Türkiyə ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

Mayın 25-də mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə səfərdə olan Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslanla görüşüb.

 

Qonağı salamlayan Elnur Əliyev Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr haqqında məlumat verib.

 

44 günlük Vətən müharibəsi haqqında söz açan nazirin birinci müavini bildirib ki, bu gün azad olunmuş torpaqlara mədəniyyətin qaytarılması və bu qədim bölgəmizin mədəni irsinin təbliği istiqamətində ardıcıl aparılır: Vətən müharibəsində olduğu kimi, Qarabağın mədəni quruculuğunda da qardaş Türkiyəni yanımızda görmək istəyirik.

 

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan səmimi qəbula görə Elnur Əliyevə təşəkkürünü bildirib. O, Türkiyə olaraq hər zaman Azərbaycana dəstək olduqlarını və bundan sonra da bu dəstəyin davam edəcəyini vurğulayıb. Bildirib ki, son 30 ildə iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulub. Mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün daha böyük imkanlar var. Bunun üçün müvafiq mütəxəssislər arasında təcrübə mübadiləsi əhəmiyyətli olar.

 

Azərbaycan rəqslərinin özünəməxsusluğu haqqında fikirlərini bölüşən Nadir Alpaslan bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün yeni layihələr haqqında düşündüklərini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda hər rəqsin öz libası, öz elementləri varxalq bu rəqsləri çox sevir, yüksək dəyərləndirir.

 

Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsini məmnunluqla qarşıladıqlarını bildirən Nadir Alpaslan bununla bağlı yeni konsepsiyanın hazırlanıb təqdim ediləcəyini vurğulayıb. O, iki ölkə arasında müştərək filmin hazırlandığını da bildirib.

 

Mədəniyyətin bir sıra sahələrində birgə yeni layihələrin həyata keçiriləcəyini deyən qonaq işğal zamanı Ermənistan tərəfindən dağıdılmış tarix-mədəniyyət abidələrinin tanıdılması istiqamətində bundan sonra da dəstək göstərəcəklərini vurğulayıb.

 

Ermənilərin Azərbaycan musiqi və rəqslərini öz adlarına çıxdıqlarını, beynəlxalq aləmdə bunun təbliğatını apardıqlarını diqqətə çatdıran Elnur Əliyev bu problemin qarşısının alınmasında təbliğatın mühüm rol oynadığını deyib. Qeyd edib ki, bəzən məlumatsızlıq səbəbindən hətta qardaş Türkiyədə belə musiqi və rəqslərimiz Qafqazya anonim adı ilə təqdim olunur. Buna görə də iki ölkənin bu sahədə də daha yaxın əməkdaşlığına ehtiyac var.

 

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2022.- 27 may.- S.3.