Azərbaycanım festivalı çərçivəsində müsabiqənin sərgiləri açılıb

Xəbər verdiyimiz kimi, Azərbaycanım V Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə başa çatıb.

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan TeleviziyaRadio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi müsabiqə Şuşa İlinə töhfə olaraq elan olunub.

Sayca beşinci müsabiqə ötən illərdə olduğu kimi, üç yaş kateqoriyası (11 yaşa qədər, 11-16 və 16-21 yaş) üzrə keçirilib və hər kateqoriya üzrə ayrıca sərgilər təşkil edilib.

Müsabiqəyə seçilmiş əsərlər 18-21 may tarixində keçirilən Xətai Sənət Mərkəzində nümayiş olunub.

Qeyd edək ki, Azərbaycanım V Respublika Uşaq Rəsm Festivalı çərçivəsində müsabiqənin məqsədi uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mədəniyyətini, şanlı Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərin mədəni irsini təbliğ etməkdir.

Yekun sərgilərdə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, layihəyə dəstək verən qurumların təmsilçiləri çıxış edərək ürək sözlərini balaca rəssamlarla bölüşüblər. Sərgiləri Xətai Sənət Mərkəzinin sosial media hesabları, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyası sosial media hesabları və internet saytı (www.azgallery.az) vasitəsilə də izləmək mümkündür.

Hər yaş qrupu üzrə ən yaxşı 10 rəsmin müəllifi festivala dəvət olunacaq. Festival 27-28 may tarixlərində Xətai Sənət Mərkəzində keçiriləcək. İştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

 

Mədəniyyət.- 2022.- 25 may.- S.7.