Şuşa və
Qarabağ kinolentin yaddaşında
“Şuşa İli”
münasibətilə Dövlət Film Fondundakı sənədli
filmlər rəqəmsal formata köçürülüb
Xəbər
verdiyimiz kimi, “Şuşa İli” ilə əlaqədar Nazirlər
Kabineti tərəfindən təsdiq olunmuş Tədbirlər
planında Dövlət Film Fondunun (DFF) arxivində
Şuşaya həsr edilmiş sənədli filmlərin və
xroniki materialların bərpası və mədəniyyət
paytaxtımızda nümayiş etdirilməsi də əksini
tapıb. Bununla bağlı görülən işlər, eləcə
də Şuşa mövzulu filmlər barədə
məlumat almaq üçün DFF-yə müraciət etdik.
DFF-nin
Kino-arxiv şöbəsinin müdiri Rəşad Qasımov
bildirdi ki, burada qorunan Şuşa, eləcə
də Qarabağla bağlı bütün filmlər bərpa
olunaraq rəqəmsal formata köçürülüb və
artıq nümayiş üçün hazır vəziyyətdədir.
Fondun
arxivində “Şuşa”, “Natəvan”, “Bülbül”,
“Qarabağ yollarında” və digər filmlər qorunur. Bu
ekran əsərlərində Şuşa
şəhəri və Qarabağın elimizin müxtəlif
dövrlər üzrə görüntüləri yer alıb.
Həmçinin bu filmlərdə
Şuşanın tarixi Azərbaycan şəhəri olduğu
və burada milli mədəniyyətimizin görkəmli
simalarının yetişməsi haqqında ətraflı məlumatlar
var.
İlk tanış olduğumuz ekran əsəri 1968-ci
ildə rejissor Musa Bağırov tərəfindən lentə
alınan “Bülbül” sənədli filmidir. İkihissəli
filmdə ötən əsrin 60-cı illərinin
Şuşasının əsrarəngiz gözəlliyini bu
kadrlarda görə bilirik. Film
xalqımızın sevimli sənətkarı, SSRİ Xalq
artisti, Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli
opera müğənnisi və musiqi folkloru tədqiqatçısı
Bülbülün (1897-1961) anadan olmasının 70 illiyinə
həsr edilib.
Film bizi
müğənninin uşaqlıq illəri, onun boya-başa
çatdığı musiqiçilər yurdu Şuşa
şəhəri ilə tanış edir. Kadrlar
bir-birini əvəzləyir. Budur,
Bülbül Azərbaycan Dövlət Konservatoriyasının
tələbəsidir. Avropa vokal mədəniyyətinin
mərkəzi Milan şəhəri. Sevdiyi
sənətin sirlərinə dərindən yiyələnən
Bülbül burada təhsil alır.
Kadrlar böyük sənətkarın həyat və
yaradıcılığının ayrı-ayrı mərhələlərini
gözlər önündə canlandırır. Filmin ikinci
hissəsində Bülbülün səhnə fəaliyyətindən
danışılır. Burada şair Süleyman Rüstəm,
bəstəkar Qara Qarayev, aktyor, rejissor İosif Tumanov,
müğənni İvan Kozlovski Bülbül haqqında xatirələrini
söyləyirlər. Filmin rejissoru Musa
Bağırov, ssenari müəllifi Kərim Kərimov,
operatoru Əlibala Ələkbərov, səs operatoru Şamil
Kərimov, direktoru A.Manaflıdır.
Xocavənd rayonu ərazisindəki Azıx
mağarasına həsr edilmiş “Divlər sarayı”
elmi-kütləvi filmi də 1968-ci ildə rejissor Musa
Bağırov tərəfindən çəkilib. Filmdə həmin
dövrdə Azərbaycan arxeoloqları tərəfindən
aşkar edilmiş Azıx mağaralarından bəhs olunur.
Bu mağaralar öz böyüklüyünə
və tarixi əhəmiyyətinə görə dünyada
üçüncü, keçmiş SSRİ-də isə
birinci böyük mağaradır. Filmdə deyilir ki,
arxeoloji qazıntılar zamanı tapılmış nadir əşyalar
və insan sümükləri 500-600 min il
bundan qabaq həmin mağaralarda qədim insanların
yaşadığını bir daha sübut edir. Əsrlərdən yadigar qalmış bu təbii
mağaralar müasir və gələcək nəsillərə
hələ çox sirr açacaq. Ssenari müəllifləri
Məmmədəli Hüseynov, Fəraməz Şəfiyev,
operatoru Faiq Qasımov, səs operatoru və musiqi tərtibatı
Şamil Kərimov, filmin direktoru isə Tələt
Rəhmanovdur.
“Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan
daha bir ekran əsəri “Qarabağ yollarında” adlanır. Film bizə
Qarabağ elinin gözəlliklərindən söhbət
açır. 1968-ci ildə lentə alınan ekran
işində Qarabağın əsrarəngiz təbiətindən,
Bərdə, Şuşa, Xankəndi və
Əsgəranın tarixi qala və abidələrindən
danışılır. Qarabağı musiqisiz,
musiqini isə Qarabağsız təsəvvür etmək
çətindir. Cabbar Qaryağdıoğlunun, Seyid
Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil? Xan qızı
Natəvan, unudulmaz bəstəkarımız, dahi Üzeyir
Hacıbəyli və sevimli müğənnimiz Bülbül
də bu səfalı elin övladlarıdır. Filmdə
qeyd olunur ki, hər obada, hər evdə musiqi sədaları ətrafa
yayılır, saf sular kimi axıb min-min ürəyi fəth
edir...
Ekranda
diktorun səsi eşidilir: “Qarabağa əlvida demək
çətindir. Çünki Qarabağdan ayrılmaq
mümkün deyil, çünki Qarabağ həmişə
ürəklərdədir, onun füsunkar təbiəti, zəngin
tarixi, möhtəşəm bu günü bizimdir...”.
Yarım əsr əvvəl lentə alınan filmdə səslənən
bu fikirlər tamaşaçını kövrəltməyə
bilməz.
Tarixin səhifələrinə səyahət etdikdə
1960-cı illərin əvvəllərində ermənilərin Qarabağa və
Naxçıvana qarşı iddiaları yenidən baş
qaldırmışdı. “Qarabağ tarixi” nəşrində
oxuyuruq ki, 1963-cü ildə Sov.İKP MK-nın Birinci katibi
Nikita Xruşşova Qarabağdan, ona bitişik və erməni
əhalisi olan digər rayonlarımızdan 2500-ə yaxın
erməninin imzaladığı etiraz məktubu göndərilib.
İmzalayanlar Dağlıq Qarabağın Ermənistan
SSR-ə birləşdirilməsini tələb edirdilər.
1965-ci ildə isə “Erməni Gənclər İttifaqı”
adlı gizli fəaliyyət göstərən təşkilat
və Xankəndi orta məktəblərinin yuxarı sinif
şagirdlərindən ibarət olan bir qrup Qarabağ və
Naxçıvan da daxil olmaqla, “bütün “erməni” ərazilərinin
birləşməsi”nə dair
çağırışların yer aldığı vərəqələr
yayırdı. 1966-cı ilin avqustunda Sov.İKP MK-nın yeni Birinci katibi Leonid Brejnevə 2000-ə
yaxın erməni “ziyalı”sının imzaladığı məktub
göndərilmişdi. Məktubda Qarabağın “ərazi
nöqteyi-nəzərindən və milli tərkibinə
görə, xüsusiyyətlərinə, mənəviyyatına
və məişətinə görə” yaxın olduğu
Ermənistana birləşdirilməsi
çağırışı yer almışdı...
Həmin
vaxt Azərbaycan SSR DTK-nın sədr müavini vəzifəsində
çalışan ulu öndər Heydər Əliyev sonralar həmin
illəri belə xatırlayırdı: “Yadımdadır, ya
1966-cı, ya da 1967-ci il idi, Moskva tərəfindən
qərar qəbul olundu. Həmin vaxt Vəli
Axundov məni yanına çağırtdırdı. Bu, Sov.İKP MK-nın qərarı idi; yazırdılar
ki, Azərbaycan KP MK-ya, yəni Axundova və Ermənistan KP
MK-ya, yəni Koçinyana bu məsələni müzakirə
etmələri və məruzə etmələri
tapşırılsın. Bu nə demək
idi? Bu o demək idi ki, Azərbaycan məsələsini həll
etmək Ermənistana tapşırılır... Mən ona dedim
ki, bu məsələni Moskvada Brejnevlə müzakirə etmək
daha yaxşı olardı. O, gedib bunu Brejnevə izah etdi və
Brejnev qərarı ləğv etdi...”.
Bədnam
qonşularımız 90-cı illərin əvvəllərində
əzəli yurd yerlərimizi işğal etməklə xain
istəklərinə nail olduqlarını
düşünürdülər. Ancaq 30 ildən
sonra şanlı Azərbaycan Ordusu dəmir yumruğa
çevrilib erməni vandallarının başını əzdi,
yurdumuzu düşməndən azad etdi. Bu
gün biz Qarabağ yollarında, Qarabağın özündəyik,
Şuşadayıq. Minillik mədəniyyətimizi yenidən
əzəli məkanına qaytarırıq...
Filmin rejissor və operatoru Əlibala Ələkbərov,
ssenari müəllifi Məmməd Mərdanov, səs operatoru
Şamil Kərimov, direktoru A.Şuşkindir.
1976-cı ildə “Azərbaycanfilm”də lentə
alınan “Üzeyir Hacıbəyov” sənədli filmi
ağ-qara variantdadır. Film Azərbaycan və rus dillərində çəkilib.
Rus varinatı 1977-ci ildə işlənib
hazırlanıb. Xalq artisti, rejissor Xamis Muradov tərəfindən
lentə alınan filmdə Azərbaycan xalqının görkəmli
sənətkarı, milli operamızın banisi, istedadlı bəstəkar,
jurnalist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığından, əsərlərinin
səhnə təcəssümündən, onun ev-muzeyindən
söhbət açılır. Ssenari müəllifi
Kərim Kərimov, səs operatoru isə Şamil Kərimovdur.
