Ədəbiyyatda və teatrda məktəb yaradan sənətkar

İlyas Əfəndiyev. Geriyə baxarkən fotoalbomunun təqdimat mərasimi keçirildi

 

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə İlyas Əfəndiyev. Geriyə baxarkən adlı fotoalbom çapdan çıxıb. Mayın 25-də Milli Kitabxanada nəşrin təqdimat mərasimi keçirildi.

 

Fotoalbom XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevin (1914-1996) ömür və zəngin yaradıcılıq yolunu əks etdirir.

 

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov nəşr haqqında məlumat verdi. Bildirdi ki, fotoalbomda İlyas Əfəndiyevin ömür yolunun ən yaddaqalan anlarının fotoları, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ədibin yaxın dostlarının sənətkar haqqında fikirləri, xatirələri, tanınmış şairlərin yazıçıya həsr etdiyi şeirlər, habelə sənətkarın əsərlərinin tamaşalarından fotolar yer alıb: Biz İlyas Əfəndiyevin Geriyə baxma, qoca romanının və ədibin həyat və yaradıcılığına həsr olunmuş Geriyə baxmağa dəyər film-oçerkinin (1985, ssenari müəllifi Məmməd İsmayıl red.) adından ilhamlanaraq fotoalbomu Geriyə baxarkən adlandırmışıq.

 

Direktor qeyd etdi ki, ulu öndər Heydər Əliyev ədibin yaradıcılığını yüksək qiymətləndirib. Yazıçının yaradıcılığı ona görə həmişəyaşardır ki, bu əsərlərdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, milli-mənəvi dəyərlərimiz geniş şəkildə təsvir olunub. Müəllifin səhnələşdirilən əsərləri neçə-neçə aktyor, rejissor yetişdirib. Bu gün isə ədibin yolunu oğlu Xalq yazıçısı Elçin davam etdirir. Dövr, zaman dəyişsə də, İlyas Əfəndiyevin əsərləri daim oxunacaqöz dəyərini qoruyub saxlayacaq.

 

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, bu gün ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri, Azərbaycan tarixi yaddaşının, milli məfkurəsinin inkişafında müstəsna xidmətləri olan İlyas Əfəndiyevin doğum günü ərəfəsində böyük onun həyat və yaradıcılığının maraqlı məqamlarının əks olunduğu fotoalbomun təqdimatına toplaşmışıq. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatı üçün çox önəmli irs qoyub gedib. O, sovet ideologiyası zamanı öz əsərlərində azərbaycançılıq və milli kimlik məsələlərinə işıq tutub. Gənclərimizin vətənpərvər ruhda yetişməsində onun əsərlərinin mühüm rolu var.

 

İlyas Əfəndiyev yaradıcılığının ölkəmizlə yanaşı, xaricdə də tanındığını bildirən nazir dedi ki, Prezident İlham Əliyev ədibin 90 və 100 illik yubileyləri ilə bağlı 2004 və 2014-cü illərdə sərəncamlar imzalayıb. 2014-cü ildə yazıçının 100 illiyi UNESCO səviyyəsində də geniş qeyd olunub. İlyas Əfəndiyevin yaradıcılığını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev onun Milli Dram Teatrında tamaşaya qoyulan pyeslərinin premyerasında iştirak edib. Təsadüfi deyil ki, uzun illərdir Akademik Milli Dram Teatrı yeni mövsümünü ədibin Hökmdar və qızı pyesi əsasında hazırlanan Qarabağnamə tamaşası ilə açır.

 

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli qeyd etdi ki, İlyas Əfəndiyev sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir, amma sovet dövründə əsas olan sosializm realizmi kimi ideyalar onun əsərlərinə yaddır. Sovet ədəbiyyatı nikbin notlar üzərində qurulsa da, İlyas Əfəndiyevin əsərlərində həm nikbin, həm də nisgilli notlar hiss olunur. Yazıçı zamanı qabaqlayan bir şəxsiyyət olub. Onun yaradıcılığında lirik-psixoloji yanaşma özünəməxsus yer tutur.

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşdü. Diqqətə çatdırdı ki, biz həmişə Azərbaycan teatrının müasir olmasını arzu edirdik. Biz həmin müasirliyə İlyas Əfəndiyevin əsərləri sayəsində çatdıq.

 

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, İlyas Əfəndiyevin ədəbiyyatımıza, teatrımıza verdiyi töhfələr heç vaxt unudulmayacaq.

 

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı fotoalbomu ədəbi həyatımıza töhfə kimi dəyərləndirdi. Bildirdi ki, İlyas Əfəndiyev həm ədəbiyyatda, həm də teatrda məktəb yaradıb. Zamanın tələbələrinə əyilməyərək öz dəst-xətti ilə seçilib. Ədib Azərbaycan tarixini, qadın azadlığı kimi məsələləri ədəbiyyatımıza gətirərək əsərlərində qadın baş qəhrəmanlara daha çox yer ayırıb.

 

Tədbirdə daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti Cəfərova, Milli Məclisin deputatları Vüqar İsgəndərov, Aqil Abbas, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, professor Rüstəm Kamal və başqaları İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığından danışdılar.

 

Kitabın hazırlanmasında xüsusi əməyi olan yazıçının nəvəsi Günay Əfəndiyeva deyib: Qarşımızda nəhəng bir irs vardı. Kitabı hazırlayarkən biz sanki İlyas Əfəndiyevin həyatını, həm də o dövrü yenidən yaşayırdıq. Ona görə də kitab Geriyə baxarkən adlanır. Bu gün biz Qarabağla bağlı əsərləri daha çox təbliğ etməliyik. İlyas Əfəndiyevin bütün yaradıcılığından Qarabağ mövzusu qırmızı xətlə keçir....

 

Çıxışlardan sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan Bədii fikir tariximizin fenomeni Xalq yazıçısı İlyas Əfəndiyev adlı elektron məlumat bazası təqdim olundu. Məlumat bazası Rəsmi sənədlər, Sənətkarın yaşamaq haqqı, Həyat və fəaliyyətinin əsas tarixləri, Görkəmli şəxslər İlyas Əfəndiyev haqqında, Müdrik deyimləri, Ədəbiyyat və mədəniyyət xadimləri haqqında fikirləri, Əsərləri, Haqqında, Mükafatları, Xatirəsinin əbədiləşdirilməsi, Filmoqrafiya, FotoqalereyaVideoqalereya bölmələrindən ibarətdir.

 

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək onu da diqqətə çatdırdı ki, qurum tərəfindən İlyas Əfəndiyev mükafatı təsis edilib. İlk mükafatın Qarabağdan daha çox yazan millət vəkili, Əməkdar jurnalist Aqil Abbasa verilməsi barədə qərar qəbul olunub. Sonra AYB-nin İlyas Əfəndiyev mükafatı A.Abbasa təqdim edildi.

 

Sonda görkəmli ədibin ailəsi adından çıxış edən Xalq yazıçısı Elçin fotoalbomun nəşri və tədbirin təşkilatçılığına görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirdi.

 

Tədbir iştirakçıları Xalq yazıçısı İlyas Əfəndiyev adlı kitab sərgisi ilə tanış oldular.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 27 may.- S.1;3.