Daim zirvələrdə dalğalan, bayrağım!

 

Prezident İlham Əliyevin 2009-cu il 18 noyabr tarixli sərəncamı ilə 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Əlamətdar gün münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilib.

Masallı RMİ Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Yenilməz Azərbaycan bayrağı” adlı tədbir təşkil olunub. Mərkəzdə təşkil olunan sərgidə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar yer alıb.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 6 saylı gənclər kitabxana filialı “Bayrağım dalğalanan yurd, mənim canım Vətənimdir!” başlığı altında tədbir keçirib. Şagirdlər bayrağımız və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Goranboy rayon Uşaq kitabxanası Birinci Qarabağ müharibəsi şəhidi Elxan Süleymanovun adını daşıyan sinif otağında “Daim zirvələrdə ol, bayrağım!” adlı tədbir təşkil edib. Hərbi geyimli məktəblilər tərəfindən eyniadlı kompozisiya təqdim olunub.

***

Sabirabad RMİ Şirvan şəhər Heydər Əliyev Mərkəzinin kollektivi Fövqəladə Hallar Nazirliyi Mülkü Müdafiə Qoşunlarının Şirvan şəhər N saylı hərbi hissəsini ziyarət edib. Qonaqlara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən eksponatlar haqqında məlumat verilib.

***

Bərdə RMİ Yevlax şəhər Mədəniyyət Mərkəzi, şəhər İcra Hakimiyyəti, Gənclərin İnkişafKaryera Mərkəzi (GİKM) Yevlax nümayəndəliyinin təşkilatçılığı ilə “Bayrağımız qürur mənbəyimizdir!” adlı tədbir keçirilib. Yevlax şəhər Mədəniyyət Mərkəzi solistlərinin səsləndirdiyi musiqi nömrələri, rəqslər və ədəbi-bədii kompozisiya tamaşaçılarda bayram əhval-ruhiyyəsi yaradıb.

***

Ağstafa RMİ Ağstafa Dövlət Rəsm Qalereyasının kollektivi və rəsm dərnəyi üzvləri şəhərdəki Bayraq meydanını ziyarət ediblər.

Tovuz rayon Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzi və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Ay-ulduzlu milli vəsiqəmsən, üçrəngli səcdəgahım!” adlı musiqili tədbir keçirilib.

***

Şəki RMİ Şəki 2 nömrəli Uşaq musiqi məktəbinin kollektivi Dövlət Bayrağı Günü münasibətilə konsert təşkil edib. Vətənsevərlik ruhlu musiqilər alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2022.- 11 noyabr.- S.4.