Maestro Rauf Abdullayevin 85 yaşı tamam oldu

 

Xalq artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri baş dirijoru, “Şöhrət”, “Şərəf”, “İstiqlalordenli, Azərbaycan Respublikasının Dövlət mükafatı Heydər Əliyev FondununQızıl çinarbeynəlxalq mükafatının laureatı Rauf Abdullayevin oktyabrın 29-da 85 yaşı tamam oldu.

Maestro yubileyi ərəfəsində Azərbaycan Respublikasının daha bir təltifinə layiq görülüb.

Prezident İlham Əliyevin oktyabrın 28-də imzaladığı sərəncamla Rauf Canbaxış oğlu Abdullayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə 1-ci dərəcəliƏməkordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş dirijor Rauf Abdullayevi 85 illik yubileyi münasibətilə təbrik edib. Birinci vitse-prezident təbrik paylaşımında görkəmli sənətkara ən xoş arzularını ifadə edib. “Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, milli musiqi mədəniyyətimizin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun!”, – deyə təbrikdə vurğulanır.

***

Oktyabrın 28-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov yubilyarla görüşüb.

Rauf Abdullayevi anadan olmasının 85 illiyi münasibətilə təbrik edən Anar Kərimov ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan mədəniyyətində xüsusi yeri olan sənətkar yeni layihələr və gənc nəslin musiqi zövqünün formalaşmasında həyata keçirilən tədbirlərdən, gənc və istedadlı musiqiçi nəslinin doğru istiqamətləndirilməsi yönündə aparılan işlərdən söhbət açıb.

Maestronu “Mədəniyyət” qəzetinin kollektivi adından da təbrik edir, ona bundan sonra da dirijor pultu arxasında sürəkli tamaşaçı alqışları arzulayırıq...

 

Mədəniyyət.- 2022.- 2 noyabr.- S.5.