Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq müzakirə olunub

Mədəniyyət naziri Anar Kərimov mayın 17-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Mədəniyyət Nazirliyində keçirilən görüşdə fondun qurucu üzv ölkəsi olan Azərbaycanla təşkilat arasında mövcud tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsi və Türk dünyasının mədəni birliyinin möhkəmlənməsi yönündə birgə addımların atılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Şuşa şəhərinin 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsinin əhəmiyyəti vurğulanaraq, bununla bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində görüləcək işlər barədə söhbət açılıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən Mədəniyyət naminə sülh (Peace4Culture) adlı qlobal kampaniyaya töhfə verməyə davam edəcəyi bildirilib.

Həmçinin, fondun büdcəsinin təsdiqlənməsi və təşkilatın katibliyinin beynəlxalq səviyyədə formalaşması ilə üzv ölkələrin zəngin mədəniyyətinin, tarixinin araşdırılması və tanıdılması yönündə layihələrin daha geniş şəkildə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi olub.

 

Mədəniyyət.- 2022.- 18 may.- S.2.