Musiqi məktəbi müəllimlərinin “Şuşa İli”nə konsert töhfəsi

 

May ayı musiqi məktəbləri üçün xüsusilə əlamətdardır. Bu təhsil ocaqları bir qayda olaraq bu ayın sonunda illik hesabat konsertlərini təqdim edirlər.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin bu dəfə təşkil etdiyi konsert öz fərqliliyi ilə seçilirdi. Bu dəfə səhnədə şagirdlər deyil, məktəbin müəllimləri idi. KonsertŞuşa İli”nə həsr olunmuşdu.

 

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, uşaq musiqi, incəsənət məktəblərinin direktorları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

 

Əvvəlcə müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması ilə əlaqədar xalqımıza müraciəti səsləndirildi.

 

Aparıcı 44 günlük Vətən müharibəsindən, Qarabağın baş tacı Şuşanın azad edildiyi günün Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazılmasından, ölkəmizin mədəniyyət paytaxtı elan edilən qala-şəhərimizdə aparılan bərpa-quruculuq işlərindən, keçirilən festivalkonfranslardan söz açdı.

 

Sonra musiqi məktəbi müəllimlərinin tərtib etdiyi rəngarəng konsert proqramı təqdim edildi. Müəllimlərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndikcə bu təhsil ocağında oxuyanların uğurlarını və tədrisin səviyyəsini də təxmin etmək mümkün idi. Müəllimlərdən ibarət simli kvartet, fortepiano, kamança, qarmon, qanun, vokal, fleyta alətlərində məharətli çıxışlar alqışlarla qarşılandı.

 

Konsertin sonunda məktəbin direktoru, Əməkdar müəllim Fikrət Budaqov çıxış edərək kollektivə və tədbirə qatılan qonaqlara təşəkkürünü bildirdi.

 

Baş idarənin rəisi İbrahim Əliyev çıxışında dedi ki, dövlət başçısı Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci iliŞuşa İlielan edib. Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada bərpa işləri uğurla davam etdirilir. Konsertin gənc nəslin estetik tərbiyəsi ilə yanaşı, onlarda vətənpərvərlik hisslərinin aşılanmasına da xidmət etdiyini bildirən İbrahim Əliyev məktəbin kollektivinə maraqlı proqrama görə təşəkkür etdi, uğurlar arzuladı.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 27 may.- S.4.