“Zəfər uşaqların gözü ilə”

 

İstiqlal Muzeyində ədəbi-bədii tədbir

 

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsində tarixi Qələbənin ikinci ildönümü ilə əlaqədar keçirilən Zəfər həftəsi çərçivəsində noyabrın 1-də “Zəfər uşaqların gözü ilə” adlı ədəbi-bədii tədbir təşkil edilib.

Tədbirdə vurğulanıb ki, xalqımızın birliyi, Ordumuzun rəşadəti, ölkə başçısının qətiyyəti nəticəsində əldə olunan bu Qələbə Azərbaycan tarixinin şanlı salnaməsidir. Bu tarixi qanı ilə yazan şəhidlərin xatirəsi daima qəlblərdə yaşayacaq.

4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Məktəb teatrı” və “Musiqisevərlər” dərnəklərinin üzvləri, həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs və vokal üzrə istedadlı şagirdləri musiqi nömrələri, şeir və rəqs kompozisiyalarından ibarət bədii hissə ilə çıxış ediblər.

Sonda tədbir iştirakçıları “EDUGrata” Təhsil Mərkəzinin rəsm kursu şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə nümayiş olunan rəsmlərdə gələcəyin bacarıqlı rəssamlarının Zəfər sevinci öz təzahürünü tapıb.

Rəsm əsərlərinin müəllifləri təşəkkürnamə ilə təltif olunublar.

 

Mədəniyyət.- 2022.- 4 noyabr.- S.7.