Xalq şairi, millət vəkili

Sabir Rüstəmxanlı haqqında biblioqrafiya və monoqrafiyanın təqdimatı keçirilib

 

 

Mayın 19-da Milli Kitabxananın Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından nəşr etdiyi Sabir Rüstəmxanlı. Biblioqrafiya kitabının təqdimatı keçirilib. Mədəniyyət NazirliyiMilli Kitabxananın birgə təşkil etdiyi tədbirdə tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Tədbir çərçivəsində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun yeni nəşr etdiyi Xalq şairi Sabir Rüstəmxanlı adlı monoqrafiya da təqdim edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov biblioqrafik göstərici haqqında məlumat verib. Bildirib ki, bu vəsait yazıçı haqqında ilk fundamental biblioqrafiyadır. Biblioqrafiya Sabir Rüstəmxanlının nəşr olunmuş kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, eləcə də xarici dillərdə çap olunmuş əsərləri, habelə ədibin həyat və yaradıcılığını, ictimai-siyasi fəaliyyətini əks etdirən nəşrləri əhatə edir.

Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli təqdim olunan monoqrafiyanın Sabir Rüstəmxanlının 75 illik yubileyi münasibətilə hazırlandığını bildirib. Sabir Rüstəmxanlı geniş oxucu kütləsinin etibarını qazanan sənətkardır. Vətəndaşlıq poeziyası, milli istiqlal ruhu, müstəqillik ideyaları, dövlətçilik onun yaradıcılığının ana xəttini təşkil edir. Sabir Rüstəmxanlı Azərbaycanın milli istiqlal mübarizəsinə çox böyük töhfələr verib..., - deyə akademik vurğulayıb.

İ.Həbibbəyli Milli Kitabxananın nəşri olan biblioqrafiyanın əhəmiyyətini də vurğulayıb.

AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas Tehran Əlişanoğlu, Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli, Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov və digər çıxış edənlər təqdim olunan kitablar, eləcə də Sabir Rüstəmxanlının ədəbi yaradıcılığı, ictimai-siyasi xadim, millət vəkili kimi fəaliyyətindən söz açıblar.

Sabir Rüstəmxanlı çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Xalq şairi geniş əhatəli biblioqrafiyanın tərtib olunmasında əməyi keçən hər kəsə minnətdarlığını çatdırıb.

Sonda iştirakçılar Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əhatə edən kitabların sərgisi ilə tanış olublar.

 

Mədəniyyət.- 2022.- 20 may.- S.2.