“Yadıma düşdü...”

 

Xalq artisti Məmmədbağır Bağırzadənin xatirə gecəsi

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 10-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni, Xalq artisti Məmmədbağır Bağırzadənin (1950-2005) xatirə gecəsi keçirildi.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq sənətkarın həyat və sənət yolundan danışdı. Qeyd etdi ki, Məmmədbağır Bağırzadə Bakının Nardaran kəndində anadan olub. Sənətə el şənliklərindən gəlib. Xalq və bəstəkar mahnılarının gözəl ifaçısı olan sənətkar, həm də ürəyəyatan mahnıların bəstəkarı kimi tanınıb. “Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”, “Qaldı dağlarda” və s. mahnıları özünün ifasında könülləri oxşayıb. M.Bağırzadə daha çox şairə Zivər Ağayeva və tanınmış bəstəkar Ələkbər Tağıyevlə yaradıcılıq əlaqələri qurub.

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı mərhum müğənninin sənət yolundan danışdı. Diqqətə çatdırdı ki, sənətkar ifaçılıq fəaliyyəti dövründə klassik, həm də müasir bəstəkarların əsərlərinə müraciət edib. Onun ifasında 200-dən çox mahnı, təsnif və muğam dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Tarzən, Xalq artisti Ramiz Quliyev çıxışında görkəmli sənətkarla bağlı xatirələrini dilə gətirdi. Bildirdi ki, Ələkbər Tağıyev həmişə yaradıcı gənclərə qayğı ilə yanaşardı. Onların sənətdə irəliləməsi və tanınması üçün səy göstərərdi. M.Bağırzadəni də sənətə gətirən, yaradıcılığında xüsusi rolu olan məhz bəstəkar Ələkbər Tağıyevdir.

Tədbirdə daha sonra Xalq artistləri Ağasəlim Abdullayev, Zaur Rzayev, Əməkdar incəsənət xadimləri Nazim Kazımov, Çingiz Abbasov, tanınmış müğənni Manaf Ağayev, Nardaran kənd ağsaqqalı Hacı Ağası və başqaları çıxışlarında görkəmli müğənni haqqında xatirələrini bölüşdülər. Qeyd olundu ki, M.Bağırzadə ifa etdiyi mahnılarda əbədi ömür qazanıb. Onun nəğmələri bu gün də müğənnilərin repertuarında yerini alır.

Sonra sənətkarın oğlu Rahim Bağırzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.

Sonda qonaqlar R.Bağırzadənin muzeyə hədiyyə etdiyi atasına məxsus bəzi əşyalar, qaval və fotoşəkillərdən ibarət sərgi ilə tanış oldular.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2022.- 16 noyabr.- S.6.