Dünyanın ən uzun mədəniyyət gecəsi

 

18 may Beynəlxalq Muzeylər Günüdür (İnternational Museum Day). 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (İCOM) konfransında təsis olunan günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Beynəlxalq Muzeylər Günü bu il Muzeylərin gücü devizi altında keçirilir və muzeylərin potensialını üç əsas istiqamətdə dayanıqlı inkişaf, rəqəmsallaşdırma və əlçatanlıqda innovasiyaların gücü, təhsil vasitəsilə icma qurmağı hədəfləyir.

Əlamətdar günlə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı aksiyası elan olunub. Beynəlxalq Muzeylər Günü çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində tamaşaçılara müxtəlif multimedia layihələri təqdim ediləcək.

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ikiillik fasilədən sonra ənənəvi beynəlxalq Muzeydə gecə aksiyası da geri qayıdaraq yeni reallıq və rəqəmsal texnologiyalar formatında baş tutacaq. Fərhad Fərzəliyev, Günel Ravilova, Lyudmila Kristeseva və digər müəlliflərin multimedia instalyasiyaları, rəqəmsal layihələri, davamlı inkişafgender mövzularında əsərləri təqdim ediləcək.

Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə muzeydə ilk dəfə açıq səma altında Bakı Kamera Orkestrinin konserti keçiriləcək. Həmçinin muzeyin zəngin kolleksiyasından seçilmiş eksponatlar əsasında Xalq rəssamı Səttar Bəhlulzadənin sehrli sənət dünyasının bütövlükdə instalyasiyaya çevrildiyi proqram şəhərimizin sakinləri və qonaqlara təqdim ediləcək.

Müasir texnologiyaların imkanları geniş auditoriya tərəfindən muzey eksponatlarının öyrənilməsini daha qeyri-adi və maraqlı edir. Bununla əlaqədar Azərbaycan Milli İncəsənət Muzeyi ölkəmizin ən aparıcı muzeylərindən biri olaraq ictimaiyyəti tarixin müxtəlif dövrlərini əks etdirən zəngin muzey kolleksiyasına ən yeni multimedia texnologiyaları, müasir formainnovativ konseptlər vasitəsilə maraqlı bir gecəyə səyahətə dəvət edir.

Könül Rəfiyevanın kuratorluq etdiyi Azərbaycan-İsveç art dialoqu multimedia layihəsini təqdim edən İsveçin Azərbaycandakı Səfirliyi Muzeydə gecə layihəsinin də əsas tərəfdaşıdır.

Muzeydə gecə-2022 multimedia layihəsi Mədəniyyət Nazirliyinin museum.az onlayn platformasında yayımlanacaq.

 

Mədəniyyət.- 2022.- 18 may.- S.1.