Əslində, azad olan bizik...

 

Xeyli yazdım, sonra pozdum. Bilmədim necə başlayım. Hisslərimi necə ifadə eləməyim o yana, hansı sözlə başlayacağımı da qoydum daş tərəziyə. Sonra bütün emosiya və dağınıq fikirlərimin əl-ayağını yığıb, özümə toxtaqlıq verdim: bu nədir, elə bil birinci dəfədir yazı yazırsan. Səfər təəssüratıdır da, hamı kimi sən də bir-iki foto paylaşıb, üç-dörd damcı da göz yaşı töküb toxtamısan...

 

Özümü sonuncu dəfə nə vaxt belə danladığım və bundan xoşbəxt olduğum yadıma gəlmədi. Axır ki, tapdım. Heç bir bədii təsvirə, bəlağətə ehtiyac yoxdur. Sadəcə yazacam, özü də nəyi necə hiss etdimsə...

 

Telefonumun mesaj blokundaŞuşaya festivala birgünlük səfər... Şəxsiyyət vəsiqənizin sürətini göndərin” yazısını görmək böyük səadət idi. Düzü, heç bir mesajı bu qədər gözləyib, bu qədər sevinməmişdim. Səfərə gedəcəyim gündən öncəki iki günü də əlavə etsək, buna ömrümün Şuşa günləri də demək olar. Çünki Şuşa xəyalımın bir addımlığında, mən isə ruhən onsuz da orada idim.

 

Paxıl adam deyiləm, amma Şuşaya gedib, oradan xoşbəxtlik saçan çöhrələri gördükcə, yazılan yazıları oxuduqca özümü onların yerinə qoyub keşkələri o qədər sadalamışam ki.

 

...Nəhayət, yola düşürük. Tanıyan-tanımayan hər kəs bir anın içində yüz ilin doğmasına çevrilir. Elə bil bir avtobus dolu qayğısız uşaq illər əvvəl olduğu kimi (çoxunun düşərgə xatirələrini birorada eşitdim) yay düşərgəsinə gedirik. Artıq yaşı 50-ni adlamış adamların Şuşa yolunda şuşalı xatirələrini dilləndirdikcə, hər detalı belə xırdalıqla xatırladıqca ötən bu illər ərzində nə qədər əzab çəkdikləri ilə indiki səadət və həyəcanlarını götür-qoy etdim. Yenə qazanclı onlar idi. Axı sevgili şəhəri məndən əvvəl görmüşdülər.

 

 

 

Barmağıma batan tikan kimi

 

 

 

İşğaldan azad olunmuş ərazilərə, daha doğrusu, nəzarət-buraxılış məntəqəsinə çatanda avtobusdan düşdük. Yolun sağındakı boz torpaqda qızaran tək laləni qoparıb, bağrıma basdım. Sözün həqiqi mənasında, anasının sözünə qulaq asmayan uşaq ərköyünlüyü ilə (yol yoldaşlarımdan biri oralarda mina olar, yoldan qırağa çıxma desə də, mən çoxdan əlimi dalayan qanqallardan dadmışdım) özümü otluğa vurdum. Mənə qoşulan bir-iki yol yoldaşıma ləzzət ilə yediyim qanqalın dadı barədə dil tökdüm. Hətta onlardan birinin “Nə fərqi var, qanqaldı da. Bizim kənddə bundan daha böyük olurdu...” deməsinə acıqlandım da. Mənə görə Füzulidə, xarabaya dönmüş kəndin küskün, dağınıq damlarına, yurd yerlərinə gedən yolda bitən qanqal yediyim ən dadlısı di. Həm də barmağıma batan və hələ də orada qalan tikana rəğmən...

