivalda Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tatarıstan (RF), Macarıstan, BosniyaHerseqovina, eləcə də Türkiyənin 20-dən çox vilayətindən 100-dən artıq sənətkar əl işlərini təqdim edir.

 

Mehteran qrupunun çıxışı ilə başlayan festivalın açılış mərasimində TÜRKSOY-un Baş katibi Sultan Raev, Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsi Xalq mədəniyyəti şöbəsinin müdiri Serkan Emir Erkmen, Bursa şəhər rəsmiləri və çox sayda qonaq iştirak edib.

 

Baş katib Sultan Raev açılış nitqində xalq sənətinin mədəniyyətin nəsildən-nəslə ötürülməsində böyük rol oynadığını xatırladıb, festivalda ənənəvi sənət növlərini yaşatmağa və təbliğ etməyə çalışan ustaların əl işlərinin sərgiləndiyini deyib. Bildirib ki, TÜRKSOY bu dəyərlərin gələcəyə ötürülməsi üçün bundan sonra da səy göstərəcək: Ənənəvi xalq sənətkarlığını yaşatmağa çalışanları dəstəkləməli, türk mədəni irsini yeni nəsillərə ötürə biləcək yeni ustaların yetişdirilməsini təşviq etməli, bu sənətkarlıq nümunələrinin təbliği üçün çalışmalıyıq. Festivalla bu işə dəstək verən Bursa şəhərinin rəhbərliyinə təşəkkürümüzü bildiririk....

 

Bələdiyyə başqanı Alinur Aktaş çıxışında Bursanın füsunkar bir yer olmaqla yanaşı, şəhərin kimliyini təşkil edən mədəni dəyərlərin sənət dünyasında öz əksini tapdığı bir bölgə olduğunu vurğulayıb. Bursanın sənayesi, mədəni və ictimai həyatı ilə seçilən, sosial-mədəni həyatını müxtəlif fəaliyyətlərlə daim zənginləşdirən şəhər olduğunu bildirən A.Aktaş, Hər layihəmizdə mədəni və bədii dəyərlərimizi təkcə türk millətinə deyil, bütün dünyaya buraxacaq bir miras olaraq görürük deyib.

 

Açılış lenti kəsildikdən sonra ənənəvi əl işlərinə baxış keçirilib.

 

Qeyd edək ki, festivala Azərbaycandan əl sənəti ustaları Nazilə Əbilova (xalçaçılıq və toxuculuq), Nahid Vahabov (taxta sənəti), Arif Abdullazadə (milli alətlər ustası), Rəşad Murtuzayev (xalçaçılıq) qatılıblar.

 

Ümumilikdə 80-ə yaxın sənət növü sahəsində çalışan ustaların əl işlərinin nümayiş olunduğu beynəlxalq festival mayın 15-dək davam edəcək.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2022.- 13 may.- S.3.