Qəlbi Vətənlə döyünürdü...

 

Vətən müharibəsində tarix yazan, doğulub boya-başa çatdığı Lənkəran elinin qürur, iftixar yerinə çevrilən İqbal Bayramovun 43 illik ömür yolu başdan-başa saflıq dünyasına bənzəyir. Onun həyat fəlsəfəsində yalnız gözəl dünya naminə qurub-yaratmaq, hər bir işdə yurduna gərək olmaq dururdu. Bütün yaxşılıqlar, nəcib əməllər, insanlara təmənnasız münasibət bu ləyaqətli Vətən övladının dünyasından qaynaqlanırdı. Elə İkinci Qarabağ savaşında həyatını fəda etməsi canından artıq sevdiyi Vətənin yaşaması üçün idi...

 

İqbal Əhmədağa oğlu Bayramov 1977-ci il iyulun 4-də Lənkəranın Hirkan qəsəbəsində dünyaya göz açıb. Qəsəbədə orta təhsilini başa vurub 1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasına (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olur. Tələbəlik illərində oxuyub öyrənməkdən yorulmur. Gözəl əxlaqı, həyata sağlam baxışı, insanlığa sevgisi müəllim və tələbələr tərəfindən rəğbətlə qarşılanır, ona hörmət qazandırır.

 

Qarabağın Ermənistan tərəfindən əsarətdə saxlanılması İqbalın ən yararlı yeri idi. Ali təhsildən sonra, 2001-ci ildə ordu sıralarına yollanır. Leytenant rütbəsində Ağdam-Tərtər istiqamətində N saylı hərbi hissədə tağım komandiri kimi xidmət edir. Əsgərlərinə böyük qayğı göstərir, onların hörmətini qazanır.

 

İqbal baş leytenant rütbəsi ilə ehtiyata buraxılır. Üç il mülki həyatda müxtəlif işlərdə çalışır. Təbii ki, günləri rahat, gözəl keçsə də, düşmənin ədalətsiz hərəkətlərinə son qoymaqdan ötrü həyatını yenidən hərbiyə bağlayır. Anamız Azərbaycanın qeyrətli oğlu kimi sinəsini yanar od edib düşmənin bağrını çatladan günə hazırlaşır. Mayor rütbəsinə yüksəlir, nümunəvi xidmətinə görə sinəsini medallar bəzəyir.

 

Vətən müharibəsi başlanan gündən mayor İqbal Bayramov mənfur düşmənə nifrət hissi ilə döyüşə atılır. Sanki düşmənin kökünü kəsməkdə Vətən sevgisi ona hər savaşda yeni qüvvə verir. Cəsarətlə döyüşür, öndə gedir, əsgərlərini hücuma səsləyir. Cəbrayılda da düşmənə od qoyur, onların çoxlu canlı qüvvəsini məhv edir, texnikasını sıradan çıxardır. Bundan əlavə, dəfələrlə döyüş yoldaşlarını mühasirədən qurtarır. Oktyabrın 5-də düşmən gülləsi qəhrəman mayorun ömrünə son qoyur.

 

İqbal Bayramov ömrünü Vətəni üçün yaşadı. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra Vətən uğrunda və İgidliyə görə medallarına layiq görüldü.

 

Bu gün bütün Lənkəran camaatı öz qəhrəman oğlu ilə fəxr edir, onun şərəfli ömür yolunu özlərinə örnək bilirlər. Allah rəhmət eləsin.

 

Zəfər Orucoğlu

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Mədəniyyət.- 2022.- 27 may.- S.6.