“Dərin duyğulara söykənməyən yaradıcılıq heç vaxt çox yaşaya bilməz”

 

Vidadi Babanlı: “Mənimlə birgə yazmağa yeni başlayanlar az deyildi. Çox keçmədi ki, sayları azalmağa başladı, yarı yolda qaldılar...”

 

 

 

Həyatını ədəbiyyata həsr edən görkəmli qələm ustadı Vidadi Babanlı “Gəlin”, “Bulanlıq dünya”, “Müqəddəs ocaq”, “Vicdan susanda”, “Ömürlük cəza”, “Həyat bizi sınayır”, “İnsaf nənə”, “Sabaha ismarıc” kimi əvəzsiz əsərləri ilə oxucularına bütöv bir xəzinə bəxş edib. 95 yaşlı yazıçı bu gün də ölkəmizin ədəbi mühitində sözünün sehri, kəlmələrinin kəsəri ilə sevilir.  Bizbu sevgi işığında qocaman ədibimizlə həmsöhbət olduq.

 

 

 

– Vidadi müəllim, bu günlərdə Prezident İlham Əliyevin sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif olundunuz. Mədəniyyət naziri Anar Kərimov evinizdə qonaq olduordeni sizə təqdim etdi. Düşünürəm ki, sənətinə verilən dəyər sənətkar üçün izaholunmaz hissdir.

 

– Ulu öndər Heydər Əliyev ziyalılara qarşı olduqca diqqətli idi. Hətta güman etmədiyimiz məqamlarda özü bizə yaxınlaşıb qayğılarımızla maraqlanırdı. Sevinirəm ki, ümummilli liderin əsasını qoyduğu bu ənənə yaşadılır. Dövlətimiz ziyalılarımıza, ədəbiyyat və incəsənət nümayəndələrinə qayğını, hörməti əsirgəmir. Bu yüksək təltifə layiq görüldüyüm üçün dövlət başçımıza minnətdarlığımı bildirirəm. Mədəniyyət nazirinin evimə qonaq gəlib, mənə “Şöhrət” ordenini təqdim etməsi də çox alicənab addım idi. Bu həm də sənətə, mədəniyyətə yüksək dəyərin göstəricisidir.

 

 

 

– Tarix boyu bir çox yaradıcı simalar doğulduqları ölkənin talelərinə təsirindən şikayətləniblər. Necə düşünürsünüz, dünyaya gəldiyiniz coğrafiya, cəmiyyət fərqli olsaydı, daha rahat ömür sürə bilərdiniz?

 

– Mən Azərbaycana çox bağlıyam. Yəqin buna görədir ki, əsərlərimdə milli ruh güclüdür. Düşünürəm ki, başqa ölkədə yaşasaydım, belə yaza bilməzdim. Ən əsası isə millətimə, xalqıma bağlı insanam. “Vicdan susanda” romanından tutmuş ən kiçik həcmli hekayələrimədək hər birində xalqımızın həyatının müəyyən dövrlərini əks etdirmişəm. İstər “Ömürlük cəza”, yaxud “Müqəddəs ocaq”, “Mənim gizlinlərim” olsun. Hər cümləmdə azərbaycançılıq mövqeyimi bütün dəyərlərdən üstün tutmağa çalışmışam.

 

 

 

– “Vicdan susanda” romanınız uzun müddət əksər evlərdə masaüstü kitaba çevrilmişdi...

 

– Mən digər yazıçıların yeni əsərlərini oxumağa həmişə vaxt tapırdım. Mir Cəlalın, Süleyman Rəhimovun, Mehdi Hüseynin, ədəbiyyatımızın digər nümayəndələrinin yaradıcılığını diqqətdə saxlamışam. Ümumiyyətlə, hər dövrün öz yazıçısı var. Həmin dövrün ideologiyası sovet hakimiyyətinə tərif yağdırmaq idi. Dərin duyğulara söykənməyən yaradıcılıq heç vaxt çox yaşaya bilməz. Bəlkə buna görə də bir sıra yazıçıların əsərlərinin ömrü çox qısa oldu. O ki qaldı “Vicdan susanda” romanıma, bu əsərim yaşı 50-dən çox olsa da, bu güneyni sevgi ilə oxunur. Moskvada iki il ard-arda 100 min tirajla çap olunmuşdu. O vaxtlar heç bir çox rus yazıçıların əsərlərinə bu qədər maraq yox idi.

 

 

 

– Amma son dövrlər kitabı əldən-ələ gəzən yazıçılarımızın sayı azalır. Səbəbini nədə görürsünüz? Xüsusən də çoxları şikayətlənir ki, tarixi Zəfərimizi tərənnüm edən keyfiyyətli əsərlər yazılmayıb.

 

– Həyat təcrübəsi, ondan da önəmli fitri istedad olmalıdır. Bunların boşluğu yaradıcılığa mənfi təsir edir. Həvəslə gəlib, əliboş qayıdırlar. Mənimlə birgə də yazmağa yeni başlayanlar az deyildi. Çox keçmədi ki, sayları azalmağa başladı, yarı yolda qaldılar. Səməd Vurğunun dövründə onlarla şair vardı. İndi kimin adı yad olunur? Səməd Vurğunun! Çünki o, istedadın özü idi. Hər misrası Allah vergisi idi. Tarix boyu, ta keçmişdən bu belə olub.

 

 

 

– Madam ki, tarixi Zəfərimizdən danışdıq, Qarabağın işğaldan azad olunması xəbərini necə qarşıladınız?