 

Bəlkə yolboyu sağımızda və solumuzda bağrı yarılmış insan kimi məğrur dayanmağa çalışan evlərin qalıqlarına, arabir dikələn inadkar divarlarına baxıb yanıb-yaxıldığımdan hisslərim korşalmış, ağrı hissim itmişdi. Amma izahı bu da deyildi. Xarabaya çevrilmiş evlərin binəsində pöhrələnən növ-növ meyvə ağacları, salxımlanmış söyüdləri sanki adamı səxavət və mehribanlıqla bağrına basmaq istəyirdi. O an mənə elə gəldi ki, yanından həsrətlə keçdiyimiz, yaxınlaşmağa ehtiyat etdiyimiz, düşmən tələsi mina ucbatından ayaq basmağa qorxduğumuz (hələ ki) həyətlərin xarabalıqları bizdən daha narahat, daha qəmgin, daha qəhərlidir.

 

Özümə söz vermişdim. Doğma elləri xarabaya döndərən düşməni lənətləmədən gedəcəkdim o yolu. Şuşaya, müqəddəs ziyarətə getdiyim üçün içimdə kin saxlamayacaqdım. Bağışla, Şuşa, amma bacarmadım. Füzulinin viran kəndlərinin, sakinləri ilə yanaşı xatirələrinin də pərən-pərən düşdüyü evlərinin yanından ötərkən içimdəki nifrət elə püskürdü ki, özümdən asılı olmayaraq, dilimdə lənət “bitdi”...

 

 

 

Könlüm keçir Qarabağdan

 

 

 

...Yenidən həyat gələn, yenidən tikilən, yenidən bina edilən Füzulinin  lövhələrini, daha sonra Xocavəndin işğaldan azad edilmiş kəndlərini geridə qoyub Şuşaya bir addım da yaxınlaşırıq.

 

Yolları irəlilədikcə, üzüyuxarı – Şuşa adlı zirvəyə qalxdıqca ənginliklərdə itib-batdım. “Bilmədim nə edim” ifadəsi burada özünün həqiqət möhürünü vurdu. Sözün bütün mənalarında təsvirləri gözümə təpirdim. Sıldırım qayalar, laləli düzlər, sıx meşələr, əlvan təpələr vəhşi düşmənin dağıtdığı yurd yerlərini gizlətməyə çalışsa da, onlar da öz həqiqətini deyirdi. Sahiblərinin yolunu gözləməkdən gözlərinə qandaman” evlər, üzünü küləyə tutan eyvanlar, taybatay açılan bacalar, insan ayağına həsrətdən izi itən yollar, cığırlar hər maşın, insan səsinə diksinirmiş, sevinirmiş kimi bambaşqa idi.

 

Yolboyu qəhrəman Vətən oğullarının divarlarda həkk etdikləri müqəddəs izlər – “Şəhid, qisasın alındı!”, “Biz gəldik!”, “Qarabağ, azadlığın mübarək!”, “Vətən, sən bizimsən!”... kimi şüarları, o igidlərin adlarını, bölükləri, el-obaları barədə qeydlərini oxuduqca dünya gözündə o yazını yazan əsgərin əli boyda olur. Ürəyin onun titrək barmaqlarına qoşulub, bu səadəti yaşadan minlərlə şəhidi, qazini Vətən daşına adbaad yazmaq, həkk etmək, qarşısında təzim etmək istəyir.

 

 

 

Yasəmənlər açanda...

 

 

 

Şuşa lövhəsi göründü. Bayaqdan səs-səsə verən yol yoldaşlarım elə bil lal oldular. Aradan 2-3 dəqiqə keçmişdi ki, əllər dilləndi – əvvəl yanaqlardan süzülən yaşları, sonra hıçqırtının hənirindən tərləmiş şüşələri sildi, alınlar avtobusun aynalarına söykəndi. Ürəyində “səs salan” adamların “Şükür, artıq Şuşadayıq!” sözləri göy qurşağına dönüb, yağışdan sonra durulan səmada parıldayırmış kimi bərq vurdu.

 

Uzun yol gəlmiş yorulmaz adamlar bir-birinə aman verməyən uşaqlar  sayağı avtobusdan tökülüb ətrafa dağıldılar. Mən də sevimli yasəmənlərimə tərəf.

