Ekrandan qəlblərə süzülən musiqilər

 

Rauf Hacıyev-100

 

Kinematoqrafı incəsənətdə mürəkkəb mövzuların izahlı kataloqu adlandırmaq olar. Kinoda səsin yaranması ekran əsərlərinin məzmununu, məna dəyərini, mahiyyətini açmaqla yanaşı, digər incəsənət növü olan musiqinin hadisələrə kolorit gətirməsinə imkan yaratdı. Ekran hadisələrini müşayiət edən, süjet xəttinə uyğunlaşdırılan melodiyalar həyat hadisələrini, obrazların daxili dünyasını tədqiq etdi, ekranlaşdırılan ədəbi əsərlərin dərin qatlarının kəşfiyyatçısı kimi personajların tanıtım imkanlarını dəqiqləşdirdi.

Ötən əsrin 40-cı illərindən etibarən Azərbaycan kinosunda bədii və sənədli filmlərə yazılan musiqilər filmlərin ifadə vasitəsini artırmaqla yanaşı peşəkar bəstəkarların daha bir istedadlarını üzə çıxartdı. Rejissorların ideyalarının bəstəkar yaradıcılığında təsdiqi yaradıcı və texniki heyətin məqsədini, ümumilikdə kinonun şöhrətini ikiqat artırdı, tamaşaçı auditoriyasını genişləndirdi.

Milli kinomuza əsrarəngiz musiqi və mahnıları ilə uğur gətirən tanınmış sənətkarlarımızdan biri də Azərbaycanın və SSRİ-nin Xalq artisti, unudulmaz  bəstəkar  Rauf Hacıyevdir. Çoxşaxəli yaradıcılığında kino musiqiləri mühüm yer tutan musiqi sərrafının 100 illik yubiley ilində (15.5.1922 – 19.9.1995) xatirəsini ehtiramla yad edirik.    

Alman yazıçısı Bettina Arnim “Musiqi mənəviyyatla hissiyyat arasında olan vasitəçidir” deyir. Kino hisslərin təntənəsi olduğu üçün musiqi insan mənəviyyatının tədqiqatçısına çevrildi, hadisələrin emosional şərhinə, personajların həmsöhbətimizə çevrilməsinə imkan yaratdı.

 

Çoxşaxəli yaradıcılığını operettalar, xoreoqrafik miniatürlər, simfonik poemalar, fortepiano üçün pyeslər təşkil edən Rauf  Hacıyevin könülləri dilləndirən, ruhu oxşayan melodiyalarını və məzmunlu mahnılarını kinosevərlərə ünvanladığı mesajı, nəsihəti kimi də qəbul etmək olar. Müxtəlif janrlı filmlərin kadrlarını zəngin həyat müşahidəsindən qaynaqlanan melodiyalarla aydınladan bəstəkarın səviyyəli əsərləri dövrlərin və obrazların dolğun təcəssümünü yaradır. 10-dan artıq ekran əsərinin, o cümlədən “Səadət və əmək mahnıları”, “Azərbaycan mədəniyyətinin baharı” və s. sənədli, “Qara daşlar”, “Kölgələr sürünür”, “Qaraca qız”, “Torpaq. Dəniz. Od. Səma” və s. bədii filmlərin, həmçinin “Ordan-burdan” televiziya tamaşasının uğurlu ekran taleyi yaşamasında Rauf Hacıyevin böyük rolu var.

 

İlk dəfə “Nizami” (1941) tarixi-bioqrafik kinooçerkinə musiqi yazan Rauf Hacıyev görkəmli kinorejissorlarla birgə çalışır, milli kinomuzun inkişaf mərhələsində onların fikir və ideyalarının tamaşaçılara dolğun çatdırılmasına kömək edirdi. Onun tammetrajlı bədii kinoda musiqi yazdığı ilk ekran işi “Qara daşlar” (1956) dram-macəra filmi olub. Bəstəkar ekran əsərinin ictimai-sosial mahiyyətini, çətin, məsuliyyətli peşə sahiblərinin gərgin rejimini təsvirlərlə uzlaşan musiqi parçaları ilə çatdırır. Filmin məzmununu tamamlayan melodiyalar Neft Daşlarında baş verən bir sıra gərgin hadisələrin izah metoduna çevrilir, personajların həyat mövqeyinin və hadisələrin şərhçisi rolunu oynayır.

 

Filmin ilkin kadrlarından ciddi həyat hadisələrini, mürəkkəb münasibətləri izləyəcəyimizi anons edən musiqilər mövzuya uyğun formada tədricən (neftin çıxarılması, fəhlələrin prosesi, neftçi geoloqların Neft Daşlarına yola düşməsi, dənizdə fırtınanın baş verməsi, yanğın hadisələri, gənclərin dialoqlarını müşayiət edən romantik əsərlər və s.) sıralanır, dəyişir.

 

Yüksək musiqi duyumuna malik bəstəkarın “Bir qalanın sirri” macəra filminə yazdığı simfonik musiqilər də kadrları dəqiqliklə müşayiət etməsi baxımından diqqət çəkir. Düşüncələrə sirayət edən musiqi parçaları orta əsrlər tarixinə aid ab-havanı təsvirlərə uyğun şəkildə çatdırır, hadisələrin emosionallığını artırır, xeyirlə şərin mübarizəsini dəqiqliklə şərh edir, xeyirxahlığın, qəhrəmanlığın insanlığı xilas edəcəyi fikrini hadisələrin fonunda təsdiqləyir. Nəfəs və zərb alətlərinin müşayiəti ilə səslənən musiqilər uzaq keçmişlə müasir dövrün sintezini yaradır, zaman-mühit anlayışını çatdırır, hadisələrin gedişatına təkan verir. Məktəblilərin nəğməsində  musiqi qədim dövrü, görüntü isə müasir zamanı əks etdirir. Dövrə aid əhvalatlara  keçid verən koloritli musiqilər təsvirlərlə harmoniya təşkil edir, mövzunun maarifçilik missiyasını artırır, tamaşaçı auditoriyasını genişləndirir.

