EU4Culture qrant müsabiqəsi çərçivəsində regional şəbəkə konfransı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Şəki, Lənkəran və Xırdalan şəhərlərinin nümayəndələrinin iştirakı ilə 19-20 may tarixlərində Tbilisi şəhərində EU4Culture (Avropa İttifaqı mədəniyyət naminə) qrant müsabiqəsi çərçivəsində I Regional şəbəkə konfransı keçirilib.

Tədbirə Avropa İttifaqının Qonşuluq siyasəti və genişləndirmə danışıqları üzrə Baş Direktorluğu, Avropa İttifaqının və Almaniyanın Höte İnstitutunun Gürcüstandakı nümayəndəlikəri, yerli ekspertlər, layihə komandası və tərəfdaşları (Höte İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzi və Gürcüstan Fransız İnstitutu), o cümlədən media nümayəndələri qatılıblar.

Tədbir çərçivəsində müsabiqə üzrə qalib şəhərlərin təqdimatları, EU4Culture regional şəbəkə konsepsiyası, layihənin fəaliyyət istiqamətləri və maliyyələşmə imkanları, Gürcüstanın mədəniyyət və yaradıcı sənayelər üzrə dövlət-özəl tərəfdaşlıq modelləri ilə bağlı çıxışlar olub.

Şərq Tərəfdaşlığı regionu üzrə fəal donor təşkilatların mədəniyyət sahəsi üzrə mümkün maliyyələşmə proqramlarının təqdimatı və hər ölkə üçün siyasət quruculuğu və tənzimləyici mexanizmlərə dair təlim proqramı da təşkil olunub.

Qeyd edək ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı artıq bir neçə ildir icra olunur. Əməkdaşlığın növbəti mərhələsi kimi 2021-ci ilin iyun ayında proqramın əhatə etdiyi ölkələrin qeyri-paytaxt şəhərləri üçün EU4Culture (Avropa İttifaqı Mədəniyyət naminə) qrant müsabiqəsi elan olunmuşdu. Müsabiqədə Azərbaycandan Lənkəran, Xırdalan, Şəki şəhərləri bir neçə mərhələni keçərək qaliblər sırasında yer alıblar.

 

Mədəniyyət.- 2022.- 25 may.- S.4.