Bakı ilk dəfə
beynəlxalq piano festivalına ev sahibliyi edir
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-27 may tarixində Bakıda ilk dəfə beynəlxalq piano festivalı keçirilir. Müxtəlif ölkələrdən ifaçıların qatıldığı festivalın proqramına ümumilikdə 15-ə yaxın konsert daxildir.
Piano musiqinin istənilən janrında musiqi ifa etmək üçün mükəmməl alətdir. Festival M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi ilə açıldı.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə piano ifaçılığı sənətinə gənclərin daha çox cəlb edilməsi, yeni istedadların üzə çıxması və gənc nəsildə bu sahəyə maraq yaradılması baxımından festivalın əhəmiyyətini qeyd etdi. Bildirdi ki, ölkəmizdə ilk dəfə təşkil edilən və bir həftə davam edəcək festivala dünyanın müxtəlif ölkələrindən ifaçılar qatılıb: “Proqram üzrə müxtəlif janrlarda piano konsertləri paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına maraqlı, yaddaqalan günlər vəd edir. Azərbaycanda piano ifaçılığı ənənələri çox zəngindir və biz bununla fəxr edirik. Gələcəkdə festivalın Bakı ilə yanaşı, regionlarda da keçirilməsini planlaşdırırıq”.
Fransanın Azərbaycandakı səfiri Zakari Qross festivalın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirdi. O, festival proqramında məşhur fransız pianoçunun çıxışının da yer almasından məmnunluğunu ifadə etdi: “Lüdviq van Bethovenin bu gün səslənəcək “Fortepiano və orkestr üçün 5 nömrəli konsert”ində bəstəkar incəsənətin müharibəyə qalib gəlməsini təcəssüm etdirib. İndiki Avropanın durumunda bu, olduqca vacib məsələdir”.
Festivalın təşkilatçısı və bədii rəhbəri, Əməkdar artist Şahin Növrəsli piano bayramının ideyası haqqında danışaraq layihəyə dəstək olan təşkilatlara minnətdarlığını ifadə etdi: “Bu cür layihələr dünyanın çoxsaylı ölkələrində keçirilir. Buna görə də belə bir layihəni Vətənimizdə həyata keçirmək qərarına gəldim və mədəniyyət naziri cənab Anar Kərimova bu təkliflə müraciət etdim. O, bu fikri dəstəklədi və hazırlıq başlandı. İnanıram ki, bu mötəbər tədbir Azərbaycanın musiqi bayramına çevriləcək. Azərbaycan pianoçuları hər zaman bir sıra ölkələrin məşhur səhnələrində möhtəşəm konsertlər veriblər. Məmnunam ki, ilk piano festivalını təşkil etmək mümkün oldu”.
Əlamətdar sənət hadisəsi
Çıxışlardan sonra festivalın ilk konserti təqdim edildi. Xalq artisti Yalçın Adıgözəlovun
dirijorluğu ilə Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin ifasında dahi bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri
səsləndirildi. Daha sonra
fransız pianoçu
Remi Jenyenin orkestrlə birlikdə L.Bethovenin “Fortepiano və orkestr üçün 5 nömrəli konsert”ini ifa etdi.
Konsertdən əvvəl müsahibə
verən fransalı pianoçu Azərbaycanda
ilk dəfə olmasından
məmnunluğunu dilə
gətirdi. Bakı səhnəsində, filarmoniyada çıxışını
böyük məsuliyyət
kimi dəyərləndirən
pianoçu festivalın
rəngarəng proqramından
da söz açdı. O, bir sıra ölkələrdən
musiqiçilərin bir-birini
yaxından tanımasına
vəsilə olan festivalı mühüm sənət hadisəsi kimi dəyərləndirdi.
Qeyd edək
ki, I Bakı Beynəlxalq Piano Festivalında
dünyanın bir sıra ölkələrindən
virtuoz ifaçılar
paytaxtımızın səhnəsində
istedadlarını nümayiş
etdirəcəklər. Festival çərçivəsində paytaxtımızın bir neçə konsert müəssisəsində 15-ə yaxın musiqi axşamı keçiriləcək.
Həmin konsertlərdə
ilk dəfə olaraq pianoda mümkün olan bütün janrların – caz, flamenko, tanqo, klassik və s. ifası planlaşdırılır.
Tanqo, flamenko, caz və
lirik türk musiqiləri...