 

– Xalqımızın ürəyində böyük dərd idi. Gözəl rayonlarımızı işğaldan azad etdik. Həm torpağı münbit, həm mədəniyyəti zəngin ərazilərimiz əsl sahiblərinə geri qayıtdı. Çox sevindim. Prezidentimizə məktub da yazdım ki, ağsaqqal yazıçı kimi alnınızdan öpürəm, bizə böyük sevinc nəsib etdiniz. Bu, həqiqətən, çox böyük hadisədir. Bərəkətli torpaqlarımız yenə canlanacaq. Xalqımızın güzəranı daha da yaxşılaşacaq.

 

 

 

– Hər bir yazıçının, ümumiyyətlə, yaradıcı insanın həyatında fədakar qadın obrazı mütləq olur. Bəlkə bu haqda danışaq?

 

– Mənim həyatımda ürəkdən sevdiyim cəmi bir insan olub. O da məktəbdə sinif yoldaşım idi. O qızdan sonra ürəkdən heç kimə vurulmamışam. Bəli, münasibətlərim olub, amma əsl sevgi tək və ilk olur. Səməd Vurğunun ilk məhəbbəti Dürrə xanıma olan sevgisi kimi... Mən özümbu məhəbbəti qələmə almışam.

 

 

 

– Bəs yazıçının həyat yoldaşı ilk məhəbbətinin kölgəsində qalmır? Ümumiyyətlə, yazıçının taleyində hansı funksiyanı daşıyır?

 

– Yazıçı xanımı olmaq çətindir. Gərək onun nazı ilə oynayasan, hisslərini duyasan. Xanımım həmişə mənə dəstək olub. Əlyazmalarımı makinada çap edirdi. O vaxtlar kompüter yox idi. Bəzən hətta dəfələrlə cümləni, ifadələri dəyişirdim. Hər dəfə yorulmadan yeni vərəq götürüb makinanın arxasına keçirdi.

 

 

 

– Tolstoyun xanımı kimi...

 

– Əlbəttə. Ədəbiyyat naminə belə fədakarlıq edən qadınlar çox olubvar.

 

 

 

– Əcnəbi yazıçıların əsərlərini oxuyurdunuz? Sovet dövründə xarici yazıçıların əsərləri başqa dünyanın təsviri demək idi...

 

– Əlbəttə, oxuyurdum. Əsasən fransız ədəbiyyatı ilə maraqlanırdım. Balzak, Hüqo, Mopassanın bütün əsərlərini oxuyurdum. Fərq etmir, fransız, alman, ingilis, amerikalı yazıçıların yaradıcılığına həmişə bələd olmaq istəmişəm. İndiki gənclərdə də məni bu cəhət narahat edir. Mütaliəyə meyilli böyümürlər. Birinin təsvir etdiyi hadisələrin, başqasının qurduğu süjet xəttinin gedişatından nələrsə öyrənmək istəmirlər. Mən Tolstoy, Dostoyevski kimi yazıçıların əsərlərindən bəhrələnərək, öz dəst-xəttimi tapmışam. Ona görə mütaliədən çəkinmək lazım deyil.

 

 

 

– İstedadınızdan qorxub, yolunuzu kəsənlər çox olub?

 

– İrəli getmək üçün heç kimin önündə əyilməmişəm. Qürurum buna heç vaxt imkan verməyib. Bəlkə buna görədir ki, mənə qarşı haqsızlıq çox olub. Bəzilərindən bu gün incikliyim var. Amma heç nəyə baxmayaraq sənətimlə məşğul olmuşam. 93 yaşımda “Sabaha ismarıc” kitabımı tamamlamışam. Səhhətim əl verməsə , diktə etmişəm, ailə üzvlərim yazıya köçürdüb. Mən ömrüm boyu sənətlə, sözlə qidalanmışam. Qalmaqaldan, davadan, yaltaq, ikiüzlü adamlardan uzaq durmağa çalışmışam.

 

 

 

– Hər yazıçının yaradıcılığı üçün özünəməxsus münbit şəraiti olur. Hətta bəzən deyirlər ki, xoşbəxt yazıçının, şairin əsəri oxucunun ürəyinə toxuna bilməz.

 

– Bəzən ideya qəfildən gələ bilər. Xatırlayıram, qeydlər edirdim ki, unutmayım. Adətən gecələr işləyirdim. Bəzən o səssizlikdə sübhə qədər yazırdım. Həmin saatlarda özünlə təkbətək qalırsan. Fikrini yayındıran da olmur. Yazıçının həyat müşahidəsi güclü, gözü iti olmalıdır. İnsanları tanımağı bacarmalıdır. Pisi yaxşıdan ayırd etməlidir. Rastlaşdığın insanların hərəsindən bir cəhəti götürüb ya müsbət, ya da mənfi obraz yarada bilməlisən. Həyat biliyi güclü olmalıdır. “Vicdan susanda” romanını yazanda bir il kimyaçılarla birgə çalışmışdım. Yaxud “Həyat bizi sınayır” romanını ərsəyə gətirmək üçün Sumqayıtdakı fəhlə yataqxanalarının birində tərbiyəçi müəllim işləməyə başladım. Əmin olduğum bir şey var ki, həyatı dərindən mənimsəməsən, əsərlərin oxucunun ürəyinə yol tapa bilməyəcək...

 

Söhbətləşdi: Leyla Sarabi

Foto: Ceyhun Rəhimov

 

Mədəniyyət.- 2022.- 27 may.- S.5.