Qırğızıstan və Özbəkistanla qarşılıqlı mədəniyyət günləri müzakirə olunub

 

Mədəniyyət naziri Anar Kərimov Bursada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu toplantısı çərçivəsində bir sıra görüşlər də keçirib.

Mədəniyyət naziri Anar Kərimov Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutovla görüşüb.

Həmkarını salamlayan Anar Kərimov ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın inkişaf etdiyini, bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Nazir 2023-cü ildə Azərbaycanla Qırğızıstan arasında qarşılıqlı mədəniyyət günlərinin təşkilinin nəzərdə tutulduğunu, bununla bağlı proqramın müəyyənləşdirilməsinin, Azərbaycan tərəfindən proqrama folklor, rəqs qruplarının, dirijor və solistlərin salınmasının önəmini qeyd edib. Həmçinin qarşılıqlı kino günlərinin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Anar Kərimov eyni zamanda gənclər arasında mədəniyyət sahəsində əməkdaşlığın, iki ölkənin universitetlərində tələbələr arasında görüşlərin keçirilməsinin prioritet məsələlərdən olduğunu deyib.

Altınbek Maksutov görüşdən məmnunluğunu ifadə edərək, qarşılıqlı mədəniyyət günlərinin təşkilinin ölkələrimizin mədəni irsi və incəsənətinin tanıdılması və təşviqinə xüsusi töhvə verəcəyinə əminliyini bildirib. O, mədəniyyət günlərinin proqramının dəqiqləşdirilməsi ilə bağlı danışıqların aparıldığını, heyətin formalaşdırılması istiqamətində müvafiq işlərin həyata keçirildiyini qeyd edib.

***

Anar Kərimov Bursada Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov ilə də görüş keçirib.

Anar Kərimov görüşün təşkilindən məmnunluğunu ifadə edərək üzümüzə gələn 2023-cü ilin mədəniyyət tədbirləri ilə zəngin il olacağını qeyd edib. Nazir Özbəkistanın nümayəndə heyətini “ŞuşaTürk Dünyasının Mədəniyyət Paytaxtı – 2023” ili çərçivəsində keçiriləcək bütün tədbirlərdə iştirak etməyə dəvət edib.

Ozodbek Nazarbekov görüş üçün təşəkkür edərək, dost ölkələr olan Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı anlaşmanın bundan sonra da davam etdiriləcəyinə əminliyini, mədəni əlaqələrin daha da möhkəmlənməsinə dəstək göstərməyə hazır olduğunu bildirib. Özbəkistan naziri mədəniyyətimizdə, xüsusilə muğam sənətimizdə ortaq ünsürlərin çox olduğunu vurğulayaraq, bu sahədə mübadilə proqramlarının hazırlanmasını, tələbələrin iki ölkənin ali təhsil ocaqlarında təhsil alması ilə bərabər, qarşılıqlı layihələrin reallaşdırılmasında iştirakının da nəzərdən keçirilməsini təklif edib.

Anar Kərimov bu təklifi yüksək qiymətləndirərək, məsələyə baxılacağını bildirib. Eyni zamanda bu ilin sonunadək Azərbaycanda Özbəkistanın mədəniyyət günlərinin təşkili ilə bağlı hazırlıq işlərinin görüldüyü, tarix və proqramın müəyyənləşdirilməsi ilə bağlı razılaşdırılmaların aparıldığı diqqətə çatdırılıb. Mədəniyyət günlərinin Bakı və Gəncə şəhərlərində təşkili təklif olunub. Anar Kərimov mədəniyyət günlərində folklor, estrada qruplarının iştirakını, qarşılıqlı kino günlərinin, universitetlərdə tələbələr arasında görüşlərin təşkilinin nəzərdən keçirilməsini, eyni zamanda növbəti illərdə birgə film istehsalının artırılması istiqamətində işlərin davam etdirilməsini təklif edib.

 

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.3.