Mövcudluqda ünsiyyət

 

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində mərhum rəssam Ucal Haqverdiyevin Mövcudluqda ünsiyyət adlı ilk genişmiqyaslı sərgisini təqdim edəcək.

 

Mayın 26-da açılacaq sərgi (kurator Fərəh Ələkbərli) fərdi və ictimai kolleksiyalardan toplanmış ekspozisiya, 300-ə yaxın rəngkarlıq və qrafika əsəri ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edərək onun bir çox rəsmlərini, eskizlərini, albom qaralamalarını, şeirlərini, şəxsi əşyalarını, eləcə də fotolarını ilk dəfə bir araya gətirir. Əsərlərin əksəriyyəti geniş ictimaiyyətə ilk dəfə təqdim olunur.

 

Mövcudluqda ünsiyyət Ucal Haqverdiyevin məkanda olması ideyasını nəql edir. Sərgi rəssamın yaradıcılığının bütün bucaqlarını işıqlandıraraq onunla səssiz dialoqda olmaq imkanını təklif edir. Rəssamın həyatda olmamasına baxmayaraq, sərgi onun məkana müşahidə və nəzarət etməsi konseptindən çıxış edir. Bu ünsiyyət onun mövcudluğunu hiss etdirir.

 

U.Haqverdiyevin daxili aləmindən bəhs edən ekspozisiya rəssamın şəxsiyyətinin və yaradıcılığının bütün aspektlərini əks etdirməklə, həm də onu daim yeniliklər axtarışında olan mükəmməl kolorist və rəsm bilicisi kimi də təqdim edir. Ötən əsrin 80-ci illərində yaradıcılığa başlayan Ucal Haqverdiyevin müxtəlif janr, istiqamət və növlərdə bədii axtarışları, eksperimentləri məlumdur. Təkcə vizual axtarışlarla deyil, həm də tematik cəhətdən zəngin olan yaradıcılığında rəssam gündəlik mövzulardan (insanlar, heyvanlar, təbiət, əşyalar və s.) savayı təxəyyül və yuxular, Şərq fəlsəfəsi və dini mövzulara ciddi istinadlar edir. Bu axtarışların nəticəsində Ucal bənzərsiz dəst-xətti ilə müstəsna vizual dilini yaradaraq öz müxtəlifliyində heç kimə bənzəməyən rəssam kimi incəsənət tarixində qalıb.

 

O, həyatının son 5 ilini Bakıda yerləşən Mixail Arxangel kilsəsinin divar rəsmlərinin çəkilməsinə həsr etmişdi. Ölümündən sonra yarımçıq qalmış işini onun həyat yoldaşı, rəssam Yelena Haqverdiyeva tamamlayıb.

 

Mövcudluqda ünsiyyət sərgisi oktyabrın 16-dək davam edəcək.

 

Mədəniyyət.- 2022.- 18 may.- S.5.