Qəhrəmanlar unudulmur

 

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş əməkdaşı Hikmət Lətif oğlu Məmmədovun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

 

Hikmət Məmmədov 1993-cü il noyabrın 19-da Gəncə şəhərində anadan olub. 2015-ci ildə Gəncə Dövlət Universitetini mühasibat uçotuaudit ixtisası üzrə bitirib. Sonra hərbi xidmətdə olub. Hərbi xidməti başa vurandan sonra Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunda çalışıb.

 

Vətən müharibəsində könüllü iştirak edən Hikmət Məmmədov 2020-ci il oktyabrın 2-də Goranboy rayonunun Buzluq kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

***

 

Saatlıda Vətən müharibəsi şəhidi Oktay Əhməd oğlu Səfərovun xatirəsinə inşa olunan bulaq kompleksi açılıb.

 

Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində döyüşlərdə iştirak edən Oktay Səfərov düşmənin xeyli canlı qüvvəsinin, texnikasının məhv edilməsində igidlik göstərib. Noyabrın 3-də Xocavənd istiqamətində gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Doğulub boya-başa çatdığı Qaralar kənd qəbiristanlığında dəfn olunub.

 

Oktay Səfərov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 Mədəniyyət.- 2022.- 18 may.- S.4.