Vindzor atçılıq şousunda Azərbaycan şöləni

 

Şou çərçivəsində Kraliça II Elizabetə Qarabağ atı hədiyyə olunub

 

 

 

Xəbər verdiyimiz kimi, 12-15 may tarixində Londonda Böyük Britaniya kral ailəsi üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu”ndaRoyal Windsor Horse Show”) ölkəmiz də təmsil olunub.  Vindzor qəsrində keçirilən ənənəvi tədbirə Azərbaycan təmsilçiləri 2012-ci ildən etibarən qatılır.

Bu il Kraliça II Elizabetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunan şouda təmsilçilərimiz “Odlar yurdu” adlı xüsusi proqram təqdim ediblər. Şou çərçivəsində Azərbaycan heyətinin ümumilikdə dörd çıxışı olub.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Əməkdar artisti Nicat Kazımovun quruluş verdiyi proqramda Dövlət Sərhəd Xidmətinin 15 süvarisi tərəfindən Qarabağ atları üzərində möhtəşəm şou nümayiş etdirilib. Proqramda Əməkdar artist, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə “Sərhədçi” ansamblı tərəfindən milli musiqimizin sədaları altında rəqs kompozisiyası da təqdim olunub.

Beş min tamaşaçının tribunalardanmilyonlarla insanın ekran qarşısında canlı izlədiyi 6 dəqiqəlik “Odlar yurdu” tamaşasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib. Milli musiqi alətlərimiz tütək, zurna, balabanda ifa olunan “Qarabağ cəngisi”nin bənzərsiz sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, alov püskürənlərin perfomanslarından ibarət şou-kompozisiya tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb, tamaşaçılar ayağa qalxaraq təmsilçilərimizi alqışlayıblar.

“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliça II Elizabetə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub. Vindzor qəsrindəki mərasimdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və nümayəndə heyətinin üzvləri iştirak ediblər.  Azərbaycanın tanınmış heykəltəraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri də Ülyahəzrət Kraliçaya hədiyyə olunub.

 

Qeyd edək ki, 1956-cı ildə SSRİ-nin rəhbəri Nikita Xruşşov tərəfindən II Elizabetə (1952-ci ildən taxtdadır) “Zaman” adlı Qarabağ atı hədiyyə edilmişdi. Amma at kraliçaya Vindzor qəsrində təqdim olunmamışdı. Azərbaycan Prezidentinin hədiyyəsi isə Vindzorda təqdim edilib.

 

 

Mədəniyyət.- 2022.- 18 may.- S.8.