 

Məncə, dünyanın ən gözəl, ən ətirli, ən zərif yasəmənləri məhz Şuşada açır. Məndən əvvəl səfər edən dostlarım “Axtarmağa ehtiyac yoxdu, Şuşada hər yer yasəməndir” demişdilər. Haqlı idilər. Yolboyu hər yerdə yasəmən çiçəkləri naz ilə gülümsəyirdi. Bağa bağbanından icazəsiz girən dəcəl uşaq kimi bir dəstə yığdım, bağrıma basdım. O ki var qoxuladım, nazladım, əzizlədim. İndiyə qədər fərqinə varmadığım “Xatırlayarsan məni” mahnısındakı “Yasəmənlər açanda” ilə başlayan misraları zümzümə etdim. Elə bildim şairvaxtsa bu mahnını məhz bu an üçün yazıb: Şuşa üçün, Şuşada açan, onun gözəlliyinin isbatına bəzək olan gülləri üçün.

 

 

 

Xarıbülbül, incimə!

 

 

 

İndi gələk bizi buraya valehvaqif edən min bir səbəbdən birinə – Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına. Mayın 14-də, festivalın son günündə qoynuna aldı bizi Şuşa.

 

Qarabağın incisi olan Şuşa özünə qayıdan müasir siması, Cıdır düzünü bəzəyən ecazkar muğamı ilə birgə müxtəlif xalqların musiqisinə qoşulub onun görüşünə gələn xeyli qonağa qucaq açmışdı.

 

Başdan-başa musiqi, tamaşa, sənət səhnəsini  andıran şəhərin, demək olar ki, hər bucağında  insanlar dolaşır, yaddaşına, ürəyinə, gözünə, könlünə Şuşanı həkk edirdi.

 

Cıdır düzündə, Vaqifin məqbərəsində, Aşağı və Yuxarı Gövhər ağa məscidlərinin həndəvərində, Şuşa qalasında, xan qızı Natəvanın evində, bulağında, eləcə də festival konsert və nümayişlərinin olduğu Cıdır düzündəki böyük səhnədə, şuşalıların Tut bağı kiçik səhnədə, dahi Üzeyir Hacıbəylinin Ev-Muzeyinin qalıqları arasında olarkən, məhəllələri dolaşarkən “dünyanın mərkəzi məhz Şuşadır” eyforiyalı təyin bir anda aksioma çevrildi mənim üçün...

 

Festivala fərqli ölkələrdən gələn ifaçıların Şuşanın ilahi musiqisinə qarışan sədasına qoşularkən, zəngin proqramlı konsertdəki çıxışları izlərkən Şuşada olduğum qısa zamanı bironu dinləmək üçün ayırmağa çalışdım.

 

 

 

Divanə dərviş kimi

 

 

 

Kiçik səhnədəki konsertin tut bağını başına alan sədalarının müşayiətində hər notunda, hər ladında, hər melodiyasında ruhumuza aram verən, layla çalan, sənətinin əbədiyaşarlığına təzim elətdirən Üzeyir Hacıbəylinin Ev-Muzeyinin dağıntıları arasında tapdım özümü. Mamır basmış daşlar, indi-indi iz bilindirən cığırlar, doğmalarının nəfəsinə, ayaq səsinə, hənirtisinə indi-indi sevinən yollar, daşlar, divarlar, keçidlər elə gözəl idi ki.

 

Muzeyin sütunları, inadla, qürurla, məncə, həm də böyük ümidlə dağılmayan, tökülməyən sütunları arasında dayandım. Mənə elə gəldi ki, bax, məhz burada simfonik orkestr  “Arazbarı”nı ifa edir, azca irəlidə, pilləkənlərin sağındakı tut ağacının altında muğam üçlüyüQarabağ şikəstəsi”ni oxuyur. Lap yuxarıdakı guşədə kimsə “Sevgili canan”ını səsləyir. Yer-göy lərzəyə gəlir, “Koroğlu” operasının uvertürası əzəmətini birburadan bəyan edir... Çərçivələri qalmış sınıq pəncərənin pərdələri küləyin tərkində havalanır və içəridən eynəkli kişi təbəssümlə pianonun dillərinə toxunur. “Sənsiz”ini sonuncu dəfə gözdən keçirir, not dəftərində nə isə düzəliş edib yenə zərif barmaqlarını şirmayı dillərə toxundurur...

