Nə məlamət əsər etmiş, görəsən, dildarə?

 

Mədəniyyət paytaxtımız Şuşa şəhəri mövcud olduğu 270 ildə Azərbaycanın ədəbi-mədəni və elmi mühitinə çoxsaylı tanınmış şəxsiyyətlər bəxş edib. Şuşa İli münasibətilə ilin əvvəlindən başlatdığımız Şuşanın simaları rubrikasında həmin şəxsiyyətləri tanıtmağa davam edirik. Bu dəfə XIX əsr Azərbaycan ədəbiyyatında, xüsusilə Qarabağ ədəbi mühitində özünəməxsus yeri olan şairlərdən Mirzə Rəhim Fənanı yada salacağıq.

 

Şuşa şəhərində fəaliyyət göstərmiş Məclisi-ünsün yaradılmasının təşəbbüskarlarından olan şair haqqında mənbələrdə səhih məlumat olduqca azdır. Araşdırmalarda qeyd edilir ki, Mirzə Rəhim bəy Mirzəyev (Fəna) 1844-cü ildə (bəzi qaynaqlara görə, 1841) Şuşada dünyaya göz açıb. Atası Mirzə Məmmədbağır vaxtilə Mehdiqulu xanın saray mirzəsi olub. Eyni zamanda xanlığın mədaxil-məxaric işlərinə baxıb. O, 1872-ci ildə dünyasını dəyişəndən sonra oğlu Mirzə Rəhim xanın varislərinin işlərinə kömək edib.

 

Rəhim ibtidai təhsilini molla məktəbində alır. Sonra Şuşa mədrəsəsində təhsilini davam etdirir. Mirzə Əbdülqasım Kəbirlidən ərəb, fars dillərini mükəmməl öyrənir. Erkən çağlardan poeziyaya maraq göstərir. Əvvəllər Aşiq, sonralar isə Fəna təxəllüsləri ilə Azərbaycan və fars dillərində şeirlər yazır. Mirzə Rəhim Fəna klassik poeziyanın bir çox janrında qələmini sınayıb. Ancaq əsərlərinin xeyli hissəsi dövrümüzə gəlib çıxmayıb.

 

Ağlaram qəzəli şairin diqqətçəkən bədii nümunələrindəndir. Araşdırmalardan məlum olur ki, müəllif bu qəzəli qəlbində yaşatdığı və məhəbbət bəslədiyi Xurşidbanu Natəvanı nəzərdə tutaraq qələmə alıb:

 

Hicran edibdi könlüm evin qarət, ağlaram,

Çün ağlamaq olubdu mənə adət, ağlaram.

 

Ta var idi fəraqına tabım, səbur idim,

İmdi yoxumdu səbr, nedim taqət, ağlaram.

 

Qəddim fəraqı başıma gətdi qiyaməti,

Ta həşr olunca hər dəmu, hər saət ağlaram.

 

Zülfü ruxun xəyalına sərf oldu ruzi-şəb,

Ömrümdə ruzi-şəb olmamışam rahət ağlaram.

 

Mirzə Rəhim bəy şəhərdə hörmət sahiblərindən biri kimi tanınıb. Xan qızı Natəvan da ona daima hörmətlə yanaşıb, istedad savadını dəyərləndirib. Günlərin birində Şuşa qəzasının rəisi Dubrovski onun qardaşı Mirzə Kərimi vəzifəsindən azad edir. Bunu özünə hörmətsizlik hesab edən Mirzə Rəhim bəy qəza rəisindən inciyir. Hətta ona əsəbini gizlətmir. Bir gün şəhərin Bazarbaşı deyilən hissəsində qəza rəisi ilə qarşılaşır ona təzim etmir. Hətta üzünü yana çevirir. Bundan bərk hirslənən rəis şairi döyür. O, rəisin əlindən birtəhər çıxaraq Xurşidbanu Natəvanın həyətinə girir. Dubrovski şairin ardınca həyətə daxil olaraq burada da onu döyməyə başlayır. Səs-küyə Natəvan həyətə çıxır. Vəziyyəti görən şairə xidmətçilərə qəza rəisini döyməyi tapşırır. Sonra qəza rəisinə yaxınlaşıb çiynindəki poqonları dartıb qoparır. Özünü həyətdən qovur. Həmin vaxt Qafqaz valisi Şuşaya gəlir. Dubrovskini üzü-gözü yaralı halda görür səbəbini öyrənir. Ertəsi gün Xan qızının görüşünə gələn Qafqaz valisi nəzakətlə bildirir: Rəisə əl qaldırmanıza etiraz etmirəm, ancaq poqonlarını qırmaq dövlətə hörmətsizlikdir. Natəvan cavabında deyir: Dövlətin təbəələrini suçsuz yerə incitməyə heç kimin haqqı yoxdur, hətta rəisin . Bundan sonra vali Dubrovskini vəzifəsindən azad edir...

 

Onu da qeyd edək ki, 1864-cü ildə Mirzə Rəhim Fəna və Hacı Abbas Agahın təşəbbüsü ilə Şuşada Məclisi-üns ədəbi məclisi yaradılıb. Sonralar o, məclisin rəhbərlərindən biri olub. Şairin Məclisi-üns haqqında xatirələri ikicildlik Azərbaycan ədəbiyyatı əsərinə əlavə şəklində çap edilib. Şeirlərindən nümunələr XX əsrin əvvəlində dövri mətbuatda, habelə Mir Möhsün Nəvvabın Təzkireyi-Nəvvab və Məhəmməd ağa Müctəhidzadənin Riyazül-aşiqin təzkirələrində yer alıb. Tarix və ədəbiyyatla maraqlanan Mirzə Rəhim Fəna eyni zamanda Tarixi-cədidi Qarabağ (Qarabağın yeni tarixi) adlı əsər də yazıb.

 

Şair bəzən aşiqanə qəzəlində də aşiqin duyğularını dilə gətirmək üçün ictimai məzmun kəsb edən mətləblərdən mövzuya uyğun şəkildə məharətlə istifadə edərək şeirin ideya-bədii baxımdan daha təsirli alınmasına nail olur:

 

Nə məlamət əsər etmiş, görəsən, dildarə,

Ki, çəkib yardan əl, uydu yenə əğyarə?

 

Hansı məşuqə deyir aşiqinə eşqi unut?

Hansı tacirdi rəvac istəmədi bazarə?

 

Bülbüli-zarə deyin, keçdi sənin əyyamın,

Vəqt odur kim, tapa yol zağu-zəğən gülzarə.

 

Gülşəni-eşq xəzan buldu, Fəna, oldu xəmuş,

Bir də indən belə haşa ki gələ göftarə.

 

Qarabağ elinin şeir-sənət mühitində adı hörmətlə çəkilən Mirzə Rəhim Fəna 11 fevral 1931-ci ildə Bakıda vəfat edib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 20 may.- S.6.