 

Rauf Hacıyevin həyat eşqi duyulan, estetiketik keyfiyyətlər təlqin olunan, bəzən emosional, bəzən isə həyəcanlandırıcı təsir bağışlayan kino musiqiləri haqqında uzun-uzadı danışmaq olar. Onun dram janrlı filmlərlə yanaşı, kinokomediyalara yazdığı maraqlı, məzəli musiqilər də düşüncələrdə iz salan bəstələrdir. Bəstəkarın “Romeo mənim qonşumdur” operettası əsasında yaranan filmin musiqi və mahnıları unudulmayan sənət inciləridir.     

 

Görkəmli kinorejissor Şamil Mahmudbəyovun quruluş verdiyi filmdə yeni mənzilə köçən iki qonşu arasında gedən ixtilafdan və onların övladlarının arasındakı məhəbbətdən bəhs edilir. Filmdə səslənən “Bakı”, “Sevgilim”, “Gəl, ey, yarım”,  “Müştəri gəl”, “Qonşuların mübahisəsi” və digər mahnılar, simfonik orkestrin müşayiəti  ilə səslənən sevgililərin ariyası personajların xarakterini, düşüncə və duyğularını dəqiqliklə şərh edir. Mürəkkəb münasibətləri, yersiz məişət problemlərini xəfif gülüşlə qınayan, tənqid hədəfinə çevirən filmdə ziddiyyətli münasibətləri yumşaldan, xoşməramlı hiss və arzuları təbliğ edən musiqilər üstünlük təşkil edirmövzunun ideya məzmununu təsdiqləyir.

 

Bundan başqa, “Əhməd haradadır?” kinokomediyasında səslənən “Gənclik”, “Bakı”, “Azərbaycanım”, “Ey yar, gəl” nəğməsi, “Leyla” əsəri, “Üzüm yığımı”, qızlar ansamblının çıxışı, milli rəqslərin estrada janrı ilə sintezi vəziyyət komediyası yaradan maraqlı və məzəli hadisələrin koloritli təqdimatını təmin edir. Heç də təsadüfi deyil ki, bəstəkarın filmlərə yazdığı mahnı və musiqilər sonralar fərdi repertuarlara köçdü, rəqs havaları el şənliklərində sevilərək səsləndi.

 

Alman dramaturqu Gerhart Hauptmanın “Hər yaxşı musiqi ona görə ürəkdən gəlir ki, yenidən ürəklərdə özünə yuva qura bilsin” deyimi yuxarıdakı fikrimizin təsdiqi kimi yerinə düşür. Bəstəkarın filmlərə yazdığı əsərlərin ifaçıları, görkəmli sənətkarlarımızdan Rəşid Behbudov, Şövkət Ələkbərova, Mirzə Babayev və digərlərinin peşəkar ifaları da ekran obrazlarının daxili dünyalarına nüfuz edərək xarakter və psixologiyalarının incəliklə cilalanmasına, ekran personajlarının diqqətlə izlənilməsinə, qəbul olunmasına zəmin yaradıb.    

 

Rauf Hacıyevin musiqisi ilə rövnəqlənən, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr edilən “Ordan-burdan” musiqili tamaşası 1987-ci ildə görkəmli rejissor, Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda ekranlara çıxdı. Yüksək sənətkarlıq keyfiyyəti ilə quruluş verilən tamaşa bu günuğurlu ekran taleyini yaşamaqdadır.

 

Bəstəkar idrakının məhsulunu maraqlı, koloritli quruluşunda şərh edən rejissor bu yaradıcılıq işbirliyindən belə bəhs edir: “Mənim taleyimdə Rauf Hacıyev çox böyük rol oynayıb. Mən kifayət qədər təcrübəli rejissor olanda təklif gəldi ki, “Ordan-burdan” tamaşasına quruluş verim. Beləcə, Rauf Hacıyevlə görüşmək, təmasda olmaq  xoşbəxtliyi mənə nəsib oldu.  Çox səmimi, sadə insan idi. Musiqi partiturası ilə bağlı mənim fikirlərimi dinləyəndə xüsusi olaraq Gülbala personajı haqqında qeyd etdim ki, bu personajın əsər boyu xətti varbu xətt daim irəli gedir. Soruşdum ki, Rauf müəllim, nə əcəb siz faytonçu Gülbalaya musiqi xarakteristikası verməmisiniz? Dedi, necə, məsəl üçün? Dedim, bu adam Salman bəyin faytonçusudur. Bakı folklorunda da faytonçunun mahnısı var. Dedi ki, bir onu zümzümə et görüm. Mən faytonçu mahnısını zümzümə etdim, o da dinlədi “mən fikirləşərəm” dedi. Təbii ki, o, faytonçu mahnısını dinlədi, amma tamaşa üçün tamam başqa bir mahnı yazdı. Nəticədə Gülbala ilə bağlı olan tamaşaçıların diqqətini çəkən, sevilən musiqi xətti yarandı. Onu da əlavə edim ki, mən özüm bir dinləyici, tamaşaçı olaraq Rauf Hacıyevin əsərlərinin, filmlərə yazdığı digər musiqi əsərlərinin, mahnılarının havası ilə böyümüşəm onu həmişə sevə-sevə xatırlayıram...”.

 

Şəhla Əmirli

kinoşünas

 

Mədəniyyət.- 2022.- 18 may.- S.7.