 

Dağılmış pilləkənlərlə qalxıram. Əslində, ayaqlarım məni ora – yuxarı aparır. “İçəri girməyin, təhlükəlidir” sözlərinə diksindim. Ortayaşlı kişiSizi başa düşürəm, amma bir az ehtiyatlı olmaq lazımdır” deyib üzünü çevirdi. Sadəlövh uşaq kimiNarahat olmayın, burada mina yoxdur, bayaqdan neçə yerdə ANAMA-nın qeydini görmüşəm” dedim. Nə cavabım, nə həyəcanım onun üçün maraqlı deyildi. O da bir çoxları kimi öz aləmində idi. Belə olmasaydı, mənim “Deyəsən, siz də səs-küydən qaçıb Şuşa ilə baş-başa qalmaq istəmisiz” sözlərimə “Hələ buna nail olmamışam” kimi mənə görə kobud, özünə görə səmimi cavab verməzdi.

 

Öz-özümə “Yaxşısı budur, baş alıb gedimdeyib aşağı məhəlləyə düşdüm. Bu dəm önümə çıxan əsgərlərin “Tək gəzməyin, itərsiniz” təlimatına da bir az əda ilə “Məncə, burada itmək dünyanın ən gözəl itməyidir” deyib daş döşəmələrlə aşağı endim. Sağ və solumdakı sahibini gözləyən evlər, açıq, daha doğrusu, sınmış şüşəbəndlər, kandarı paslanmış darvazalar, onların arxasındakı göz qamaşdıran yasəmənlər, təzəcə çiçəkləmiş heyva ağacları, gülünü tökmüş ərik, gilas budaqları adama “Gəl, qonağımız oldeyirdi.

 

Şuşanı ev-ev, küçə-küçə, məhəllə-məhəllə gəzmək lazımdı, məncə. Ona qulaq asmaq, onun ağrılarını, sevincini duymaq üçün. Bizedirik, bəs? Gedib ona söykənib, onu özümüzə dayaq edib ağlayır, gileylənir, dərdləşirik, söz-sovumuzu deyirik. “Əl-ayağına” düşüb yalvar-yaxar edirik, başına, daşına, izinə dolanırıq. Onun bizə nə dediyini, darıxmağını necə izahını duymuruq, görmürük. Eləcə özümüzdən danışırıq, özümüzü dinlədib, özümüzü danışdırırıq.

 

Amma yox, Şuşa xoşbəxtdir, qürurludur, məmnundur. Axı, illər əvvəl qoynundan qoparılan balaları yenidən onun dizinin dibindədir. İndi Şuşada doğulan-doğulmayan, fərqli yoxdur, minlər, milyonlar şuşalıdır. Mənim kimi ömründə Şuşanı görməyənlər də elə bilir göbəyi burada kəsilib, gözü burada açılıb, dili burada söz tutub.

 

Özüm üçün izahını tapmamışam deyə sizə də açmasını verə bilmirəm. Amma mənə elə gəldi ki, Şuşanın sehri, sirri məhz cəzbetmə qüvvətindədir. O sirr ki, külli-ixtiyar da onun əlindədir. Bu təslim, bu tabeçilik dünyanın bütün azadlıqlarından gözəlmiş, vallah.

 

Düşünürəm ki, bu mənada “Şuşa, sən azadsan!” deyən hər kəs həm də özü azaddır. Daha doğrusu, azad şəhərdə azad olan, əslində, bizik.

 

 

 

Səndən doymadım ki...

