Qarabağda İbrahimxəlil xan dövrünün numizmatik faktları – pənahabadilər

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşirin (1748 - 1763) varisi İbrahimxəlil xanın (1763-1806) dövrünə aid unikal sikkələr – pənahabadilər qorunur.

 

Muzeydən verilən məlumata görə, aşkar olunmuş numizmatik faktlara əsasən, ilkin pənahabadilər hicri 1209 – miladi təqvimlə 1794-1795-ci illərdə zərb edilib. Pənahabadda (Şuşada) ilk gümüş sikkələr anonim (adsız) zərb edilirdi.

 

“Pənahabadi” nominalına malik gümüşmis sikkələrin məhz belə adlandırılması bir sıra amillərlə əlaqədar idi. Bir sıra başlıca şəhərlər, məntəqələr və coğrafi məkanların şərəfli epitetlərlə adlandırılması İslam ənənəsinə xas olan cəhətlərdən idi.

 

XVIII – XIX əsrlərdə, digər müsəlman dövlətlərində olduğu kimi, Qarabağ xanlığı sikkələrinə də onların zərb edildiyi məkana müvafiq zərbxana adı həkk edilirdi. Belə zərb vasitəsilə İbrahimxəlil xan hakimiyyətin ona atasından miras qaldığına işarə edirdi. Hicri 1209-1212 və 1214 – miladi 1794-1798, 1799-1800-cü illərdə pənahabadilər (1,48 – 1,89 q) və yarımpənahabadilər (0,96 – 0,97 q) zərb edilib.

 

XVIII əsrin sonunda Azərbaycan və İranın pul-sikkə sisteminin başlıca gümüş sikkə vahidi olan gümüş abbasının çəkisi 1- 2 qrama enmişdi. Bu dövrün pul təsərrüfatında Səfəvilərdən miras qalan daha bir sikkə – “şahi” (1/4; 1/6 abbası) və digər nominallı sikkələr dövriyyədə idi.

 

Qeyd edək ki, İbrahimxəlil xan dövründə Qarabağda zərb edilən pənahabadilərə Rusiyaİran sikkə standartlarının tətbiq edilməsi təəccüb yaratmamalıdır. Xan dəfələrlə rusiyalı təmsilçilərlə danışıqlar aparmış, fars təsirini anlayaraq öz sikkələrinin həm də İranda dövriyyəsini təmin etməyə çalışmışdı. Rus işğalından sonra, 1805-1817-ci illərin bəzi pənahabadilərinin anonim zərb edilməsi isə Qarabağ xanlığının müstəqillik cəhdlərinin göstəricisi sayıla bilər.

 

Numizmatik tədqiqatlara əsasən, Qarabağ xanlığında beş tipdə pənahabadilər, həmçinin onların yarımtipləri zərb edilib.

 

Karvan yollarının qovşağında yerləşən Şuşa bir sıra şəhərlərlə ticarətdə iştirak edirdi. Bura Rusiya, İran, Türkiyə, İraqHindistandan tacirlər gəlirdilər.

 

İbrahimxəlil xan dövründə Qarabağda gümüşmis sikkələr zərb edilib. Anonim mis pənahabadilərə heyvan təsvirləri də həkk olunub. Xanlıqda qızıl sikkələrin zərbini təsdiq edən fakt aşkarlanmayıb.

 

Mədəniyyət.- 2022.- 27 may.- S.7.