Ağdamda Həmzə Nigari simpoziumu

XIX əsr Türk dünyası sufi ədəbiyyatının görkəmli simalarından olan Həmzə Nigari Qarabağinin xatirəsinə həsr olunmuş növbəti beynəlxalq simpoziumuna bu il Ağdamda keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Amasya Universitetinin (Türkiyə) təşkilatçılığı ilə 17-19 may tarixində keçirilən 5-ci Beynəlxalq Həmzə Nigari Simpoziumunun açılışı rayonun Quzanlı qəsəbəsindəki Ağdam Muğam Mərkəzində olub.

Tədbirdə ADMİU-nun müəllim və tələbələrinin ifasında milli rəqslər, Həmzə Nigari şeirlərindən ibarət qiraət təqdim edilib. Ağdam Musiqi Kollecinin Qarabağ instrumental ansamblı çıxış edib, İran Aşıqlar Birliyi üzvlərinin Qarabağa həsr olunan musiqiləri səslənib.

Simpoziuma Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan və Şimali Makedoniyadan alim və tədqiqatçılar qatılıb.

 

Mədəniyyət.- 2022.- 20 may.- S.4.