 

 

 

Xalqımızın ümummilli liderinin Şuşa haqqında məlum kövrək çıxışında bir cümlə var. “Şuşa Azərbaycanın gözüdür”. Bəli, orada olduqdan sonra anladım ki, doğrudan da, bu, belədir. Əgər insanın dünya ilə rabitəsi gözüdürsə, Vətənimin də gözü Şuşadır.

 

Həm festival konsertlərini birŞuşadan izləmək, həm də 2019-cu ildə mənfur düşmənlərimizin Cıdır düzündə rəqs etməklə hamımızın sinəsinə çəkdiyi dağın əvəzini çıxmaq üçün üzü Topxana meşəsinə sarı qol qaldırdım, ağına-bozuna baxmadan, musiqinin ahənginə, tamaşaçıların fərqinə varmadan yorulub əldən düşüncəyədək oynadım. Oradakı onlarla şuşalıya, Şuşa qonağına, Şuşa sevdalısına qoşulub birlik və bərabərlik nümunəsi olan “Yallı”mızın sədaları altında dövrə vurdum.

 

Xoşbəxtlik qəhqəhələri musiqinin sədalarına qarışıb sıldırımlara səpələndikcə, batan günəşin şəfəqləri dağların arxasından yuxarı dırmaşdıqca, şiş qayaların ən son  nöqtəsindəki parıltı gözlərimizi qamaşdırdıqca hisslər dəli atın tərkindəki çapara oxşayırdı. Apaydın səmada “Min şükür, ilahi!”, “Sağ ol, əsgər qardaşım!”, “Eşq olsun, müzəffər ordu!”, “Şuşa, səni sevirəm!” sədaları cingildəyirdi.

 

Ürəkdən deyilən bu sözlərin heç birində “Görüşənədək” yox idi. Çünki heç kim getmək, onu tərk etmək istəmirdi. Odur ki, “Yola düşmək vaxtıdır” xəbərdarlığı nağılı yarımçıq kəsilmiş uşaq kimi hamını küsdürdü. Cıdır düzündən üzüaşağı könülsüz-könülsüz, büdrəyə-büdrəyə düşən qonaqlar hələ heç oradan çıxmamış, daşından doyub, torpağından ayrılmamış onun üçün darıxmağa başlamışdı.

 

 

 

Şuşada axşamlar yanar ulduzlar

 

 

 

Saat səkkiz tamamdır. Biz Şuşanı tərk edirik. Arxamızda qalan şəhərə sarı boylana-boylana ona yenidən qovuşmaq üçün qarşıdakı zamanı adlamağa, günləri saymağa başlayırıq.

 

Şair necə demişdi? “Şuşada axşamlar yanar ulduzlar, Onlardan gözəldir gəlinlər, qızlar”. Yox, vallah,  mənə görə Şuşa onların hamısından gözləldi, zərifdi, məsumdu və safdı.

 

...Şuşa haqqında yazmaq böyük işdir. Onu təsvir, tarixinə, mədəniyyətinə, taleyinə, keçmişinə təşviq üçün gərək başqa bir ruh qatında olasan. Cari məsəllərdən arınıb, Şuşa ilə tək qalasan. Bu çoxluğun içində isə bu, elə də asan deyil.

 

Odur ki, mən də belə bəraət verim özümə: Əziz Şuşa, sənə qovuşdum, bağrıma basdım. Qaldı qulaq verib, qoynunda səni vəsf etmək. Qoy, bu cızmaqara “Qoynuna girməyə qalmışdır bir az, Könül fərəhlənib eylədi pərvaz, Ölməyib görəydim seyrini hər yaz, Səndə var özgə bir lətafət, Şuşa”nın qəlbimdə oxunan çoxillik nisgilli nəğməsinin nəqəratı olsun. Növbəti görüş günümüzü iplə çəkirəm...

 

Həmidə Nizamiqızı

Bakı-Şuşa-Bakı

 

Mədəniyyət.- 2022.- 25 may.- S.6.