“Azərbaycanfilm” Kinostudiyasında bir sıra bədii və
sənədli filmlərə quruluş verən Əməkdar
incəsənət xadimi, rejissor Nicat Bəkirzadənin
“Şuşa” adlı sənədli filmi 1978-ci ildə lentə
alınıb.
Bu rəngli filmdə Azərbaycanın ən gözəl
guşələrindən olan Şuşa
şəhərinin qədim tarixindən, həmin dövrdəki
həyatından, dağlar diyarının təkrarolunmaz təbiətindən
danışılır.
Filmin ssenari müəllifi Məmməd İsmayıl,
operatoru Ələsgər Ələkbərov, Vladimir
Dmitriyevski, səs operatoru Akif Nuriyev, redaktoru Vaqif Məmmədov,
direktoru Xanlar Cəfərovdur.
Ta qədim
zamanlardan heyvandarlıqla məşğul olan
babalarımız qışı aranda, yayı yaylaqda
keçirərdilər. İndi də bir
sıra bölgələrimizdə bu ənənə davam
etdirilir. Elə ki, yaz gəldi
respublikamızın dağ bölgələrinin yolları
qoyun sürüləri ilə dolur, sonra da tezliklə çəkilib
uzaqlaşır. Əlbəttə,
köçün də öz ənənələri,
qayda-qanunları var.
1983-cü ildə lentə alınan “Köç” sənədli
filmində maraqlı mənzərənin şahidi oluruq. Dağlar
qoynu, gözəl təbiət insani valeh edir. Filmdə
tamaşaçılar Jdanov (indiki Beyləqan), Laçın və
başqa dağlıq bölgələrdə
çobanların həyatı ilə tanış
olurlar. Rejissor Zaur Məhərrəmovun filmi
2003-cü ildə keçirilən “Bizim naməlum kino – 2”
festival-müsabiqəsində rejissor işinə görə
mükafata layiq görülüb. Ssenari
müəllifi Vidadi Paşayev, səs operatoru Akif Nuriyev,
redaktoru Eldəniz Quliyev, direktoru Xanlar Cəfərovdur.
“Natəvan” filmi isə 1982-ci ildə lentə
alınıb.
Rejissoru Xamis Muradov, ssenari müəllifi Məmməd Araz,
operatoru Vladimir Konyagin, səs operatoru Şamil Kərimov,
redaktoru Azər Əbilov olan film görkəmli Azərbaycan
şairi Xurşidbanu Natəvanın (1832-1897) 150 illik yubileyi
münasibətilə çəkilib. Kinolentdə şairin ədəbi
yaradıcılığı ilə yanaşı, nəinki Azərbaycanda,
eləcə də bir sıra Şərq ölkələrində
böyük şöhrət qazanmış əlvan
naxışlı əl işləri, zərif butalı
tikişləri, rəsmləri, fransız
yazıçısı Aleksandr (ata) Dümanın ona
bağışladığı fil sümüyündən
şahmat fiqurları, dağlardan Şuşaya çəkdirdiyi
içməli su xətti öz əksini tapıb.
Hər bir film haqqında məlumat əldə etməyimizə
yaratdıqları şəraitə görə DFF-nin əməkdaşları
Rəşad Qasımova və Babək Abbaszadəyə təşəkkürümüzü
bildiririk.
***
Sonda isə
adlarını çəkdiyimiz filmlərdən bir neçəsinin
rejissoru olmuş Əməkdar incəsənət xadimi, professor Musa Bağırov haqqında bir
neçə kəlmə.
Uzun illər “Azərbaycanfilm”də və “Ekran” yaradıcılıq birliyində çalışan M.Bağırov 50-dən artıq sənədli filmə quruluş verib. O, 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya kafedrasının müdiri təyin edilib. 1997-ci ildə həmin kafedranın bazasında Televiziya rejissorluğu və Kinorejissorluq və operator sənəti kafedraları yaradılıb. Televiziya rejissorluğu kafedrasına rəhbərlik edən M.Bağırov eyni zamanda general Həzi Aslanovla bağlı araşdırmaların müəllifidir, “Generalın yolu” (1988), “Sərkərdənin taleyi” (1999) kitablarını çap etdirib. 2010-cu ildə öz şəxsi kitabxanasını Dövlət Film Fonduna hədiyyə edib.
Bu il mayın 10-da 90 yaşı tamam olan Musa Bağırov elə həmin gün dünyadan köçüb. Həzi Aslanov haqqında iki filmin və iki kitabın müəllifi olan rejissor generalın ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsinin əsas səbəbkarlarındandır. O, ömrünün 25 ilini bu işə sərf edib, Belarus, Rusiya və Ukraynada tədqiqatlar aparıb. Nəhayət, SSRİ-nin mövcud olduğu son ildə (1991) bu məqsədinə – cəsur generalın ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını almasına nail olub...
Lalə Azəri
Mədəniyyət.- 2022.- 20 may.-
S.6.