Ömrünü Gəncə səhnəsinə həsr edən sənətkar

 

Sənətin məsuliyyətini dərk edən, davamlı axtarışda olub bilik və təcrübəsini artırmaqdan usanmayan yaradıcı insanların uğurları yaddaşlarda əbədi qalır. Uzun illər Gəncə Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərmiş Əməkdar incəsənət xadimi Həsən Ağayev də belə sənətkarlardan olub.

 

Həsən Səfər oğlu Ağayev 10 may 1910-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1925-ci ildə Bakı Teatr Məktəbinə qəbul olunub. 1928-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur, təyinatla Bakı Türk İşçi Teatrında səhnə fəaliyyətinə başlayır. Gənc aktyor bu teatrın səhnəsində V.HüqonunParis Notrdam kilsəsi”ndə Hakim, V.Kirşonun “Küləklər şəhəri”ndə Cek və digər pyeslərdə epizodik rollarda səhnəyə çıxır.

 

1932-ci ildə Bakı Türk İşçi Teatrının yaradıcı kollektivi Gəncə şəhərinə köçürülür. Ancaq Həsən Ağayev İrəvan şəhərinə gedir. İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnə fəaliyyətini davam etdirir. Burada çalışarkən o, rejissorluğa maraq göstərir. Bu sənətin sirlərinə yiyələnmək üçün Moskvada A.Lunaçarski adına Teatr Sənəti İnstitutunun Rejissorluq fakültəsinə qəbul olunur. İmkan düşdükcə şəhərdəki digər teatrların da estetik səciyyələri ilə maraqlanır.

 

Teatrşünas, professor İlham Rəhimli “Gəncə teatrı” kitabında Həsən Ağayevdən bəhs edərkən yazır: “1936-cı ildə təhsilini başa vuran Həsən Ağayev Bakıya gəlib. O vaxt Azərbaycan dilində müstəqil musiqili komediya teatrı yox idi. Operetta tamaşaları OperaBalet Teatrında hazırlanırdı. Həsən Ağayev burada Üzeyir Hacıbəylinin “Ər və arvad” əsərinə quruluş verib. Sonralar Bakı Rus İşçi Teatrında, Tiflis Dövlət Azərbaycan Dram Teatrında, Naxçıvan Dövlət Dram Teatrında həm quruluşçu, həm də baş rejissor işləyib. Naxçıvanda hazırladığı “Otello” (Vilyam Şekspir), “Vətən namusu” (Georgi Mdivani), “Günahsız müqəssirlər” (Aleksandr Ostrovski), “Lyubov Yarovaya” (Konstantin Trenyov) tamaşaları teatrın yaradıcılıq həyatında layiqli yer tutur”.

 

Rejissor Həsən Ağayev 1939-cu ildə Gəncə şəhərinə gedir. Müəyyən fasilələrlə 1939-1942 və 1962-1965-ci illərdə Gəncə Dövlət Dram Teatrında baş rejissor işləyib. Bu illərdə C.Cabbarlının “1905-ci ildə”, “Aydın”, “Solğun çiçəklər”, S.Vurğunun “Fərhad və Şirin”, S.Rəhmanın “Xoşbəxtlər”, “Əliqulu evlənir”, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, M.F.Axundzadənin “Hacı Qara”, “Lənkəran xanının vəziri”, Ü.Hacıbəylinin “Ərarvad”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, S.S.AxundovunEşqintiqam”, C.Məmmədquluzadənin “Ölülər”, Z.Hacıbəylinin “Əlli yaşında cavan”, A.Şaiqin “Gözəl bahar”, H.Cavidin “Səyavuş” əsərlərinə maraqlı səhnə həyatı verir. O, rejissor traktovkalarında Moskvanın zəngin teatr mühitindən əldə etdiklərini başlıca sənət konsepsiyası olaraq səhnə həyatı verdiyi əsərlərdə böyük ustalıqla tətbiq edib.

 

Gəncə Dövlət Dram Teatrı 1945-ci ildə təşkil olunan klassik əsərlərin tamaşaya qoyulması üzrə ümumittifaq müsabiqəsinə qatılır. Rejissor Həsən Ağayevin quruluş verdiyi  N.Qoqolun “Müfəttiş” komediyası müsabiqədə kollektivin böyük yaradıcılıq nailiyyəti kimi qiymətləndirilir.

 

Araşdırmalarda qeyd edilir ki, rejissorun səhnə tərtibatlarında hər zaman müasir yanaşmalar özünü göstərib. Bu, sənətkarın quruluş verdiyi M.Təhmasibin “Aslan yatağı”, M.İbrahimovun “Məhəbbət”, “Həyat”, R.Şahvələdin “Qız qalası”, İ.Səfərlinin “Xeyir və şər”, İ.Əfəndiyevin “Bahar suları”, Ə.Məmmədxanlının “Şərqin səhəri”, M.S.Ordubadinin “Dumanlı Təbriz”, S.Rüstəmovun “Durna”, M.Şamxalovun “Qayınana”, N.Xəzrinin “Sən yanmasan...”, İ.Məlikzadənin “Yaxın adam”, Y.Əzimzadənin “Unutmayın”, B.Vahabzadənin “Yağışdan sonra” və digər bu kimi yerli müəlliflərin əsərlərində özünü daha çox göstərib.

 

Qeyd edək ki, Məcid Şamxalovun “Qayınana” komediyası vaxtilə zəif əsər kimi səciyyələndirilmiş və teatrların  repertuarından çıxarılmışdı. Bir müddət sonra pyesə Gəncə teatrında Həsən Ağayev müraciət edir. Bu cəsarətli addımın atılması ilə pyes uğurlu səhnə həyatı yaşayır. Respublikanın 10-dan çox teatrında, eləcə də Bolqarıstan və Əfqanıstan teatrlarında səhnələşdirilir. 1978-ci ildə isə rejissor Hüseyn Seyidzadənin quruluşunda (ssenari Əjdər İbrahimov) “Azərbaycanfilm”də eyniadlı musiqili komediya filmi çəkilir.

 

Görkəmli sənətkar Gəncə səhnəsində xarici müəlliflərdən J.B.MolyerinJorj Danden”, M.Lermontovunİki qardaş”, V.ŞekspirinOtello”, L.Malyuginin “Köhnə dostlar”, V.Şkvarkinin “Özgə uşağı”, K.Qoldoninin “Məzəli hadisə”, B.LavrenyovunHücum”, M.Kərimin “Aygül diyarı” və s. əsərlərə də maraqlı səhnə həlli verib.

 

Əməyi yüksək qiymətləndirilən Həsən Ağayev 1958-ci ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Rejissor 20 iyun 1986-cı ildə Gəncədə vəfat edib.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2022.- 18 may.- S.6.