Həmin gün festivalın ikinci konsert proqramı “Orange Groove”da təqdim olunub. Beynəlmiləl “Zinnetango” kvarteti tərəfindən təqdim
olunan konsert maraqla qarşılanıb.
Hərarətli tanqo tamaşaçıları
biganə qoymayıb.
Gecədə İlham
Osmanov və Əlfiyyə Sultanova, Kamran Babayev və Nərgiz Osmanova, Aleksey Anpilov və Lenay Seydəlizadənin
rəqs duetləri böyük maraqla qarşılanıb. Beynəlxalq kvartetə
Argentina, Belçika və
Estoniyadan musiqiçilər
daxildir. Onlar köhnə tanqo ənənəsinə yeniliklər
əlavə edərək
uğurlu sintezə
nail olublar.
Fesivalın ikinci günündə,
mayın 21-də “Landmark”da
“Los-Aurora” qrupu və Maks Villaveçianın ifasında musiqi və rəqslərdən
ibarət konsert proqramı təqdim edilib.
“Los-Aurora” cəsarətli yenilikləri ilə milli və beynəlxalq
musiqi səhnəsində
inqilab edən flamenko caz qrupudur. Həmin gün
pianoçu Maks Villaveçia ilə birlikdə səhnəyə
müğənni Pere
Martinez və sənət
dostları çıxıb.
Tamaşaçılar onların ifasından
unudulmaz təəssürat
qazanıblar.
Mayın 22-də isə yenə “Landmark” səhnəsində tanınmış
qırğız pianoçu
Vikram Ruzaxunovun caz konserti təqdim
edildi. Mərkəzi Asiya regionunda
cazın populyarlaşmasında
mühüm rol oynamış V.Ruzaxunovun çıxışı tamaşaçılar
və musiqi ictimaiyyəti tərəfindən
maraqla qarşılandı.
Türkiyənin məşhur “Tanini” triosu və Güvenç Dağüstünün
çıxışları da həmin günün
yaddaqalan musiqi axşamlarından oldu. İştirakçılar türkiyəli qonaqların
ifasında lirik musiqilərdən zövq aldılar.
“Gənclərə dəstək”
layihəsinin iştirakçıları
səhnədə
Mayın 23-də festivalın daha bir konserti Azərbaycan
Dövlət Akademik Filarmoniyasının Kamera
və orqan musiqisi zalında gerçəkləşdi.
Aparıcı Tofiq Həsənsoyun
piano festivalının təşkilatçıları
və dəstəkçilərinə
təşəkkür nitqindən
sonra “Gənclərə
dəstək” layihəsinin
koordinatoru, musiqişünas
Ayla Kərimova-Zəkəriyyə
çıxış edərək
layihənin məqsədi,
ötən müddətdə
həyata keçirilən
tədbirlər barədə
danışdı. Bildirildi ki,
layihə çərçivəsində
təqdim olunan proqramlar klassik musiqidən muğam, caz, xor və
estradayadək müxtəlif
zövqlərə malik
çox geniş auditoriyaya ünvanlanıb.
I Beynəlxalq Piano Festivalının təşkilatçısı və bədii rəhbəri, Əməkdar artist Şahin Növrəsli çıxışında gənclərin piano ifaçılığına marağını yüksək qiymətləndirdi və gənc istedadların bu sahə üzrə beynəlxalq müsabiqələrdə uğurlarından söz açdı.
Daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə (dirijor Valid Ağayev) “Gənclərə dəstək” layihəsinin iştirakçıları maraqlı konsert proqramı ilə çıxış etdilər. Bakı şəhər musiqi və incəsənət məktəblərinin şagirdləri Hüseyn Niftəliyev, Ömər Həsənli, Turan Cəfərzadə, Nil Mürsəlova, Humay İbrahimli, Rinat Şərifli, İnci Həsənli, Ümid İqan Əsgərli, Aylin Babayeva, Əli Vəliyev, Mirsəməd Növrəsli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət müxtəlif janrları əhatə edən musiqi nömrələri təqdim etdilər.
Beləliklə, festivalın daha bir proqramı gənc ifaçılara öz ifaçılıq məharətlərini göstərmək üçün gözəl fürsət oldu.
Bakıda keçirilən I Beynəlxalq Piano Festivalı mayın 27-dək maraqlı proqramlarla musiqisevərlərin könlünü oxşayacaq.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 25 may.-
S.1;3.