Ölkəmiz Tehran Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Mayın 11-də İranın paytaxtı Tehranda ənənəvi beynəlxalq kitab sərgisi işə başlayıb. 13 ölkənin qatıldığı 33-cü Tehran Beynəlxalq Kitab Sərgisində Azərbaycan da iştirak edir.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və ölkəmizin İrandakı səfirliyinin dəstəyi ilə qurulan stenddə Azərbaycanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına, incəsənətinə dair 250-dən çox kitab, eyni zamanda Qarabağ, Vətən müharibəsi və böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında yeni çap olunmuş nəşrlər nümayiş etdirilir. Xüsusi tərtibatı olan Şuşa kitabı və Nizami Gəncəvi. Xəmsə nəşri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və şöbənin əməkdaşı İslam Hüseynov tərəfindən stendə yaxınlaşan ziyarətçilərə ölkəmizin mədəniyyəti və ədəbiyyatı haqqında, Qarabağ həqiqətləri barədə, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri ilə bağlı məlumat verilir.

Nümayəndə heyətinin rəhbəri Akif Marifli yerli televiziya kanallarına və kütləvi informasiya vasitələrinə milli stendimiziki ölkə arasında mədəni əlaqələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə müsahibələr verib.

33-cü Tehran Beynəlxalq Kitab Sərgisi mayın 21-dək davam edəcək.

 

Mədəniyyət.- 2022.- 13 may.- S.1.